SON XƏBƏR

Tərtərli sahibkar: İlham Əliyevdən xahiş edirəm, bizi Müstəqim Məmmədovun əsarətindən qurtarsın

Yanvar 13
17:42 2021
"Sahəmə 160 dənə mərmi düşüb, bunlar hesablayırlar ki, guya 4 min manat ziyan dəyib”

Tərtər rayonu, Əskipara kənd sakini, sahibkar Babək Sadıqov Yolçu oğluna məxsus qarğıdalı əkin sahəsinə İkinci Qarabağ Müharibəsi zamanı xeyli ziyan dəyib.
Zərərçəkən Meydan TV-yə bildirib ki, ümumilikdə 80 hektar ərazinin əlli doqquzunun məhsulunu götürə bilib. Sahibkar deyir ki, ona dəyən ziyanın ümumi dəyəri 50 min manata yaxındır:

"2016-cı ildən sahibkarlıqla məşğulam. Fəaliyyətim də kənd təsərrüfatıdır. Qarğıdalı əkməkdə məqsədim dənini yığandan sonra gövdəsindən kip bağlatdırmaq idi. Hesablamışdım, bir hektardan 700-800 manat pul çıxırdı. Bu da qarğıdalıya çəkdiyim xərcin 40 faizini ödəyirdi. Ərazinin 59 faizini biçib götürmüşdüm. Müharibə başladı, qalan ərazini biçə bilmədim. 55 gündən sonra biçin aparanda isə həmin yerdən otuz faiz məhsul çıxdı. Əslində isə 120 ton qarğıdalı götürməli idim. Onu da deyim ki, həmin ərazidə ən çox zərərçəkən sahibkar mənəm. Çünki digərləri taxılı, arpanı biçmişdilər, məhsullarını götürmüşdülər”.

Prezident İlham Əliyev 2020-ci il noyabrın 6-da sərəncam imzalayıb. Sərəncamda sentyabrın 27-dən etibarən Ermənistanla-Azərbaycan arasındakı hərbi münaqişə zəminində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə əlaqədar tədbirlər görülməsi üçün Dövlət Komissiyası yaradılıb. Babək Sadıqov deyir ki, Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dövlət komissiyasının Tərtər rayonu üzrə İşçi Qrupunun işinə müdaxilə edir:



Babək Sadıqov

"Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Arif Behbudov 2020-ci il oktyabrın 10-da mənə aid olan əraziyə baxış keçirib. Sahənin hansı vəziyyətdə olduğunu görüb. Bunu əks etdirən fotolar da var. Sahəmə 160 dənə mərmi düşüb. Atılan "Smerç” raketi isə havada zərərsizləşdirilib, qalıqları sahəyə düşüb. Bunlar necə hesablayıblarsa, guya mənə dəyən ziyan 11 tondur, bu da 4 min manat edir. Bu işdə icra başçısı Müstəqim Məmmədovun birbaşa əli, göstərişi var. Bu adam illərdir mənimlə ədavət aparır. Mənim 15 min kip presim, 120 ton da qarğıdalım batıb. Bunun əvəzində isə mənə dörd min manat yazıblar. Ölkə başçısı deyir ki, sahibkarlara kömək edin, bunlar bizə zülm edir. Xahiş edirəm ki, Əskipara kəndindəki haqsızlıqlar araşdırılsın. Görsünlər ki, dövlət büdcəsindən ayrılan pullar kimlərə gedir. İnsanlar necə zülm çəkir. Mənə dəyən ziyan yenidən qiymətləndirilməsə, özümü yandıracağam. Gəlib sənədlərə, şəkillərə, videolara baxsınlar görək mənə dəyən ziyan dörd min manatdır? Bu, ədalətli qərardır? Pandemiyadır, şikayətçiləri qəbul etmirsən, başa düşdük, komissiya göndər, sahəmə baxsın. Düz 20 gün ard-arda zəng etdim, heç bir nəticəsi olmadı. Müstəqim Məmmədov Tərtərə gələn gündən bizə zülm edir, haqqını tələb edən insanlara təzyiq göstərir. Tərtəri işğal edib, böyük obyektlərin sahibi özüdür. Bu adam prezidentin apardığı siyasətə xəyanət edir”.

Şikayətçinin sözlərinə görə, kənd camaatının 150 hektar örüş torpağı olduğu halda onların istifadəsinə verilməyib. Həmçinin Gənclərin İnkişaf Fondunun ayırdığı torpaq sahələri də mənimsənilib:
 


"Qarğıdalı əkməkdə məqsədim dənini yığandan sonra gövdəsindən kip bağlatdırmaq idi"

"Beş ildir ki, kəndə bələdiyyə təyin olunmur ki, birdən camaat örüş toraqlarını tələb edər. Camaat yonca presini 5 manat 50 qəpikdən alır. Heyvanın balasını satır, anansını saxlayırlar ki, görək, bu problem nə vaxt həll olunacaq. Gənclərin İnkişaf Fondunun on hektarında Müstəqim Məmmədov pambıq sahəsi saldırıb. Halbuki, həmin torpaqlar dövlət tərəfindən yeni ailə quranlar üçün nəzərdə tutulub. Bələdiyyə torpaqları hərracsız, heç bir sənədsiz beş ildir satılır, pulu da ona gedir. Bunlar Heydər Əliyevin apardığı islahata xəyanət ediblər. Prezident İlham Əliyev deyir ki, örüş torpaqları satılmamalıdır. Bunlar örüş torpaqlarını 200-300 manatdan satırlar. Mənim də 25 adamdan aldığım 7 hektar 92 sot pay torpağını dəyişiblər. Əskipara kəndində 200 hektar yararlı yeri qoyub, vətəndaşlardan aldığım torpaqları aparıb salıblar daşlı-qayalı bir yararsız yerə, hansı ki, orada əkin-biçin mümkün deyil. Fövqəladə Hallar Nazirliyinin Tərtər Rayon İcra Hakimiyyətindəki nümayəndəsi torpağa baxdı, akt yazdı ki, həqiqətən də bu torpaq əkinə yararsızdır. Müstəqim Məmmədov özü də gəldi baxdı ki, həqiqətən də torpaq yararsız vəziyyətdədir. Deyirəm ki, Əskiparada kifayət qədər yararlı torpaqlar var. Mənə yararlı torpaq verin, məhəl qoyan yoxdur”.
 


"Beş ildir ki, kəndə bələdiyyə təyin olunmur ki, birdən camaat örüş toraqlarını tələb edər".

"Mən kənd camaatı ilə birgə məsələ qaldırıb, haqqımızı tələb edəndən sonra icra başçısı Müstəqim Məmmədov mənimlə düşmən olub”, - şikayətçi deyir:
"İlham Əliyevdən xahiş edirəm, bizi Müstəqim Məmmədovun əsarətindən qurtarsın. Neçə illərdir, müraciət edirik, heç bir qurum bizim işimizə baxmır, dərdimizi sizə çatdırmır. Hər yerdə mənə təzyiq edir. Məmurların 90 faizi onun sözünü deyir. Müstəqim Məmmədovun apardığı siyasət budur. Xalqı prezidentdən narazı salır. Prezident deyir ki, haqsızlıq olanda mənə deyin. Biz harasa şikayət edəndə, bunlar deyir ki, haqqını niyə tələb edirsən? Sus otur, danışma. Rəsmi müraciət edirəm, cavab vermirlər”.



Texniki Baxış Aktı

Tərtər Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorundan Meydan TV-yə hazırda qurum rəhbərliyinin dağıntılarla bağlı ərazilərdə olduğu bilirilib:
"Maliyyə Nazirliyindən tapşırıq var, evləri dağılan vətəndaşlarla görüş keçirilir. Rəhbərliyin idarəyə nə vaxt gələcəyi bəlli deyil. Çünki şikayət edənlərin sayı hədsiz çoxdur”.

Tərtər rayonu üzrə İşçi Qrupunun rəhbəri Qubad İbadovla əlaqə saxlamaq mümkün olmayıb.
 


Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Arif Behbudov isə Meydan TV-nin suallarını cavablandırmayıb.
 
Mənbə: Meydan.tv
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook