Tanınmış kriminalistdən MTN polkovnikinin intiharı ilə bağlı maraqlı -Şərh
Dekabr 31
11:54
2015
"İlqar Əliyevin saxlanma şəraiti düzgün olmayıb”
"Onun öldürülməsi ehtimalı da araşdırılması gərəkən məsələdir”
"Baş verənlərə görə İstintaq Təcridxanasının rəhbərliyi məsuliyyətə cəlb edilməlidir”
"MTN-dəki cinayətkar dəstənin ifşasında ölkə başçısının qətiyyəti inkaredilməzdir”
İctimai Tədqiqatlar Mərkəzinin rəhəri, politoloq-araşdırmaçı, hüquqşünas-kriminalist İlqar Altay Moderator.az-a açıqlamasında MTN-nin sabiq polkovniki İlqar Əliyevin Bakı İstintaq Təcridxanasındakı intiharı, bu intihar fonunda yaranan bir sıra məsələləri şərh edib.
Tanınmış kriminalist hər şeydən öncə İ.Əliyevin intiharının ciddi, dəqiq və ətraflı şəkildə araşdırılmasının zəruriliyinə toxunub:
"MTN-nin Antiterror Mərkəzinin rəhbərlərindən olan, polkovnik İlqar Əliyevin istintaq təcridxanasında qəfil ölümü ictimaiyyətdə dərin müəmma və həm də narahatçılıq yaradan hadisədir. Ona görə ki, söhbət öz qanunsuz əməlləri ilə dövlətə və cəmiyyətə misli görünməmiş ziyan vurmuş vacib dövlət təhlükəsizliyi strukturunda fəaliyyət göstərmiş cinayətkar bandanın əsas icraçı fiqurundan gedir. Bu itkinin özü ilə bir çox sirləri qaranlığa apara bilməsindən gedir. Ikincisi, bu ölümün tam istintaq nəzarətində olan təcridxana şəraitində və həm, ölümün özünün də suallarla dolu intihar səbəbindən baş verməsi müəmmasıdır.

İstər-istəməz insanlarda suallar yaranır ki, istintaq bu cür başladısa, bu işin sonrakı aqibəti nə olacaq? Proses hansı istiqamətdə və harayacan davam edəcək? Bu necə oldu, niyə oldu, kim təşkil etdi? Bu proses belə vasitələrlə yarımçıq qoyulacaqdısa, onda niyə başlanırdı? Təbii ki, cəmiyyətin, "artıq ölkəni məhvə aparan yaramaz məmurların ifşası başlandı!" kimi, yenicə düşünən vaxt bu hadisə ictimai şok təsiri verdi. Bu halda bu səpkili sual və müəmmalara aydınlıq gətirmək üçün məsələnin 4 əsas, tibbi-ekspertiza, kriminalistik-istintaq, hüquqi və ictimai tərəflərinə diqqət edək”.
İ.Altayın sözlərinə görə, İ.Əliyevin özünü mələfə ilə asması ilə bağlı verilən rəsmi məlumat bir sıra sualları aktuallaşdırır:
"İlk öncə, ekspertiza yanaşmasında rəsmi göstərilən özünü mələfə ilə asıb öldürmə məsələsində müəyyən suallar yaranır. Ümumiyyətlə, boğazdan asılma ilə olan ölümlərdə bilavasitə ölüm üç əsas səbəbdən baş verir.
Birincisi, qırtlaq nahiyyəsindəki sinir kələfinin ilgək vasitəsilə qəflətən kəskin sıxılmasıdır ki, mərkəzi sinir sistemini iflic edib ani ölüm gətirir. Bu, adətən boyun nahiyyəsinə sərt materiallı və çox qalın olmayan ilgək keçirilməsi və bədənin hündürlükdən bütün ağırlığı ilə aşağı atılması zamanı olur. Və adətən xüsusi edam metodu prosesində baş verir. Məsələn, Səddam Hüseynin, faşist liderlərinin Nürünberq edamında olduğu kimi. Hansı ki, təcridxana kamerası şəraitində bu mümkün deyil.
İkinci ölüm səbəbi, asılma zamanı boyunun sol və sağ kənarları ilə şaquli yuxarıya qalxan, içərisi yüksək təzyiqli arterial qanla dolu yuxu arteriyası damarların ilgəklə sıxılmasıdır. Bu damarlar ürəkdən, aortadan beyinə qıdalı qanı çatdırır. Bu damarların sıxılması baş beyində yaranan kəskin qan-qida çatışmazlığına və beyin iflicinə, oradan da huşun və həyatın beş-on saniyələr içində itirilməsinə gətirib çıxarır. Bunun üçün də, insan asılan ilgək kifayət qədər sərt materialdan olmalıdır, ayaqlar mütləq yerdən üzülməli, bədən ağırlığı tam boğaz nahiyyəsi üzərinə düşməlidir. Bu hal, bu səbəb MTN polkovnikinin ölümü şəraitinə uygun gələ də, gəlməyə də bilər.
Üçüncü ölüm səbəbi isə, sırf boğulmadır ki, ilgəyin boyun nahiyyəsini sıxması zamanı nəfəs borusu da sıxılır, ciyərlərə hava daxil olmur. Oksigen çatışmazlığından asfiksiya və oradan da ölüm baş verir. Bu cür ölüm nisbətən tədricən, bir neçə dəqiqə ərzində baş verir. Bunun üçün praktiki olaraq İ. Əliyevin saxlandığı, pəncərədən və mələfədən asılma imkanı yaradan kamera şəraiti uygun gələ bilər. Söyləndiyi kimi, pəncərə hündür olmadığı və ayaqların az da yerə toxunduğu halda praktikada ölüm baş verə bilər. Ancaq burada, boyunda kəskin sıxıntı yaradan sərt ipin təsiri olmalıdır. Ölümün yumşaq, enli material olan mələfədən asılma hesabına baş verməsi üçün isə, mütləq müəyyən hündürlük olması vacibdir. Yəni, ayaqların yerdən tam üzülməsi və bütün bədən çəkisinin ilgəyə və oradan da boyun nahiyyəsi üzərinə düşməsi vacibdir.
Bütün bunları dəqiq aydınlaşdırmaq, bilavasitə müayinə və müəyyən etmə imkanlı ixtisaslı məhkəmə-tibb ekspertlərinin üzərinə düşür. Ekspertlərin üzərinə o da düşür ki, meyit üzərində konkret xüsusi əlamətlərlə müəyyən etsinlər ki, ölüm kənardan əllə ilgəyin dartılması, yəni zorla bogulma səbəbindən baş verib və ya verməyib. Və meyitin üzərində sağ ikən qarşılıqlı mübarizə və ya işghəncə xarakterli xəsarət izləri, zorakılıq əlamətləri var, ya yoxdur. Və yekun ixtisaslı cavab-rəy onlardandır, həm istintaq, həm ictimaiyyət üçün”.
Hüquqşünasın qənaətincə, istintaq və prokurorluq İ.Əliyevlə bağlı məsələnin araşdırılmasında maraqlı olub:
"İ. Əliyevin təcridxanadakı intihar ölümünün kriminalistik-istintaq və həm də psixoloji tərəfi daha sərt suallar doğurur. Necə olub ki, cinayəti sübuta yetirilməmiş, istintaq altında, təqsirləndirilən qismində saxlanılan kifayət qədər yüksək qaygılı yaşam tərzi keçirmiş, yəni özünü qoruma instinkti yüksək olan şəxs belə tez, özünü öldürmə fikrinə düşüb? Bu çıxılmaz həddə onu əsasən törətdiyi ağır və böyük cinayətlərin açıq ortada olmaqla sübuta yetirilmə qaçılmazlığı və adekvat cəzasının sərtliyi və ağırlığı çatdıra bilərdi. Qaldı ki, ona təcridxanada özünü öldürməyə çatdırma dərəcəsində işgəncələr verilməsi və yaxud, intihara şərait yaradılması, bu, az güman doğuran variantdır. Ən azı ona görə ki, istintaq və prokurorluğun marağındadır ki, açılması o qədər də çətin olmayan bu səs-küylü cinayət məhkəmədə öz mühakimə əksini tapsın”.

İ.Altayın bildirdiyinə görə, MTN polkovnikinin intihar etdiyi zaman onun kamera yoldaşının telefonla danışmağa getməsi də şübhə və qəribəlik doğuran məsələlərdən biridir:
"Kriminalistika baxımından burada bir sıra başqa suallar da var. MTN polkovnikinin məhz psixoloji və fiziki baxımdan intihara hazır olduğu vaxt onun kamera yoldaşının telefonla danışmağa getməsi. Və ya, İ. Əliyevin məhz bunu bilib, intihara hazırlaşması. Belə bir, xüsusi vacib dustağın saxlanma kamerasının və özünün daimi nəzarət altında olmaması. Asılma alətinə çevrilməyə qadir mələfə ilə təmin edilməsinin nəzərə alınmaması. Xüsusi dövlət və istintaq sirri mənbəyi olan bir nömrəli vacib dustağın təkadamlıq kamerada saxlanmaması. Hətta, aidiyyətsiz cinayət və uyğunsuz səviyyəli dustaqla kamera yoldaşı edilməsi. Kamera yoldaşının da qısa müddət sonra intihar etməsi.
Təbii ki, qanunauygun olaraq bu intiharla bağlı yeni bir cinayət işi açılıb ayrıca istintaq araşdırması aparılacaq. Göstərilən suallar aydınlaşdırılıb bu məsələdə ölümün intihar və ya intihar həddinə çatdırma və yaxud, buna məcbur etmə və yaxud da, qəsdən ilgəyə keçirib insanı öldürmə nəticəsində baş verməsi aydınlaşdırılmalıdır. Və istintaq bu məsələdə istintaq sirrini qorumaqla ortaq bir məxrəc tapıb, mümkün qədər cəmiyyəti narahat edən bəzi məqamları ictimailəşdirməlidir. Bu qızıl ortanın tapılması zəhmətinə varılmamasına görə yüz minlərlə vətəndaşımızda boş yerdən şübhə yaranmasına yol verməməlidir.
Məsələyə hüquqi-inzibati yanaşmada, bu intiharın baş verməsi şəraiti və imkanında penitensiar xidmətin günahı danılmazdır. Hüquqi dövlətdə hər bir dövlət strukturunun iş və fəaliyyət prinsipi, üzərindəki vəzifə və məsuliyyəti qanunvericilikdə konkret olaraq göstərilir. Təhsil, səhiyyə və sosial kimi humanitar sahələr də bu normalarla fəaliyyət göstərir və bir xəstənin və ya bir şagirdin ölümü böyük məsuliyyət yaradır. Penitensiar xidmət isə cinayətkar və cinayətkarlığa təqsirliləri əhatə etdiyi üçün ən sərt rejimli və ən çox intizam tələb edən sahədir.
Xüsusilə də, məhkumların yerləşdiyi zonlardan fərqli olaraq, istintaq təcridxanalarında diqqət birə beş qat artıq olmalıdır. Çünki buradakı ölüm özü ilə insan həyatından başqa, vacib istintaq sirrini və həm də ədalət mühakiməsi imkanını aparır. "MTN bandası”nın əsas fiqurunun ölümündə isə, bu itki bu baxımdan dövlətçilik və ictimai təhlükəsizliyimiz üçün xüsusilə böyük itkidir. Buna görə də, istintaq təcridxanasının aidiyyətli əməkdaşları və rəhbərliyi və düşünürəm ki, daha yuxarı aidiyyətli rəhbərlik müvafiq qaydada məsuliyyətə cəlb edilməlidir”.
Hüquqşünasın fikrincə, MTN-dəki cinayətkar dəstənin ifşasında ölkə başçısının, onun iradə və qətiyyətinin rolu inkaredilməzdir:
"Nəhayət, İ. Əliyevin intiharına daha geniş ictimai yanaşmada, əsasən dövlət hakimiyyətinə ünvanlı bir sual-ittiham üzərində dayanaq. Hansını ki, ictimaiyyət içərisindən bəzi dairələr təkrar-təkrar bunu ortaya atırlar. Bəzi fikirlər irəli sürülür ki, keçmiş MTN zabitinin bu ölümü yuxarı dairələrin göstərişi və istintaq-məhkəmə gedişində onları qane etməyən sirlərin açılmaması məqsədilə ilə təşkil olunmuşdur. Ədalət naminə qeyd edək ki, bu fikirlər hec də əsaslı görünmür. Bu cür versiyalar həm hakimiyyətin müxalif opponentlərinin fürsətdən yararlanmaqla qurşaqdan aşağı zərbəsi kimi, həm də öz güzəranından və hökumətdən narazı qeyri-siyasi sıravi insanlarımızın hirsinin ifadəsinin təzahürü kimi görünür. Niyə?
Onu yaddan çıxarmayaq ki, milli və dövlət təhlükəsizliyi kimi ən mühüm vəzifə həvalə edilib, etimad göstərilmiş strukturun və onun rəhbərinin ifşası istənilən dövlət hakimiyyəti üçün arzuedilməzdir. Xüsusilə də, həmin strukturun rəhbərinin, yuxarı eşelonunun, generallarının həmin hakimiyyətin rəhbəri tərəfindən təyin edildiyi halda. Heç kim, heç bir hakimiyyət, xüsusilə indiki çətin qlobal siyasi və iqtisadi təlatümlü dövrdə bu başağrısı ilə, bu problemlə qarşılaşmaq istəməz, təbii ki. Ancaq, başda keçmiş MTN naziri Eldar Mahmudov olmaqla, onun cinayətkar komandasındakı generalların və zabitlərin ifşası və həm də bir çoxlarının həbsi heç şübhəsiz ki, dövlət başçısının, prezident İlham Əliyevin iradəsi, qətiyyəti və göstərişi olmadan həyata keçirilə bilməzdi. Bunu Azərbaycan reallığında hamı bilir.
Bu, əslində onun da sübutudur ki, illərlə MTN-in bir sıra rəhbərlərinin öz törətdikləri özbaşınalıqların guya dövlətin qorunub, möhkəmləndirilməsi üçün lazımlılığı və dövlət rəhbərliyinin tapşırığı ilə əlaqələndirməsi cəhdi absurd bir uydurma və fırıldaqçılıq imiş. Və bütün bu gösrtəricilər istintaq altındakı, MTN cinayətkar şəbəkəsinin baş icraçısı olmuş İlqar Əliyevin aradan götürülüb susdurulmasını yox, əksinə, məntiqlə onun da açmaları ilə bu şəbəkənin tamamilə ifşa edilib mühakimə edilməsi qətiyyətini şərtləndirir. Odur ki, bu müəmmalı ölüm hadisəsində siyasi-ictimai qərəz və hissiyyata qapılma yox, obyektiv və sağlam düşüncə, daha ixtisaslı yanaşma ortaya qoyulması, filrimizcə daha ədalətli olardı”.



