Tacikistan Prezidenti Qırğızıstanla sərhəd mübahisəsindən danışıb
Aprel 18
01:23
2022
"Tacikistan və Qırğızıstan sərhəd məsələlərini ancaq danışıqlar yolu ilə həll edə bilər".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Qırğızıstanla həmsərhəd İsfara şəhərinin rəhbərliyi və fəalları ilə görüşündə vurğulayıb.
Prezident qeyd edib ki, hökumət Qırğızıstanla dövlət sərhədinin demarkasiyası ilə bağlı danışıqların tezliklə aparılmasında maraqlıdır.
"Sərhəd-ərazi məsələlərinin həlli, dövlət sərhədinin koordinasiyası və demarkasiyası çox mürəkkəb prosesdir. Bu, mütəxəssislərdən çoxlu vaxt və səy tələb edir. Tacikistan qarşılıqlı razılıq əldə etmək üçün danışıqların tərəfdarıdır”, - Rəhmon bildirib.
Dövlət başçısı xatırladıb ki, Tacikistan tərəfi 2002-ci ildən iki ölkə arasında sərhədin delimitasiyası və demarkasiyası üzrə hökumətlərarası komissiya çərçivəsində Qırğızıstanla danışıqlar aparır.
Bundan əvvəl aprelin 5-dən 10-dək Düşənbədə ümumi dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Tacikistan və Qırğızıstan hökumət nümayəndə heyətlərinin topoqrafik işçi qruplarının növbəti görüşü keçirilib.



