SON XƏBƏR

Təcili yardım ağır xəstəni xəstəxanaya aparmaqdan imtina etdi (VİDEO)

İyul 12
08:07 2024
Təcili yardım həkimi ağır vəziyyətdə olan vətəndaşı xəstəxanaya aparmaqdan imtina edib. Bu şikayətlə "Xəzər Xəbər”ə Cəfərovlar ailəsi müraciət edib. Onlar bildirib ki, onsuz da çağırışa gec gələn təcili yardım əməkdaşları gecə saat 2-də xəstə üçün göndəriş istəyib və onu xəstəxanaya aparmaqdan imtina ediblər.

Bakı sakini Ziya Cəfərov ağır şəkər xəstəsi olduğundan bir ayağı amputasiya olunub. Müayinələr zamanı qanında zəhərlənmə olduğu aşkarlanıb, böyrəklərinin tam işləmədiyi üzə çıxıb.

Evə çağırılan sahə həkimi müayinədən sonra xəstənin vəziyyətinin ağır olduğunu, təcili xəstəxanaya aparılmalı olduğunu deyib. Bundan sonra ailənin yaşadığı Balaxanı qəsəbəsi, Həsən Əliyev küçəsindəki mənzilə təcili tibbi yardım maşını çağırılıb. Çağırışa gələn həkim vətəndaşı xəstəxanaya aparmaq üçün göndəriş lazım olduğunu bildirib. 

Məsələyə münasibət bildirən TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bu halın yolverilməz olduğunu deyib. O bildirib ki, heç bir halda xəstədən göndəriş tələb oluna bilməz.

"Bu vəziyyət tərəfimizdən araşdırılacaq”, - deyə TƏBİB-in icraçı direktoru vurğulayıb. 

Onu da qeyd edək ki, "Xəzər Xəbər”in məsələyə müdaxiləsindən sonra vətəndaş Ziya Cəfərov xəstəxanaya aparılıb. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook