SON XƏBƏR

Sumqayıtlı qadın şahmatçı: “Gülağa Tənha ilə 1 il 6 ay evli qaldım”

Noyabr 04
01:46 2016
"Gülağa Tənhadan heç bir aliment tələb etməmişəm".

Xeberle.com xəbər verir ki, bu sözləri tanınmış qadın şahmatçı Zeynəb Məmmədyarova femida.az-a müsahibəsində deyib:

Həm şahmatçı, həm də bələdiyyə sədrinin müavini. İki iş bir yerdə çətin deyil?

Bu işlərin hər biri ayrılıqda çətindir. Həm professional şahmatda qala bilmək, həm də Sumqayıtlılara bələdiyyə vasitəsilə xidmət etmək çox gözəl bir duyğudur. Bu dövrdə bələdiyyənin işləri bir az çətindir. Ona görə də şahmata daha az vaxt ayırıram. Lakin mümkün qədər çalışıram ki, həm vətənimiz Azərbaycanı dünyada layiqincə təmsil edim, həm də bələdiyyə vasitəsilə xalqımıza əlimdən gələn xidməti göstərim. Bunun üçün də Bələdiyyə çox gözəl bir fürsətdir.

Ölkədə bələdiyyələrin fəaliyyəti ürəkaçan deyil. Sizcə, hansı islahatlar həyata keçirilməlidir?

Hesab edirəm ki, bələdiyyələrə yeni nəfəs lazımdır. Gənclərə daha çox yer vərilməlidir. Bələdiyyə verginin və torpağın üzərində qurulmuş orqandır. Vergidən isə qaçmaq olmaz. Dünyanın başqa ölkələrində olduğu kimi bələdiyyələrə maraq oyatmaq lazımdır. Bələdiyyə orqanları idman sahəsində də aktiv iştirak etməlidir. Turnirlər, yarışlar keçirməlidir. Bir dəfə türk ölkələri bələdiyyələrinin konfransında belə bir təklif irəli sürdüm və konfransda türk ölkələri bələdiyyə birliyinin başkan yardımçısı bu məsələyə müsbət yanaşdı və bu təklifin həyata keçməsinə razılıq vərdi. Lakin hələ də bu istiqamətdə bir işə başlamaq üçün bələdiyyələrimizin maddi vəziyyəti uyğun deyil.

Necə oldu ki, sizdə şahmata maraq yarandı?

Şahmata 10 yaşımda başlamışam. Beynəlxalq yarışlara isə çox gec qoşulmuşam. Hər gün 8-10 saat şahmatla məşğul olurduq. Hətta elə olurdu ki, qardaşımla yuxuda şahmat oynayırdıq. Yuxuda olsaq da, elə düşünürdük ki, bir-birimizi eşidirik. Səhər duranda heç nə yadımıza gəlmirdi. Ona görə deyirdim ki, bu yuxu deyildi.

Neçə övladınız var?

Üç övladım var. Böyük övladım Eltonun 10 yaşı var. Birinci həyat yoldaşım Gülağa Qəmbərovun (Tənha) oğludur. Digər oğlum Yusif və qızım Nursina isə 2-ci evliliyimdəndir.

Gülağa Tənha ilə ailə həyatınız nə qədər davam etdi?

Çox az. Təqribən 1 il 6 ay.

Gülağa Tənha ilə necə tanış oldunuz?

Gülağa Qəmbərov xeyriyyəçi idi. O, şahmatla bağlı xeyriyyə işi görmək istəyirdi. Müsahibələrinin birində demişdi ki, o, Məmmədyarovlar ailəsinə yardım etmək istəyir. Beləcə tanış olduq.

Uzun müddətdir ayrılmısınız. Övladınız üçün aliment alırsızmı?

Çox şükürlər olsun ki, bizim ailə şahmat dünyasında öz sözünü demiş və hörmət qazanmış bir ailədir. Bizim ailənin gəliri demək olar ki, şahmatla bağlıdır.Ancaq mütləq qeyd etməliyəm ki,ölkəmizdə idmana və idmançılara göstərilən yüksək qayğı nəticəsində möhtərəm Prezidentimiz İlham Əliyev bizi dəfələrlə qəbul edib və maddi, mənəvi dəstək olub. Maddi vəziyyətimiz qaneedicidir və mən Gülağa Tənhadan heç bir aliment tələb etməmişəm.

Elton kimin soyadını daşıyır?

Əlbəttə ki, atasının.

Atası üçün darıxır?

Elton sevgi və qayğı içində böyüyüb. Düşünürəm ki, mənəvi dünyası çox zəngin uşaqdır. Dərslərində də çox uğurludur. Lakin hər bir övlada ana nəvazişi ehtiyac olduğu kimi ata qayğısı da zəruridir. Çalışır, mənə hiss etdirməsin. Ara-sıra verdiyi suallar darıxdığının işarəsidir.

Yaxşı şahmatçı olmaq istedad, yoxsa zəhmət tələb edir?

Şahmat bir mübarizədir. Qədim insanların heyvanlarla mübarizəsi dövründə yaranmış idman növüdür. Şahmatçılar özləri də bilmədən siyasətlə məşğul olur. Bizim kimi qrossmeysterlərin gedişinin bir neçə mənası ola bilər. Yəni zehnimiz fərqli yolları axtarıb tapa bilir. Buna görə də istedad labüddür. Amma bu idman növü böyük zəhmət də tələb edir.

Qeyd etdiniz ki, prezidentlə görüşləriniz olub. Heç bu görüşlər zamanı şahmat oynamısınız?

Xeyr, oynamamışam. Amma görüşlərin birində prezident İlham Əliyevə şahmat hədiyyə etmişik. Prezident hər dəfə görüşəndə bizdən hal-əhval tutur. Hətta sentyabr ayının 27-də cənab Prezidentimiz İlham Əliyevin Sumqayıt səfərində yeni tikilmiş möhtəşəm şahmat məktəbinin açılışında görüşdük və o bizə üzünü tutub gülümsəyərək dedi ki, "Mən də sizin şəhərə gəldim". Mən isə cavabımda "Yolunuzu hər zaman gözləyirik” dedim. Çünki biz Prezidentimizlə hər zaman Bakıda görüşmüşdük. İlk dəfə idi ki, Sumqayıtda görüşürdük.

Şahmat rasional düşüncə tələb edən idman növüdür. Həmin insanlar üçün sevgi fərqli anlam daşıya bilər. Sizin üçün sevgi nə deməkdir?

Bir qadın olaraq mənim üçün övladlarıma olan sevgi hər şeydən üstündür. Xarakterli və iradəli insanam. Ətrafımdakı insanları özüm seçirəm. Mümkün qədər həyatımda uzun zaman qalmayacaq insanlardan tez zamanda uzaqlaşmağa üstünlük verirəm. Həyat bunu göstərir ki, bir-birindən dünya görüşü fərqli olan insanların bir arada qalması mümkün olmur. Zaman dəyərlidir və buna görə də belə insanlardan tez uzaqlaşmaq lazımdır.

Kişilər ağıllı qadınlarla yola gedə bilmirlər...

Bir kişinin yanındakı qadın o kişinin səviyyəsi deməkdir. Buna görə də seçim kişilərindir.

Şahmat dili ilə desək həyatınızın "şah”ı kimdir?

Atam. O, gecələri yatmazdı. Atamın üç tələbəsi olub, üçü də qrossmeysterdir. O insan qarşısında hədəf qoymuşdu ki, Azərbaycanda şahmat oyununu inkişaf etdirəcək. Biz məktəbə gedəndə ikirəqəmli ədədləri vura bilirdik. Təəssüf ki, hələ də atama bir məşqçi kimi ad verilməyib. Bu yaxınlarda bununla bağlı qardaşım Şəhriyar Məmmədyarov, bacım Türkan Məmmədyarova və öz adımdan cənab prezidentimizə müraciət etmişik.

Şahın üstünə piyada ilə getmək necə taktikadır?

Şahın üstünə piyada ilə getmək əla taktikadır. Həyatda piyada kimi doğuluruq. Hamımızın şah olmaq imkanımız var. Piyada doğulsam da, daim irəli getmək haqqında düşünürəm. Mən şahmatın sayəsində həyatımda nə vaxt hansı gedişləri etməyin vaxtını bilirəm. Əgər mənim piyadam yolun sonuna çatar və o vəziyyətdə mənə top lazım olarsa , mən piyadamı vəzirə deyil topa çevirirəm. Çünki, o vəziyyətdə piyada vəzirə çevrilərsə, rəqib şah mat olmayacaq və oyunu qazana bilməyəcəm.

Azərbaycanda ən yaxşı qadın şamhatçı kimdir?

Əlbəttə ki, mən (gülür)...

Bəs, Aynur Sofiyeva? Aynur xanımla şahmat oynamısınız? Oynasanız, kim qazanar?

Xeyr, oynamamışam. Oynasaq, zənnimcə mənim qalib gəlməyimə daha çox şans var (gülür). Çünki Aynur xanım uzun zamandır, şahmatdan uzaqlaşıb. Şahmat zehni oyundur və müəyyən zaman fasilədən sonra bu idman növü ilə məşğul olmaq çətinləşir. Aynur xanım yüksək insani keyfiyyətlərə sahib qadındır. Onun insanlığı, qadınlığı, analığı şahmatda əldə etdiyi nəticələrdən qat-qat yuxarıdır.

İstər şahmat, istərsə də digər idman növləri ilə məşğul olan şəxslər müəyyən uğur qazandıqdan sonra vəzifə tutmağa meyilli olurlar. Bu nədən qaynaqlanır?

Bu, bütün dünyada belədir. Məsələn, mənim müxtəlif ölkələrdən şahmatçı dostlarım var və onların biri Latviyada iqtisadiyyat naziri, digəri isə Serbiyada idman naziridir. Digərləridə müxtəlif yüksək vəzifələrdə çalışırlar. İdmançılar dünyanın hər yerində yüksək qiymətləndirilir. Dünyada bir prezidentlər, bir də idmançılar üçün bayraq qalxır. İdmançılar sülhsevər insanlardır.

Fikrimcə, idmançıya elm xadimindən yüksək qiymət vərilirsə, bu ədalətsizlikdir. Bəs, sizcə?

Həmişə düzgünlük tərəfdarı olmuşam. Baxır, hansı elm sahibi. Sözsüz ki, dünyaca məşhur elm xadimlərimiz var və onların qazancı heç də dünyaca məşhur idmançılarımızdan geri qalmır. Amma nəzərə almaq lazımdır ki, bizdə olimpiya çempionunun, dünya çempionlarının Azerbaycan adından dünyaya verdiyi töhfələri daha çoxdur.

Şahmat fəlsəfi oyundur. Sizin fəlsəfə elminə marağınız hansı səviyyədədir?

Fəlsəfəyə münasibətim əladır.

"Yəhudi şahmatçılar adətən ateist olur”

Nəyəsə peşman olmusunuz?

Heç vaxt peşman olmamışam. Yəni peşman olmaq mənə yad xüsusiyyətdir. Qeyd etdiyim kimi insan vicdanla hərəkət edərsə, peşman olmaz. Birdə ki hər zaman insanın qarşısına yol ayrıcları çıxır. Seçimi biz özümüz edirik.Ya peşmançılığı seçirik, ya da digər yollardan birini.

Özgür qadınsınız?

Həddindən artıq müstəqiləm. Atam məni əzimkar, iradəli böyütmüşdü. Öz qərarlarımı özüm verirəm.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook