SON XƏBƏR

Siyavuş Novruzovdan Rüstəm İbrahimbəyova özünəməxsus “təbrik” gəldi

Fevral 06
11:52 2016
"Bir oyun idi düşmüşdü”; kinorejissorun 77 yaşı tamam oldu
 
Fevralın 5-də Azərbaycanın görkəmli yazıçı-dramaturqu, ssenaris-kinorejissoru Rüstəm İbrahimbəyovun 77 yaşı tamam oldu. 1995-ci ildə "Şöhrət” ordeni ilə də təltif olunan R.İbrahimbəyov dünya miqyasında tanınan şəxsdir.
 
Ancaq Ziyalılar Forumu ilə bağlı layihədən və onun 2013-cü il prezident seçkilərində Milli Şuranın vahid namizədi kimi siyasi səhnəyə çıxmasından sonra kinorejissorun Azərbaycana girişi yasaqlanıb. Rəhbərlik etdiyi təşkilata qarşı cinayət işinin başlanmasından sonra özünün də həbs edilə biləcəyini nəzərə alan sənətkar ölkəyə dönməyə tərəddüd edir. Son zamanlar xərçəng xəstəliyindən əziyyət çəkən R.İbrahimbəyov yalnız yaradıcılıqla məşğuldur... 1999-cu ildə Rüstəm İbrahimbəyovun Sergey Bodrovla birgə ssenarisini yazdığı fransız direktivi Regis Wargnier olan "Şərq-Qərb” filmi ən yaxşı xarici film nominasiyasında "Oskar” mükafatına namizədlərdən biri olub.
 
Doğum günündə danışmaq istəsək də, R.İbrahimbəyova zəng çatmadı. Kinorejissorun yaxın dostu, professor Cəmil Həsənli isə telefon zəngimizə Moskvadan cavab verdi. Cəmil Həsənli "Yeni Müsavat”a bildirdi ki, bir gün qabaq müəllifi olduğu yeni kitabın nəşri ilə əlaqədar Rusiya paytaxtına gəlib. R.İbrahimbəyovu soruşduqda C.Həsənli dedi ki, kinorejissor da Moskvadadır və zəng edib onun doğum gününü təbrik edib. Maraqlıdır, R.İbrahimbəyovun opponentləri doğum günündə onunla bağlı nələri düşünür, onu sənətkar, ziyalı kimi necə dəyərləndirir? Elə bu sualla da YAP icra katibinin müavini, deputat Siyavuş Novruzova müraciət etdik.
 
O bildirdi ki, gərək hərbi bir insan özü-özünü qiymətləndirsin: "Nizaminin gözəl bir kəlamı var: ”Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan".
 
Yəni bir sahənin kamil insanı yarımçıq papaqçılığa girişirsə, o, artıq kamilliyini də itirir. Vaxtilə İbrahimbəyovu ulu öndər də yüksək qiymətləndirmişdi, cənab prezident tərəfindən yüksək qiymət verilib, ali dövlət mükafatları ilə təltif olunub. Lakin hər hansı qrupun, dairənin, kəşfiyyat orqanının təsiri altına düşüb öz xalqına, millətinə, cəmiyyətinə, dövlətinə qarşı müəyyən addımlar atmaqla artıq insan ziyalılığını da itirir. Ziyalı odur ki, öz xalqının önündə getsin və xalqın problemləri olanda onunla bir yerdə çarpışsın. Biz şahidiyik ki, 90-cı illərdə Azərbaycanın ən çətin anlarında, Dağlıq Qarabağla bağlı, 20 yanvarla bağlı informasiya blokadasına düşdüyümüz anlarda Rusiyada yaşayan Azərbaycan ziyalıların əksəriyyəti, o cümlədən Rüstəm İbrahimbəyov susqun mövqedə dayandı və xalqın maraqlarını müdafiə etmədi".
 
R.İbrahimbəyovun 20 yanvardan sonra gizli şəkildə Bakıya jurnalist göndərdiyini xatırlatdıqda, S.Novruzov dedi ki, o, açıq-aşkar bəyanat verə bilərdi: "Necə ki, gürcü ziyalılar açıq bəyanat verdilər, Vaxtanq Kikabidze Gürcüstana qarşı Rusiyanın atdığı addımlara etiraz olaraq onların bütün təltiflərdən imtina etdi. Bizimkilər də bu addımı ata, yaxud müxtəlif mətbuat orqanlarında çıxış edə bilərdilər. Amma ermənilər konkret addımlar atanda bizmkilər susmağa üstünlük verdilər”.
 
R.Ibrahimbəyovun artıq siyasi səhnədən kənara çəkildiyini, sırf yaradıcılıq işləri ilə məşğul olduğunu diqqətə çatdırdıqda, YAP-çı deputat bunu gözlənilən saydı: "Təbii ki, kənara çəkilməliydi, bu, bir oyun idi düşmüşdü. Həmçinin ortada ciddi bir maliyyə məsələsi var idi, indi də gündəmdədir, araşdırma gedir. Bir sıra adamlar istəyirdilər ki, Azərbaycanda qarşıdurma yaransın. Bir sıra adamları da bu oyunlara salmışdılar və nəticə etibarilə ortada qalan onlar oldu. İbrahimbəyov hətta Rusiya vətəndaşlığından da imtina etmədi”.
 
Bəs, bundan sonra kinorejissorun Bakıya yolu açıla bilərmi? S.Novruzov: "Bütün bu məsələlər artıq onun özündən asılıdır”.
 
Musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook