Ötən il Bakıda keçirilən Zəfər paradı ordumuzun düşmən üzərində Qələbəsinin möhtəşəm təntənəsi idi
Dekabr 11
18:03
2021
Ötən il dekabrın 10-da Azərbaycan paytaxtının baş meydanında keçirilən Zəfər paradı Qarabağda aparılan qalibiyyətli Vətən müharibəsi ilə tariximizə yazılan Zəfər salnaməsidir. Bu Parad Prezident İlham Əliyevin düşmən ölkə rəhbərinin təxribat xarakterli çıxışına cavab olaraq səsləndirdiyi "Qarabağ Azərbaycandır!” ifadəsinin sonundakı nida işarəsi idi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
O qeyd edib ki, yaşadığımız zəfər təntənəsi, təəssüf ki, müharibələrlə bağlı acı xatirələri də yaşadır.
Tarixdə çox haqlı-haqsız, ədalətli və ya ədalətsiz müharibələr olub. İnsan itkisi, torpaq itkisi, sərvət itkisi düşmənə nifrəti gücləndirir və bir müharibə başa çatmamış insanları yeni müharibəyə körükləyir.
Qazananlar qənimətlərini əllərində saxlamaq, məğlub olanlar isə itirdiklərini bərpa etmək üçün yenidən savaşmalı olurdular. Bugünkü müharibələrin məqsədi, qaydaları və nəticələri çox fərqlidir. Amma ibtidai dünyanın müharibələrini müşayiət edən və hər iki tərəfin nəsibi olan ölüm, məhrumiyyət və itkilər müasir müharibələrin də ayrılmaz atributları olaraq qalmaqdadır.
"Lakin yeganə bir fərq var – tərəflərdən yalnız birinə nəsib olan Zəfər xoşbəxtliyi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən 30 il sonra bu sevincin və xoşbəxtliyin sahibi xalqımız oldu. Bir il əvvəl ölkənin Azadlıq meydanında keçirilən Zəfər paradı qalib Ordumuzun düşmən üzərində tam və birdəfəlik Qələbəsinin möhtəşəm təntənəsi oldu. Bu Zəfər paradı ümumxalq həmrəyliyimizin təcəssümü və düşmənə qarşı yumruq kimi birləşmiş bir xalqın müqəddəs Vətən sevgisinin təzahürü idi”, - deyə Cavanşir Feyziyev vurğulayıb.



