Tərtərdə bomba düşən evlər niyə təmir olunmur?
Avqust 09
11:39
2021
Ötən ilin sentyabrın 27-də başlayan 44 günlük müharibəsi zamanı Tərtər rayonunda xəsarət alan bəzi evlər hələ də təmir və bərpa edilmədiyini bildirilir.
Həmin evlərinin sahibləri Azadlıq Radiosuna bildirib ki, artıq aylardır keçməsinə baxmayaraq ya onların problemləri ilə məşğul olan yoxdur, ya da görülən iş yarımçıq qalıb.
İyunun 6-da Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi «Ermənistan Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri» ilə əlaqədar tender müsabiqəsi keçirib.
etender.gov.az saytıda yerləşdirilən məlumatlara əsasən ümumi dəyəri 17 milyon 936 min 25 manat 67 qəpik olan tender müsabiqələrinin qalibi 6 şirkət olub. Bu şirkətlər Gəncə, Tərtər, Füzuli, Naftalan, Ağcabədi, Goranboy, Beyləqan, Mingəçevir, Ağdam və Bərdədə tikinti, təmir və bərpa işlərini görməlidir.
Tərtərdə dağılmış evlərinin təmir və bərpası ilə 3 şirkət məşğul olmalıdır «AZ-Caspian Construction» MMC (VÖEN- 1200409991) - 1 milyon 368 min 546 manat 83 qəpik, «Real-İnşaat» MMC (VÖEN-3400157541) – 5 milyon 454 min 248 manat 45 qəpik və «Az Graft Construction» MMC (VÖEN- 6200389011) – 2 milyon 244 min 369 manat 29 qəpik ayrılıb.
Etender.gov.az saytında qeyd olunub ki, bundan əvvəl də - aprel ayında eyni məqsədlə 22 milyon 810 min manatlıq müqavilələr imzalanıb. Həmin vəsaitdən Tərtərdə evlərin bərpası və təmiri ilə məşğul olan «Real-İnşaat» MMC-yə 5 milyon 671 min 57 manat, «Az Graft Construction» MMC-yə 3 milyon 387 min 525 manat vəsait ayrılıb.
Tərtər şəhər sakini Hikmət Rəsulov bildirib ki, müharibə zamanı evinə 2 mərmi düşüb. Nəticədə isə ev yanıb. «Üstündən 10 ay keçib, evimizə yaxın duran yoxdur.
Müracət etmədiyimiz, getmədiyimiz qurum qalmadı. Gəliblər evi söküblər sonra elə sökülmüş, yanmış evinin «kubikini», sementi yığıblar həyətin içinə çıxıb gediblər. Qabaqdan qış gəlir, belə olmaz axı».
Tərtər şəhərinin digər sakini Şahin Əliyev də deyir ki, evi müharibə zamanı xəsarət alıb. «Neçə vaxtdır bizi itirib axtaran olmayıb. Özüm Fövqəladə Hallar Nazirliyinə şikayət edəndən sonra iyulun 2-də gəlib evimizə baxıblar və ayın 11-də təmirə başlayıblar. Yarım kub qum töküblər həyətə, pəncərələrimi, damın şiferini söküblər, 3 gün işləyib çıxıb gediblər. Şirkətin adını bilmirik heç, demədilər».
Əliyev qeyd edib ki, oğlu 44 günlük müharibənin iştirakçısıdır və qanuna görə onların evi növbədənkənar təmir olunmalıdır. «Mənə isə dedilər ki, bizim üçün fərqi yoxdur».
Tərtər rayonundan keçmiş deputatlığa namizəd Şəhriyar Məcidzadə də bildirib ki, rayon sakinlərin yarısı dağıdılmış, xəsarət almış evlər təmir edilmədiyindən şikayət edirlər. «Özüm gedib baxmışam. Elə mənzərə görmüşəm ki, ev ümumiyyətlə yoxdur, tikinti daşlarını ayırıblar. Bu nə olduğunu soruşanda deyiblər ki, dağıdılmış evlərin «kubikləridir», onları da tikinti üçün ayrılmış materiallarına əlavə edib təmir edəcəklər».
Məcidzadə qeyd edib ki, tikinti şirkətləri vətəndaşlara heç bir akt təqdim etmirlər, gətirdikləri tikinti materiallarını təhvil verəndə belə heç bir sənədə qol çəkdirmirlər. «Şirkətin adını belə demirlər, vətəndaşlara telefon nömrələrini belə vermirlər».
O qeyd edib ki, vətəndaşlar şikayətlə həmin şirkətlərə gedəndə bildirirlər ku, vəsait hələ ki, köçürülməyib. «Bu cəfəngiyyatdır. Çünki digər rayonlarda evlərin artıq tavanı vurulub. Amma burada evlərinə heç bir qurum girməyən insanlar var».
İqtisadçı Aydın Allahverdi Turana bildirib ki, aprel ayında milyonlarla manat dəyəri olan tender müsabiqəsi cəmi bir həftə ərzində yekunlaşdırılıb. «Bu cür böyük layihə üçün «Açıq tender» keçirmək əvəzinə, martın 29-da «Təkliflər sorğusu» elan olunub. Sənəd qəbulu 2 gün sonra başlayıb və aprelin 2-də başa çatıb. Üstəlik elan rəsmi qəzetlərdə sənəd qəbulunun başladığı gün yerləşdirilib. Bu cür böyük müsabiqəni bir həftəyə necə yekunlaşdırmaq olar?».
Ekspertin sözlərinə görə, «Dövlət Satınalmaları haqqında» Qanunun 6.2.5-ci maddəsində qeyd olunur ki, vergi borcu olan şirkətlər tender müsabiqələrində iştirak edə bilməzlər. «Amma aprel ayında «Az Graft Construction» MMC-nin 31 min, «Real-İnşaat» MMC-nin 8 min, «PARLAQ-N» MMC-nin isə 191 min manat vergi borcu olmasına baxmayaraq milyonlarla manat dəyəri olan tender müsabiqələrində qalib elan ediliblər».
O, qeyd edib ki, şirkətlərin bir çoxunun normal veb-saytı, sosial şəbəkə hesabları belə mövcud deyil, nizamnamı kapitalı 20 manat olan «Real-İnşaat» şirkətinə isə 5,7 milyon manat vəsait ayrılıb.
Məsələ ilə bağlı Tərtər rayon İcra Hakimiyyətindən Turana bildirilib ki, qurum rayonda xəsarət alan evlərinin bərpası və təmiri ilə məşğul olmur. «Həmin işlə Arxitektura və Şəhərsalma Komitəsi və tenderi udan şirkətlər məşğuldur».
Tenderi udan şirkətlərdən isə münasibət öyrənmək mümkün olmayıb.