“Üsyan etməyə haqqımız yoxdur"
Yanvar 27
00:06
2016
"İqtisadi böhran dünyada gedən bir prosessdir və bizə də zərərləri dəyib. Bəzi məmurlar özbaşınalıq etdi, Azərbaycanı dağıtmağa çalışdılar. Və elə həmin məmurların ucbatından bu proses bizdə daha dərin, daha pis gedir”.
Bunu Moderator.az-a açıqlamasında məşhur həkim Rəşid Mahmudov deyib.
O, məmur özbaşınalığını dilə gətirdiyinə görə haqsızlıqlara məruz qaldığını vurğulayıb: "Bir vətəndaş, ağsaqqal, müəllim olaraq hər zaman haqsızlığın əleyhinə olmuşam. Hələ xeyli əvvəl deyirdim ki, məmurlar özbaşınalıq edir, özbaşına məmurlar Azərbaycanı talayır, onların qarşısını almaq lazımdır. Mənim o zaman dediklərimi indi prezident də deyir, həmin məmurları ifşa edir. Dediklərimə görə məni incidirdilər, başıma oyun açırdılar, ancaq heç kəsdən qorxmadım, qorxmuram da, ölənə qədər də haqqı deyəcəyəm. Mən bir ziyalıyamsa, xalqımı, vətənimi sevirəmsə haqqı da deməliyəm, öldürsələr, məhv etsələr belə!”
Rəşid Mahmudov daha sonra vətəndaşları düşmən dəyirmanına su tökməməyə səsləyib: "Şükür Allaha ki, indi bizim dövlətimiz var, hərc-mərcliyi, məmur özbaşınalığını aradan qaldırmaq üçün tədbirlərə başlanılıb. Biz ac da, susuz da qala bilərik. Bilirsiniz ki, mən çox pis vəziyyətdə yaşayıram, amma ziyalıyam, dövlətimə və dövlətçiliyimə qarşı çıxmağa haqqım yoxdur, eləcə də digər ziyalıların. Ölkədə xalq nəzarəti yaradılmalıdır, hər məsələyə xalq nəzarət etməlidir, həmçinin dövləti qorumalıdır. Xarici dövlətlərin əli ölkəmizə qarşı tətikdədir, çünki bizdə enerji var. Bu vəziyyətdə dövlətimizə, xalqımıza kömək etməliyik, başqa cür mümkün deyil. Onlara rəvac versək hansısa dəyirmanlara su tökmüş olarıq. Haqqımız yoxdur üsyan etməyə, haqqımız var ki, dövlətimizi və dövlətçiliyimizi qoruyaq. Mən Gədəbəy rayonundanam və bizim rayonumuzun çox böyük əkin torpağı var. İnsanlar o qədər tənbəlləşib ki, rayonlardan şəhərlərə qaçırlar, kənddə əkin əkən yoxdur. Azərbaycan ən isti olan ölkədir, nəyə görə biz pomidoru başqa ölkələrdən almamlıyıq? Özü də geni dəyişdirilmiş pomidor, kartof və sairə meyvə-tərəvəzlər. Bunu əkib-becərmək olar axı! İnsanlara çağırış etmək, bütün bunları demək, başa salmaq lazımdır”.
Həkim sonda böhrandan çıxmaq üçün insanlara dəstək olacaq yeni komitə yaratdıqlarını bildirib: "Azərbaycanı bir tərəfdən məmurlar, bir tərəfdən də xarici qüvvələr məhv etmək istəyir. Biz indi bəzi məmurları, xairici qüvvələri yox, prezidenti dəstəkləməliyik ki, bu böhrandan asanlıqla çıxa bilək. Belə olmazsa ölkədə hərc-mərclik yaranacaq. Biz indi bir komitə yaratmışıq, Dövləti və Dövlətçiliyimizi Müdafiə Komitəsi və prezident də bundan xəbərdardır. Bütün rayonlardan bu komitəmizə qoşulanlar var. İki milyondan çox üzvü olan komitəmizi qeydiyyata aldırmağa hazırlaşırıq. Hər bir vətəndaşı komitəmizə qoşulmağa dəvət edirəm”.
Qlobal.az



