SON XƏBƏR

Sumqayıtda kart qalmaqalı – Yeyintini edən hansı şirkətdir?

Noyabr 24
10:21 2021
Sumqayıt şəhərində ictimai nəqliyyatda tətbiq olunan kart sistemi vətəndaşlar üçün ciddi problemə çevrilib. Sentyabrın 28-dən avtobuslarda kart sistemindən istifadə edilməsinə başlanılsa da, hazırda bütün marşrutlar nağd ödənişə qaytarılıb.

Bir ölkədə fərqli kart…

Rəsmi qurumlar məsələnin səbəbini ay yarım əvvəl aldıqları validator aparatlarının nasaz və keyfiyyətsiz çıxması ilə əlaqələdirirlər. Problemin əsl kökü isə başqadır. Söhbət bir ölkədə fərqli kartdan istifadədədir. Belə ki, ictimai nəqliyyatda və metroda istifadə olunan "BakıKart” Sumqayıtda keçərli deyil. Özünü ayrı ölkə və vilayət hesab edən Sumqayıt ictimai nəqliyyatında yenilik edərək tamam fərqli kart sisteminin tətbiqinə başlayıb. Bu natamamlıq isə cəmi ay yarım çəkib. Nəticədə külli miqdarda yeyinti ilə yanaşı yüzlərlə vətəndaşın cibinə ziyan dəyib.

Yeyintini edən hansı şirkətdir?

Məlumat üçün bildirək ki, "Sumqayıt Nəqliyyat” MMC-nin tərəfdaşlığı ilə Sumqayıt şəhərində ictimai nəqliyyatda kartla ödəniş sistemi ilkin olaraq bu ilin fevralında 9 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda tətbiq olunub. Mərhələli şəkildə avtobuslarda xüsusi cihazlar – validatorlar quraşdırılıb. Sentyabrın sonunda isə tam olaraq kart sisteminə keçilib. Bu kartların ilk dəfə olaraq gediş haqqını təmassız ödəmə və NFC cihazları ilə ödəmə sistemini daşıyan funksiyalara malik olduğu bildirilsə də, tətbiqə başladığı gündən sərnişinlərə problem yaradıb.

Gediş haqqını ödəmək istəyən sərnişinlərin kartından əsassız yerə pul çıxılıb, ya kart bloklanıb, ya da ekranda işləmədiyi ilə bağlı məlumat göstərilib.

Bundan əlavə Bakıdan Sumqayıta gedən sərnişinlər şəhərin kartla işləyən avtobuslarına "BakıKart”la ödəmə həyata keçirə bilməyiblər.

210 validator alınıb…

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov məsələyə belə aydınlıq gətirib:

"Ümumi 206 avtobusumuz var. 210 validator almışdıq. Avtobuslara quraşdırılan bu aparatlar bir qədər işimizə əngəl törədirdi. Bəzən sərnişinlər kartla gediş haqqını ödəyirdi, amma pul çıxılmırdı, yaxud aparat giriş vermədən kartdan pul çıxılırdı, ödəmə zamanı səhv məlumatlar yazılırdı. Bu da avtobusda və yollarda ləngimə yaradırdı. Bir sözlə çoxsaylı vətəndaş şikayətləri daxil olurdu. Kart sisteminə 54 gün idi ki, keçmişdik, amma aparatlar özünü doğrultmadı. Artıq Türkiyədən yeni və müasir tipli validator aparatları sifariş vermişik. Haqlı narazılıqları nəzərə alaraq, belə bir addım atdıq. Sərnişinlərimiz bir qədər səbirli olsun. Haradasa 1 ay yarım və 2 ay sonra yenidən kart sistemi bərpa olunacaq”.

"Bir qəpik belə itməyəcək”, – vədi

Bakı ilə Sumqayıtın ictimai nəqliyyatdakı kartlarının vahid olmaması məsələsinə toxunan Tofiq Saydumov Sumqayıt avtobuslarına quraşdırılan validatorların Bakı ilə eyni olmaması və fərqli kartlardan istifadə məsələsinə mövqe bildirməkdə çətinlik çəkdiyini deyib:

"Əslində gediş kartının Bakı ilə eyni olacağı ilə bağlı söyləntilər var. Amma bu, dəqiq deyil. Sumqayıtda istifadə olunan kartlardakı problemlərin hamısı birmənalı olaraq aradan qaldırılacaq.

Bir qəpik belə itməyəcək. Kart yenisi ilə başabaş dəyişdiriləcək və balans növbəti karta transfer olunacaq. Digər məsələlərdən isə xəbərsizəm. İlk kart addımını ortaya atan və bütün maliyyəsini həll edən şəxslər var. Mən o sahibkarın maliyə və digər işlərinə müdaxilə etmirəm. Amma validatorlar haradan alınıbsa, kartlar da o aparata aid olub. Kimlər bu məsələdə müqavilə bağlayıb, bilmirəm. Onu bilirəm ki, Bakıdakı validatorlar sırf nəqliyyat vasitəsinin üstündə gəlib. Biz isə əlavə quraşdırmışıq”.

Mövzunu davam etdirəcəyik…
 
(tia.az)
 
Qlobal.az 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook