Suriyada atəşkəs elan oluna bilər
Fevral 12
10:05
2016
"Suriyada atəşkəs münaqişə tərəflərinin razılığı alındıqdan bir həftə sonra elan olunacaq".
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Münhendə Suriyaya Beynəlxalq Dəstək Qrupunun iclasının yekununda keçirilən mətbuat konfransında ABŞ Dövlət katibi Con Kerri bəyan edib.
"Bütün tərəflər atəşkəsin əldə olunması istiqamətdə addımlar atmağa hazırdır. Bu qərar İŞİD və "Cəbhət ən-Nusra" kimi terror qruplaşmaları istisna olmaqla bütün münaqişə tərəflərini əhatə edəcək", - deyə Kerri vurğulayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə öz növbəsində bildirib ki, rəsmi Dəməşq ilə müxalifət arasındaki danışıqlar prosesi ən qısa müddət ərzində bərpa olunmalıdır.
Onun sözlərinə görə, BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Staffan de Misturanın vasitəçiliyi ilə təşkil olunan danışıqlarda heç bir ultimatum və şərt gündəmə gətirilməməlidir.
"BMT-nin Suriya ilə bağlı qətnamələrinə əməl olunmalı, qanunsuz neft ticarətinin qarşısı isə alınmalıdır", - deyə Lavrov əlavə edib.



