“Təhlükəsizlik qüvvələri Putindən Şoyqu və Gerasimovun istefaya göndərilməsini tələb edir” - KİV
Avqust 21
12:12
2023
Rusiya təhlükəsizlik qüvvələri Prezident Vladimir Putindən müdafiə naziri, ordu generalı Sergey Şoyqunu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovu istefaya göndərməyi tələb edir.
"Report” xəbər verir ki, bu barədə "Blomberg” Rusiya elitasındakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, məqsəd ölkədə tam səfərbərliyin elan edilməsidir.
Qeyd olunub ki, Rusiya elitasındakı müəyyən təbəqə V.Putinin "Vaqner” xüsusi hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin iyun ayındakı silahlı qiyam cəhdinə zəif cavab verməsindən narahat olub: "İndi tam səfərbərlik üçün Şoyqu və Gerasimovun istefası tələb olunur. Təhlükəsizlik qüvvələri daha aqressiv müharibəyə, o cümlədən tammiqyaslı səfərbərliyə və hərbi vəziyyətə keçidin bir hissəsi kimi Şoyqunu başqası ilə əvəz etmək istəyirlər”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Bu ilin iyun ayından Ukrayna ordusu cəbhə xəttində əks-hücum əməliyyatları həyata keçirir.