Təhsil eksperti Kamran Əsədov cinayət məsuliyyətinə cəlb edildi
Dekabr 12
21:19
2025
Tanınmış təhsil eksperti Kamran Əsədov cinayət məsuliyyətinə cəlb edilib.
Qlobal.az qafqazinfo-ya istinadən xəbər verir ki, ekspert tanışı Gündüz Abbasovla birlikdə qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə hallarına görə ittiham olunur.
İttiham ondan ibarətdir ki, K.Əsədov və G.Abbasov cinayət əlaqəsinə girərək qanunsuz texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara kömək ediblər.
Daha sonra həmin avadanlıqlar hazır vəziyyətdə Gəncə və Bakı şəhərlərində keçirilən buraxılış və ali məktəblərə qəbul imtahanlarında asanlıqla nəticə əldə etmək istəyən müxtəlif şəxslərə verilib.
Qurğular isə imtahanda iştirak edənlərin ayaqqabılarında gizlədilib. Bunun üçün əvvəlcə ayaqqabıların altı kəsilərək boşluq yaradılıb və texniki vasitələr həmin yerə yerləşdirilib. Daha sonra imtahan iştirakçılarına binanın tualetində qurğunu üzərlərinə yerləşdirərək sual vərəqini kamera ilə çəkmələri, ardınca qulaqlıq vasitəsilə cavabları gözləmələri izah edilib.
Kamran Əsədovla Gündüz Abbasova bu əməllərinə görə Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Hər iki maddə üzrə 3 ilədək həbs cəzası nəzərdə tutulur.
Hazırda cinayət işinə Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə baxılır. Bu gün keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərə hüquq və vəzifələri izah olunub və barələrində seçilmiş qətimkan tədbirlərinin dəyişdirilmədən saxlanılması qərara alınıb.
Əsas iclas dekabrın 15-də keçiriləcək.



