SON XƏBƏR

“Tərtər işi” qurbanlarını “vətən xaini” adlandıran bloger ordudan yazdığına görə həbs olundu

İyul 28
03:39 2022
Sayt rəhbərləri və "Facebook” istifadəçilərinə xəbərdarlıq olunub

Baş Prokurorluq sosial şəbəkələrdə orduda baş verən hadisələrlə bağlı paylaşım edən şəxslərə xəbərdarlıq edib. Qurumun yaydığı məlumatda deyilir ki, "jamaz.info” saytının rəhbəri Fikrət İbişbəyli (Fərəməzoğlu), "miq.az” saytının rəhbəri Aqil Alışov Baş Prokurorluğa çağırılıb, onlara xəbərdarlıq olunub.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatdan aydın olur ki, eyni səbəblə xəbərdarlıq edilənlər arasında Şirvan şəhər sakini Elçin İsmayıl, Lənkəran rayon sakini Əli Cabbarlı və Xaçmaz sakini Nuranə Fətəliyeva da var.

"Son günlər bəzi sosial media istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirmək, vətəndaşlar arasında süni ajiotaj yaratmaq, dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədilə həqiqətə uyğun olmayan informasiyalar tirajlanıb. İctimai-siyasi sabitliyin, hüquq və azadlıqların pozulmasına yönələn halların qarşısının alınması üçün bu cür hərəkətlərə yol verən şəxslər Baş prokurorluğa dəvət olunub. Onların barələrində prokuror təsir tədbirləri görülüb”.

Hərbi bloger kimi tanınan Tofiq Şahmuradov isə ordu ilə bağlı yazılarına görə həbs olunub. İyulun 27-də Nizami Rayon Məhkəməsinin qərarıyla ona 30 sutka inzibati həbs cəzası verilib. Tofiq Şahmuradov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (yayılması qadağan edilən informasiyanın internetdə yerləşdirilməsi) maddəsilə ittiham olunub. Tofiq Şahmuradov haqqında inzibati xətaya dair icraat prokurorluqda başlanıb. Ardınca o, Nizami Rayon Məhkəməsinə aparılaraq, hakim qarşısına çıxarılıb və həbs qərarı verilib.

Tofiq Şahmuradov bir gün öncə "Facebook” hesabından belə bir yazı paylaşmışdı:

"General vəzifəsində oturub, ordu quruculuğu ilə məşğul olmaq əvəzinə, iş-gücü Goranda heyvan çütləşdirmək,doğuzdurmaq olanlar var. Onların əməlləri aşkarlanıb, İnşallah lazımi orqanlar öhdələrinə düşən tədbirləri görəcəklər.

Şəhid haqqında danışdıqlarınızı, danışdırdıqlarınızı sizə keçən deyiləm, biləsiz…”

Tofiq Şahmuradovun orduyla bağlı paylaşımları ictimaiyyətdə birmənalı qarşılanmır. Onun ümumilikdə ordunun içindəki problemləri deyil, ayrı-ayrı məmurların diktəsilə tənqidi paylaşımlar etdiyi haqda fikirlər var. Belə ki, Tofiq Şahmuradov "Tərtər qətliamı” kimi tanınan hadisələrə haqq qazandıraraq, həbs olunub işgəncəyə məruz qaldığını deyən, öldürülən hərbçiləri "vətən xainləri” kimi qələmə verib.

O, həmçinin Tərtər hadisələrini araşdıran jurnalistləri də hədəfə almaqla ictimaiyyəti çaşdırmağa çalışan məlumatlar paylaşması ilə də tanınır.

Ancaq indiyədək o, bu paylaşımlarına görə nə xəbərdarlıq alıb, nə də cəzalandırılıb.
 
"Tərtər işi” üzrə 2021-ci ilin dekabrında yenidən istintaq araşdırmaları başlayandan sonra işgəncə və başqa qanunsuz hərəkətlərə məruz qalmış 280 nəfər zərərçəkmiş qismində tanınıb. Əvvəlki dövrdə zərərçəkmiş kimi cəlb olunanlarla birlikdə hazırda ümumilikdə 397 nəfər zərərçəkmiş var.(meydan.tv)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook