Şuşa teatrı 73 ildən sonra ilk dəfə Şuşada tamaşa nümayiş etdirəcək
İyun 28
12:43
2022
Şuşa Dövlət Musiqili Dram Teatrı 73 ildən sonra ilk dəfə Şuşada tamaşa nümayiş etdirəcək.
"Report” xəbər verir ki, teatr sabah-iyunun 29-da şəhərin Tut bağı adlanan ərazisində M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasını səhnəyə qoyacaq.
Tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.
Şuşa Dövlət Musiqili Dram Teatrı 1949-cu ilin əvvəllərində fəaliyyətini dayandırıb. Yerli həvəskarlar dram dərnəyində, daha sonralar Xalq teatrında fəaliyyətlərini davam etdiriblər.
Azərbaycan Nazirlər Kabineti 1990-cı il 11 may tarixində mədəniyyət ocağının bərpa olunması barədə qərar verib. Mədəniyyət Nazirliyi 1992-ci il mayın 25-də Şuşa Dövlət Musiqili Dram Teatrını bərpa edib.
1992-ci ilin mayın 8-də erməni quldurları Şuşa şəhərini işğal edəndən sonra teatr Bakıda - Gənc Tamaşaçılar Teatrının binasında məskunlaşıb. Teatr 1993-cu il fevralın 13-də Bakıda ilk tamaşası olan Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili əsərini səhnəyə qoyub.