Soylu ATALI- Ərdoğandan Azərbaycana xeyir gəlməz
Avqust 17
22:11
2016
Soylu ATALI
Siyasi
xaos, ikiüzlülüyün oyunları, qaraya ağ, ağa qara deməkdən çəkinməyənlərin eybəcərliyi
elə bir iyrənclik yaradır ki, hər şey gözdən düşür. Xalqın mənəviyyat ölçüləri,
dövlətin millilik prinsipləri elə kökə salınıb ki, heç bir etkisi qalmayıb. Kim
necə gəldi danışır, necə gəldi davranır. Qabağa çıxan hər kəs dövlətçiliyin gələcəyi,
millətin ləyaqəti üzərində alver edir. Hakimiyyət ölkəni dağıdır, talayır,
xalqı ayaqlayır, alçaldır, onunla alverə girənlər isə xalqın güvəncini, ümidini
hakimiyyətin ayaqları altına sərir. Bütün bunlar göründükcə xalq onun adından
danışıb sonra da hakimiyyətə satılanlardan ayrılıb üz döndərir. Hakimiyyət də
artıq xalqın üz döndərdikləri ilə alverə getmir, öz bildiyini edir. Bilir ki,
boşuna çığır-bağır salanların xalqa heç bir etkisi yoxdur.
Biz
bunları illər öncədən yazırıq, deyirik, bu gün gəldiyimiz sonuc deyil. Azərbaycandakı
siyasi təşkilatlar Batının ayaqları altına papaq atanda biz yazırdıq ki,
"siyasi təşkilatlarımız Batı ilə birləşir, xalqla yox. Ona görə xalq
onların arxasında durmayacaq. Batı isə siyasi təşkilatlarımızı öz çıxarlarına
uyğun qullanır. Ancaq arxasında xalq olmayan təşkilatları qullanmaq da bir
zaman özünü doğrultmayacaq. Sonucda Batı hakimiyyətimizlə araçsız (vasitəsiz)
olaraq alverə gedəcək”. Əlbəttə, bizim kimi siyasətçi olmayanların dediklərinə,
yazdıqlarına qarşı siyasi təşkilatlarımızın eqoizmini anlamaq olar, ancaq
onların bu gün xalqı passivlikdə suçlamalarını, Batının Azərbaycanla bağlı istəklərinin
sömürgəçilik olduğunu vurğulamalarını isə anlamaq çətindir. Axı Batının
hakimiyyətimizlə birgə Azərbaycanı talamasında, onun bizə qarşı sömürgəçilik
siyasəti yürütməsində siyasi təşkilatlarımızın rolu az deyil. Əgər illər öncə,
biz bunları yazanda, siyasi təşkilatlarımız da bunları bilirdilərsə nə üçün səslərini
çıxarmırdılar, tərsinə, Batını Azərbaycan hakimiyyətinə qarşı çağırmaqla
talançılığa ortam yaradırdılar. Yox, əgər bilmirdilərsə, bu bilməzlərin
hakimiyyət uğrunda döyüşlərinin anlamı nədir? Anlamayanların, bilməyənlərin
hakimiyyətə gəlməsi xalqa uğurlu nə vəd edə bilər?! Bir-birindən oğurlanıb
Batıya, Azərbaycan hakimiyyətinə satılanları xalq necə qəbul eləsin?! Ya da
bunlar xalqdan nə istəyirlər, hansı üzlə istəyirlər?! Hakimiyyət siyasi meydanı
boş görüb necə gəldi davranır. Qanunsuzluqlardan, ədalətsizliklərdən, işsizlikdən,
aclıqdan ayrı-ayrı hallarda etirazlar olur, təngə gələn toplum ayağa qalxıb
etiraz edir. Bütün bunlar özbaşına törəyir, yönətən bir lider olmur. Ona görə də
asanlıqla, polisin dəyənəkləri altında yatırılır. Bu zaman siyasi təşkilatlar
onlara yaxın durmurlar. Tutula bilməkdən, ölkədə xaos yaradıcısı adlanaraq
vurulmaqdan, damğalanmaqdan qorxurlar. Çünkü dağınıqdırlar, bir-birinə
qarşıdırlar, çoxlarının da hakimiyyət qarşısında gizli öhdəlikləri var. Xalqın
həqiqi lideri olmuş olsaydı, hakimiyyət onu tutuqlamaqdan qorxardı, xalq cəza
evlərini dağıdardı, hakimiyyəti başından düşürərdi. Təəssüf ki, xalqın ortada
lideri yoxdur, ayrı-ayrı qrupların liderləri var, onlar da, dediyimiz kimi,
gücsüz və etkisiz.Biz
bu dediklərimizi xalqa muştuluq kimi sunmuruq, adama deyərlər, bəs nə olsun? – Bunu
da biz zaman-zaman vurğulamışıq ki, indiki qrupların, satılmışların,
intriqaçıların içərisində gücə çevrilmək mümkünsüzdür. Vətənə, millətə
umacaqsız sevgisi olanlar siyasi təfəkkürlərini birləşdirib yeni siyasi kadrlar
yetişdirməklə Milli Qüvvə formalaşdırmağa çalışmalıdırlar. Şöhrətə, varidata
tamahlanmayan, özünə və tayfasına karyera qurmağı millətin şərəfindən üstün
tutmayan liderə (liderlərə) böyük ehtiyac var. Qurtuluş onların ləyaqətinə
dayana bilər.
...Xalqın
heysiyyatını ayaqlamağı ört-basdır eləməyin bir üsulu da
"Qarabağ" yörəsindəki söz-söhbətləri
illərlə çək-çevirə salmaqdır. Hakimiyyətimiz hər dəfə Qarabağ məsələsində güzəştə
getməməyini tutalqa edib xalqın əzilməsini yozmağa çalışır. Onun bu əməlinə
quyruq bulayan basın orqanları, özlərini müxalifətçi sayan siyasətçilər və
yazarlar da az deyil. Budur, Putinin, Ərdoğanın, Əliyevin şəkillərindən birlik
simgəsi düzəldib Qarabağın 5 rayonunun qaytarılması üçün proseslərin getməsindən
bəhs edənlər ard-arda düzülüb. Sanki dünyanın siyasi düzəni dəyişir, Ərdoğanla
Putin sükanı ələ keçirib planeti başqa səmtə sürürlər. Doğrudan da, söz
meydanını siyasi möhtəkirlərin, ikiüzlü basın alverçilərinin qapsaması olduqca
acınacaqlıdır. Simasızların qurduğu təbliğata baxın: "Öncə Rusiya-Azərbaycan-Türkiyə
birliyi yaranacaq. Sonra İran bu birliyə qoşulacaq... Ermənistan təklənir, bundan
əndişə keçirib ABŞ-a üz tutur. Ancaq Sərkisyana qandırırlar ki, Qarabağ
konflikti bir yerə qədər çözülsə, Türkiyə sınırları açacaq, Ermənistan iqtisadi
cəhətdən gəlişəcək, regional layihələrə qoşulacaq. Putin də Sərkisyanla
görüşündə deyib ki, konflikt həm Azərbaycanın, həm də Ermənistanın xeyrinə
çözüləcək...
Özlərini
müxalif sayan yozumçuların toplumumuzu bu cür yalanlarla aldatmaları, bizə görə,
gələn ay keçiriləcək referendumu sakit qarşılamağa və hakimiyyəti bərkitməyə
hesablanıb. Öncə onu deyək ki, 5 rayonun qaytarılması nağıldır, qaytarılsa belə,
nağıldır. 25 ildir Qarabağ üzərində Batı ilə Rusiya alver edirdi, indi isə
Ərdoğanla Putin alver eləmək istəyir. Hərçəndi Batı bu alverdən qıraqda deyil,
olmayacaq da. 5 rayon qaytarılsa belə, Azərbaycanın xeyrinə olmayacaq. Nədən
ki, bundan sonra uzun illər susmaq tələb olunacaq. Sonrakı aşamada daha böyük
qurbanlar istəniləcək, hətta böyük ehtimalla Dağlıq Qarabağ biryolluq erməniləşəcək.
Nə
Putindən, nə də Ərdoğandan Azərbaycana xeyir gəlməz. Ermənistanın əndişə keçirməsindən
danışmaq isə boş sözdür. Ermənistan toplumu əndişə keçirə bilər, ancaq Rusiya
onu heç vaxt türkün ayağına verməz. Məgər Rusiya Qarabağı erməni üçün işğal eləmişdi
ki, onu erməninin əlindən alıb Azərbaycana qaytarsın?! Məgər Rusiya Qarabağ
konfliktini çözər ki, Türkiyə ilə Azərbaycan güclənsin, sonra da Türk Dünyasının
birliyi qarşısında özü yenilsin?! Erməninin məkrli, tamahkar, işğalçı olduğunu
Rusiya hamıdan yaxşı bilir. Qriboyedovun çara məktubu hər kəsə bəllidir. Ona
görə onu öz içinə buraxmır, türkün içinə buraxıb onu özünün siyasi varlığı üçün
qoruyur. Bu gün də, yarın da Ermənistan türk birliyinin yaranmasının qarşısını
almaq üçün Rusiyanın başlıca yarağıdır. Ermənistan Türkiyənin və Azərbaycanın
qarşısını kəsməsəydi, Sovetlər dağılandan sonra Rusiyanın içindəki türk
subyektləri bağımsızlıq uğrunda ayağa durub birləşərdilər.
Bu
açıdan yanaşanda türklüyə qarşı çıxan Ərdoğanın Türkiyə Cümhuriyyətinin başına
gətirilməsi də planauyğun baş verdi. Ərdoğanın antiAtatürk siyasəti yürütməsi,
türklüyü sıradan çıxarıb mollaçılığı hakimiyyətə gətirməsi Rusiyanı
parçalanmaqdan qoruyan gedişlərdir. Ərdoğan mollaçılığın yayılmasına deyil,
türk birliyinə çalışsaydı Rusiya əsarətinin kölgəsi türklərin üzərindən çəkilərdi.
Bu
gün Putin ermənini qorumaqla, türklüyü parçalanmış durumda saxlamaqla Pyotrun vəsiyyətlərini
gerçəkləşdirməkdədir. Ərdoğan isə özünün mollaçılıq siyasəti ilə Atatürkün vəsiyyətini
("Vaxt gələcək Sovetlər dağılacaq. O zaman Türkiyə Cümhuriyyəti Sovetlərin əsarətində
olan türklərin bağımsızlığına yardımçı olmalı və onlara sahib çıxmalıdır”) aradan
qaldırmaqdadır.
İndi
sual olunur: Türkiyədə türklüyü ərəb cəhalətinin – mollaçılığın ayağına verən,
Atatürkün Cümhuriyyətçilik sistemini dağıdan Ərdoğandan Azərbaycan hakimiyyəti,
eləcə də siyasətdəki ayrı-ayrı kimsələr, yazarlar Azərbaycanın xeyrinə nə
umurlar görəsən?! Axı Türkiyəni çökdürən biri Azərbaycana hansı xeyiri verə bilər?!
Azərbaycan
hakimiyyətini anlamaq olar – onun üçün türk kimliyinin, türk dövlətçiliyinin önəmi
yoxdur, olsaydı, bu xalqı qanunsuzluq, ədalətsizlik girdabında çabalatmazdı. Bəs
o birilər Ərdoğandan nə umurlar, – sorunun önəmli cəhəti də budur. Lütfən, heç
kim deməsin ki, Ərdoğan Qarabağa görə Ermənistanla sınırları açmadı. Bu məsələyə
geniş toxunmayıb qısaca desək, sınır məsələsi təkcə Azərbaycan üçün deyil, onun
öz hakimiyyəti üçün də bir qarantiyadır. İkincisi, dünyada Türkiyəyə qarşı
qondarma soyqırım oyunu aparıldığı halda, sınırların açılmasından söz gedə bilməzdi.
Demək
istədiklərimiz odur ki, Ərdoğanın özü üçün, eləcə də buyruğunda durduğu qüvvələr
üçün yerinə yetirdiyi oyunlar türklüyü, türk dövlətçiliyini sevənlərin, düşünənlərin
ağlını oynatmamamlıdır. Bu adamı hakimiyyətə gətirənlər də yaxşı bilirdilər ki,
istər Türkiyədə, istər Azərbaycanda və başqa türk bölgələrində türklərin
baxışları parçalanacaq – Cümhuriyyətçiliyin dayağı olan Atatürkə bağlı
olanlarla mollabaşı Ərdoğanın ətəyindən tutanlar arasında qarşıdurmalar
yaranacaq. Sonucda, türklüyü yüzillərlə yıxan "şiə-sünnü" oyununa
yeni adda bir oyun əlavə ediləcək. Türklər ayılmalı, belə faciəyə yol verməməlidirlər.
Ərdoğanı Atatürk səviyyəsinə qaldırıb Türkiyədə (və bütün türk dünyasında) vətəndaş-soydaş
qarşıdurması yaradanların diləklərini gözlərində qoymaq gərəkdir.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
17 Qürub Ayı, 38-ci il. Atakənd.
(avqust, 2016. Bakı.)
Qlobal.az



