SON XƏBƏR

Sumqayıt Regional Mədəniyyət İdarəsinin uğurları - FOTOLAR

Dekabr 03
00:54 2019
"Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli 1932 №-li Sərəncamına əsasən 01 noyabr 2016-cı ildə Sumqayıt, Abşeron, Xızı, Şuşa, Zəngilan və Qubadlı rayon Mədəniyyət və Turizm şöbələri ləğv edilərək onların bazasında Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi yaradılmışdır. Mədəniyyət naziri cənab Əbülfəs Qarayev 2017 və 2018-ci illərdə Sumqayıt və Abşeronda mədəniyyət işçiləri ilə görüşmüş, mədəniyyət işçilərinin fikir və təkliflərini dinləmiş, regional idarənin fəaliyyəti ilə bağlı tapşırıqlarını vermişdir. 
 

 
Yarandığı gündən etibarən qızğın iş rejiminə keçən Sumqayıt Regional Mədəniyyət İdarəsi qısa vaxt ərzində onlarla tədbir keçirmiş, bir sıra yeni layihələrə imza atmışdır. Müddət ərzində Regional İdarəni əhatə edən bölgələrdə: Sumqayıt, Abşeron, Şuşa, Zəngilan, Qubadlı, Xızı rayonlarında dəfələrlə görüşlər, müşavirələr keçirilmiş, qarşılıqlı fikir mübadilələri aparılmış, problemlər yerindəcə araşdırılmış, həlli istiqamətində tədbirlər görülmüş və görülməkdədir.
 
Sumqayıt Regional Mədəniyyət idarəsinin bazasında bir sıra yeni kollektivlər yaranmış və təqdimatı keçirilmişdir. Sumqayıt şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllimlərdən ibarət Xalq Çalğı Alətləri Orkestri və Xor kollektivi, Sumqayıt şəhər F.Əmirov adına Uşaq Musiqi Məktəbinin bazasında yaradılmış "Buta” qızlar ansamblı və Abşeron, Şüşa, Zəngilan, Qubadlı, Xızı rayonlarını əhatə edən folklor kollektivləri, Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunda "Günəşim” kukla tetarı, "Allero” rəqs qrupu, "Günəşim” mahnı qrupu, "Gənclik” şəhər klubunda "Gənclik TV” internet televiziyası buna əyanı misaldır.
 
Qeyd edək ki, Sumqayıt şəhərində baş tutan Xalq Çalğı Alətləri Orkestri və Xor kollektivinin təqdimat mərasiminə təbrik üçün ölkənin tanınmış sənətkarları: Respublikanın Xalq artisti Alim Qasımov, Respublikanın Əməkdar artistləri Fərqanə Qasımova, Təyyar Bayramov, Ehtiram Hüseynov qatılaraq səhnədə gənc ifaçılarla birgə çıxış etmişlər. Konsert şəhər ictimaiyyəti tərəfindən böyük coşqu ilə qarşılanmışdır. Sumqayıt Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrində Azərbaycan Respublikası Prezidentinin sərəncam və fərmanları, Nazirlər Kabinetinin sərəncamları, Mədəniyyət və Turizm Nazirliyinin əmr və kollegiya qərarlarından irəli gələn yüzlərlə dövlət tədbirləri, bayramlar, konsertlər, yubileylər, görüşlər keçirilmişdir.
 
Mədəniyyət evlərində, musiqi və incəsənət məktəblərində, orta məktəblərdə, hərbi hissələrdə ədəbi-bədii kompozisiyalar təşkil edilmiş, özfəaliyyət kollektivləri konsert proqramları ilə çıxış etmiş, Dövlət Rəsm Qalereyasında rəsm sərgiləri, şəhər kitabxanalarında kitab sərgiləri nümayiş olunmuşdur. Tarixi günlər münasibətilə idarənin tabe müəssisələrində "20 yanvar faciəsi”, "Xocalı soyqırımı” və "31 mart Azərbaycanlıların soyqırımı günü”, "Aprel şəhidlərinin anım günü” ilə əlaqədar anım tədbirləri keçirilmişdir. Həmçinin Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürovun təşəbbüsü ilə çəkilən Aprel şəhidi Əbdülməcid Axundova həsr olunmuş "Mən səninləyəm ana vətən” adlı filmin Sumqayıt Dövlət Dram teatrında və Bakı şəhər Nizami Kino mərkəzində təqdimatı keçirilmişdir.
 
İdarənin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrinin qarşılıqlı əməkdaşlığı çərçivəsində Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin Sumqayıt şəhər Q.Qarayev adına uşaq musiqi məktəbində ustad dərsləri, Qubadlı rayon nümayəndəliyində konserti, S.Rüstəmov adına uşaq incəsənət məktəbinin şagirdlərinin Abşeron rayon Mehdiabad qəsəbəsi uşaq musiqi məktəbində konserti, Abşeron rayon Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbi şagirdlərinin Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində konserti, Şuşa şəhər Niyazi adına uşaq incəsənət məktəbinin müəllimləri Qubadlı rayon musiqi məktəblərində, Zəngilan rayon uşaq musiqi məktəblərinin müəllimlərinin Xızı rayon uşaq musiqi məktəbində ustad dərsləri keçirilmişdir.

Regionlararası qarşılıqlı əməkdaşlıq çərçivəsində Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Lənkəran şəhər 1 saylı uşaq musiqi məktəbində konsert proqramı ilə çıxış etmişdir. Sumqayıt Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan Sumqayıt, Abşeron, Qubadlı və Zəngilan MKS-lərin bir qrup əməkdaşı Xızı rayon Mərkəzi kitabxanasında olmuşlar. Bundan əlavə, Sumqayıt Dövlət Rəsm Qalereyasında rəsm sərgiləri, "Futzal” üzrə yarış, film nümayişləri və digər görülən işlər idarənin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrinin qarşılıqlı birgə fəaliyyətindən xəbər verir.
 

 
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən "Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı çərçivəsində gerçəkləşən layihədə Sumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrinin kollektivləri fəal iştirak etmişdir. Bir sıra beynəlxalq və ölkə əhəmiyyətli müsabiqə və festivallarda Sumqayıt, Abşeron, Qubadlı rayon uşaq incəsənət və musiqi məktəblərinin yetirmələri, Sumqayıt şəhər "Dostluq” mədəniyyət evinin "Star” və "Səmt” estrada qrupları uğurla çıxış etmiş, diplom və fəxri fərmanlarla mükafatlandrılmışlar.
 
Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzinin "Rövşən” ritm qrupunun Rusiyada, Şəhər Mədəniyyət Evinin, Abşeron rayon Novxanı kənd sənətkarlıq klubunun "Xəzər ulduzları” mahnı və rəqs ansamblının Türkiyədə, Abşeron rayon Xırdalan şəhər 11 illik Musiqi məktəbinin, eləcə də Mehdiabad uşaq musiqi məktəbinin şagirdlərinin Gürcüstanda uğurlu çıxışları bizə dəfələrlə sevinc və fərəh hisləri yaşatmışdır. Sumqayıt Regional Mədəniyyət idarəsinin kollektivi hərbi hamilik məqsədilə hərbi hissəslərdə əlamətdar və tarixi günlər münasibətilə tədbirlər keçirmiş, əsgərlərimizin qarşısında silsilə konsert proqramları ilə çıxış etmişdir. 
 
Şəhərimizdə keçirilən mədəniyyət günləri, Beynəlxalq mədəni əlaqələr çərçivəsində keçirilən konsertlərdə də kollektivlərimiz böyük həvəslə iştirak etmiş, istedadlarını nümayiş etdirmişlər. 
 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650, böyük dramaturq Cəlil Məmmədquluzadənin 150, şair- dramaturq Cəfər Cabbarlının 120 və Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illik yubileyləri, Məhəmməd Hadinin 140, Nəcəf bəy Vəzirovun 165, xalq yazıçısı Mehdi Hüseynin 110, təmsil ustası Hikmət Ziyanın 90, nəğməkar şair Tofiq Mütəllibovun 90, Çingiz Abdullayevin 60, Xalq artisti Seyid Şuşinskinin 130 illik və digərlərinin yubileyləri qeyd edilmişdir.
 
Görkəmli ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illik yubiley tədbirləri çərçivəsində Mərkəzi Uşaq Kitabxanasında "Fəqət ölən deyil onun sənəti” adlı ədəbi-bədii gecə, S.Vurğun adına Mərkəzi  Kitabxananın uşaq şöbəsinin, AYB-nin Sumqayıt bölməsinin və Sumqayıt şəhər "Dostluq” mədəniyyət evinin birgə təşkilatçılığı ilə ədibin Xızı rayonundakı ev muzeyində  "Orada bir ev var, Xızıda” adlı tədbir keçirilmişdir. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə gerçəkləşən "Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı çərçivəsində Sumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrinin kollektivləri fəal iştirak etmişdir. Sumqayıtın 70 illiyi münasibətilə Sumqayıt Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə Sumqayıta həsr olunmuş "Ən yaxşı şeir” və "Ən yaxşı mahnı” müsabiqəsi, N.Nərimanov adına mədəniyyət mərkəzində saz, ritm, rəqs müsabiqələri keçirilib, qaliblər müəyyənləşərək diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Sumqayıtın 70 illik yubileyi münasibətilə şəhərin "Kimyaçılar” sarayının qarşısında Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə I Mədəniyyət festivalı keçirilib. Festivalda Sumqayıt şəhər  Sumqayıt şəhər musiqi məktəblərinin rəsm şöbəsi şagirdlərinin rəsm sərgisi nümayiş olunub, xalq çalğı alətləri ansambllarının və xor kollektivlərinin, kukla teatrlarının çıxışları təqdim olunub. Əsl bayram ab-havasında keçən festivalı izləyən çoxsaylı şəhər sakinləri və qonaqlar arasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri də olublar. Festival Kimyaçı Mədəniyyət Sarayının tamaşa zalında Sumqayıt Regional Mədəniyyət İdarəsinin müəllimlərindən ibarət xalq çalğı alətləri orkestrinin və xor kollektivinin konserti ilə davam edib. Konsertdə solistlərin bir-birindən maraqlı ifaları və monitorda Sumqayıtın gözoxşayan videogörüntüləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Həmçinin, "Kimyaçı” Mədəniyyət Sarayının qarşısında I Kitab yarmarkası da keçirilib. Yarmarkada Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, tanınmış yazıçılar, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və minlərlə şəhər sakini iştirak edib. Sumqayıt şəhəri ilə yanaşı, Bakıda fəaliyyət göstərən nəşriyyatlar, kitabxanalar, çap işi ilə məşğul olan qurumların təmsilçiləri, tanınmış yazıçılar yarmarkada ümumilikdə 30 mindən çox kitab təqdim edib. Açıq səma altında keçirilən kitab yarmarkasında müəlliflər oxucuları ilə görüşlər keçirib və onlar öz imzalı əsərlərini təqdim ediblər.
 
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin konserti keçirilib. Sumqayıt Dövlət Dram Teatrın səhnəsindən Xalq artisti Azər Zeynalovun, Əməkdar artistlər Nərgiz Kərimovanın, Anar Şuşalının ifasında Azərbaycan və dünyaca məşhur bəstəkarların mahnıları səslənib. Həmçinin Əməkdar artist Sahib Paşazadə tarda, Beynəlxalq müsabiqələr laureatları Nəzrin Aslanlı skripkada, Nicat Məsimov balabanda öz məharətini göstəriblər.
 
Həmçinin, şəhərin 70 illiyinə həsr olunmuş və ölkənin tanınmış sənətkarlarının qatıldğı bayram tədbirləri də şəhər sakinləri tərəfindən coşqu ilə qarşılanmışdır. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan uğurlu islahatlar digər sahələrlə yanaşı, mədəniyyət sferasını da əhatə edib. Bu islahatların səmərəli nəticələrini isə istər mədəniyyət sahəsində çalışanların sosial-rifah halının yaxşılaşdırılmasında, yeni mədəniyyət obyektlərinin inşasında və mövcud olanların müasir səviyyəyə çatdırılmasında, istərsə də, bu sferanın maddi-texniki bazasının möhkəmlənməsində aydın görmək olar. Ölkəmizdə bu istiqamətdə icra olunan layihələr isə davamlı xarakter alıb. Sumqayıtda "Nizami” kinoteatrı üçün yeni binanın inşası bunu bir daha göstərir. Bu cür layihələrin həyata keçirilməsi yeni mədəniyyət ocaqlarının yaradılması baxımından ölkəmizdə görülən işlərin ardıcıllığını nümayiş etdirir. Eyni zamanda, şəhər sakinlərinin və qonaqların asudə vaxtlarının səmərəli təşkilində, onların müasir kino sənayesinin yeni məhsulları ilə tanış olmasında belə mədəniyyət ocaqları mühüm rol oynayır.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dənizkənarı Bulvar Kompleksinin yeni salınmış hissəsində yaradılan şəraitlə tanış olub. Sumqayıt Bulvarı şəhərin şimal-qərb istiqamətində 1 kilometr uzunluğunda, 400 metr enində, ümumilikdə isə 40 hektar sahədə genişləndirilib. Beləliklə, bu istirahət məkanın sahəsi 106 hektara, uzunluğu isə 5,2 kilometrə çatdırılıb. Ərazidə geniş miqyasda yaşıllıq sahəsi salınıb, müasir işıqlandırma sistemi qurulub. Park boyu 1 kilometr uzunluğunda yeni yol inşa olunub. Kompleksin yeni salınan hissəsində bütün yaş qruplarının istirahəti üçün yüksək şərait yaradılıb.
 
Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələrin tərkib hissələrindən biri də yeni istirahət guşələrinin, park və xiyabanların yaradılmasıdır. Son dövrlərdə Prezident İlham Əliyevin tapşırığına əsasən, bütün şəhər və rayonlarda yeni parkların, xiyabanların, istirahət guşələrinin yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması istiqamətində mühüm layihələr icra edilir. Bu istiqamətdə reallaşdırılan ən mühüm layihələrdən biri də Sumqayıtda Dənizkənarı bulvarın və şəhər çimərliyinin yaradılmasıdır. Bu kompleksdəki şərait sübut edir ki, Azərbaycan dövləti vətəndaşların istirahətlərini mənalı təşkil etmək, asudə vaxtlarını səmərəli keçirmək üçün bütün zəruri addımları atır. Xəzərin sahilindəki bu kompleks Sumqayıt şəhərinin simasının daha da gözəlləşdirilməsi baxımından da olduqca əhəmiyyətlidir. Son illərdə istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda muğamın təbliğinə dövlət səviyyəsində yüksək diqqət göstərilir. Bu baxımdan son dövrlərdə yaradılan Muğam mərkəzlərinin müstəsna əhəmiyyəti var. 2008-ci ildə Bakıda və Ağcabədidə, 2010-cu ildə Füzulidə, 2018-ci ildə Ağdamda inşa olunan Muğam mərkəzləri ölkəmizdə muğamın inkişafına mühüm töhfələr verib. Bəşəriyyətin şifahi və mənəvi irsinin incilərindən olan muğamın təbliği və inkişafı istiqamətində dövlət tərəfindən son illərdə görülən sanballı işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da tarixi töhfələr verir.
 
Fondun həyata keçirdiyi layihələrin nəticəsidir ki, 2003-cü ildə UNESKO həm milli, həm də bəşər mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyərini etiraf edib. Muğam UNESKO-nun "Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına salınıb.
 
Ötən illərdə Heydər Əliyev Fondu ilə Azərbaycan Televiziyasının birgə layihəsi əsasında "Muğam televiziya müsabiqələri”nin keçirilməsi bu əvəzsiz sənət nümunəsinin yaşadılması, xalqımızın qədim yaddaşından gələn muğamlarımızın qorunması istiqamətində mühüm hadisələr kimi tarixə düşüb.
 

 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıtda "Nizami” kinoteatrının yeni binasının açılışında iştirak edib. "Nizami” kinoteatrı üçün yeni binanın inşasına bu ilin mayında başlanılıb. Nəriman Nərimanov küçəsində yerləşən binanın ərazisi abadlaşdırılıb, ətrafda istirahət parkı salınıb. İkimərtəbəli binada hər biri 80-100 yerlik olmaqla 3 kino zalı və digər inzibati otaqlar var.
 
Qeyd edək ki, müasir səviyyədə yaradılan, ən son texnoloji yeniliklərə əsaslanan video və audiosistemlə təchiz olunan "Nizami” kinoteatrının yeni binasının istifadəyə verilməsi Sumqayıtın mədəni həyatında mühüm hadisədir. Bu, şəhər həyatı ilə bağlı mədəni tədbirlərin keçirilməsini daha da stimullaşdıracaq, insanların istirahətinin təşkilində əhəmiyyətli rol oynayacaq, gənclərin bu tədbirlərdə daha fəal iştirakına təkan verəcək.
 
Kinoteatrın qarşısında Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin heykəli qoyulub. Muğam Mərkəzin binası ikimərtəbəlidir. Burada konfrans zalı, qrim, məşq, rejissor otaqları yaradılıb. Sinif otaqlarının hamısı zəruri avadanlıqla təchiz edilib.
 
Tamaşaçı tutumu 400 nəfər olan konsert zalında müxtəlif mədəni tədbirlərin, o cümlədən muğam gecələrinin keçirilməsi üçün hər cür şərait var. Sinif otaqlarında isə muğamın sirlərinə yiyələnmək üçün bütün imkanlar mövcuddur. Sumqayıt Bulvarı ərazisində yerləşən Muğam Mərkəzinin ətrafı abadlaşdırılıb. Burada yaradılan şərait bir daha təsdiqləyir ki, xalqımızın ən qədim musiqisi olan muğamın yaşadılması, onun gələcək nəsillərə çatdırılması daim diqqət mərkəzindədir. Bizim üzərimizə isə bu etimadı doğrultmaq və yeni layihələrlə daha böyük nailiyyətlərə imza atmaq düşür.
 
Ümummilli lider Heydər Əliyevin dediyi kimi: "Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir”.

Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook