SON XƏBƏR

Şirvan regional su-kanal idarəsinə qarşı İTTİHAM: Korrupsiya tüğyan edir (ŞİKAYƏT)

Sentyabr 03
09:30 2018
Qlobal.az saytının elektron poçtuna Şirvan şəhər sakini, Natavan küçəsi ev 52 ünvanda yaşayan Seyfiyev İbadət Qədir oğlu tərəfindən şikayət məktubu göndərilib. 
 
Şikayət məktubunu olduğu kimi təqdim edirik:
 
"Hörmətli redaksiya! 

Mən, hüquq pozuntusuna  məruz qalmış  Şirvan şəhər sakini, Natavan küçəsi ev 52 ünvanda yaşayan Seyfiyev İbadət Qədir oğlu  "Azərsu” ASC nin Mil-Muğan zonası üzrə 4 saylı Şirvan regional su-kanal idarəsinin rəis müavini Hamlet Hüseynovun mənə qarşı törətdiyi qanunsuz hərəkətlərinin dərhal qarşısının alınması və onun qanuazidd fəaliyyətinin araşdırılması ilə sizə müraciət edirəm!
 
Hər zaman haqqı-nahaqqdan ayıraraq ədaləti dəyərləndirən ölkə mətbuatına bildirmək istəyirəm ki, ailəmlə birgə uzun illər Rusiyada yaşamışam. Doğma ölkəmizdəki ictimai sabitliyi və demokratik ab-havanı nəzərə alaraq ailəmlə birgə vətənimə qayıtmışam. Ailəm 8-nəfərdən ibarətdir və ailənin yeganə gəlir mənbəyi Azərsu” ASC-nin Şirvan Şəhər "Sukanal”İdarəsində aldığım 250 manat əmək haqqım olub. Ali təhsilliyəm, "Rostov Dəmir yolu Mühəndisləri” İnstitutunun  mühəndislik fakültəsini bitirmişəm. Son işlədiyim müəssisə, "Azərsu” ASC-nin Şirvan Şəhər "Sukanal” İdarəsində Əməyin  Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə 8-ci dərəcəli mühəndis olub. Vəzifəmin öhdəsindən layiqincə gəlmişəm.                                               
 
Lakin 11.06.18 tarixində, Mil-Muğan zonası üzrə 4 saylı Şirvan regional su-kanal idarəsinin rəis müavini Hamlet Hüseynovun şəxsi təşəbbüsü və səyi nəticəsində heç bir əsası olmadan məni işdən çıxartdılar. Əsas olaraq Əmək Məcəlləsi-nin 70 -ci Maddəsinin "b” bəndini (İxtisar) göstərdilər. Baxmayaraq ki, idarədə 120 nəfər işçi çalışır və məndən savayı heç bir işçi işdən çıxarılmadı. Hətta 70 yaşlı işçi belə işdən çıxarılmayaraq başqa işə keçirildi. Demək ki, məsələdə qərəzli münasibət və ayrı-seçkiliyə yol verilib. Xatırladım ki,13.01.16 tarixində işə daxil olduğum zaman mənimlə 5 illik əmək müqavilə bağlanmışdı və işdən azad edilməyim səbəbsiz olduğuna görə, Əmək Məcəlləsinin 68-ci Maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur.Bir sözlə, 8 nəfərdən ibarət aztəminatlı ailənin yeganə çörək qazananı səbəbsiz-filansız şəkildə  işdən azad edərək aclığa və səfalətə məhkum etdilər. Mən Hamlet Hüseynova müraciət edərək ailəmin maddi durumunun olduqca ağır olduğunu və işdən azad olunduğum təqdirdə ailəmin faktiki məhv olacağını bildirdim. Lakin daşürəkli H. Hüseynov mənimlə çoxdan apardığı ədavəti və gözü götürməməzliini bir daha büruzə verərək vətəndaş yalvarışlarıma məhəl qoymayaraq fikrində israrlı olduğunu söylədi. Xatırladım ki, H.Hüseynov, Şirvan Sukanal İdarəsi Regional İdarəyə çevrilməzdən öncəki illərdə İdarənin rəhbəri olub və onun əmək fəaliyyəti bilavasitə korrupsiya və digər hüquqazidd əməllərlə olduqca zəngin olub.Belə olduğu təqdirdə, pozulmuş hüquqlarımın bərpasıyla bağlı 15.06.18 tarixində "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri cənab Q.Hüseynova, İnsan Hüquqları Müvəkkilliyinə, Dövlət Əmək Müvəffişliyi Xidmətinə və Şirvan şəhər İcra Hakimiyyətinə teleqram ünvanlayaraq haqq-ədalət tələb etdim. Lakin əfsuslar olsun ki, bu qurumlar bugünədək mənə bir cavab vermədi.Necə olur ki, işçilərinin sayı 120 nəfər olan bir müəssisədə, əməyin  mühafizəsi və təhlükəsizlik texnikası üzrə  mühəndisi, əsassız olaraq işdən azad edilsin və onun ştatı ümumiyyətlə ləğv edilsin? Axı bu hal Texniki Təhlükəsizlik haqqında AR-nın qanununa ziddir və bilavasitə  həmin müəssisədə baş verə biləcək qəzaların qarşısını almağa və baş vermiş qəzaların nəticələrini aradan qaldırmağa yönələn fəaliyyətin tam əksidir.                                                                                                                             
Hörmətli redaksiya!                                                                                                                                                       
 
"Sukanal” idarəsində çalışdığım illər ərzində Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət işini yüksək səviyyədə aparmış, sanitar texniki vəziyyətin yoxlanılmasını, iş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını və habelə  işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etmişəm. Sukanal idarəsi kimi strateji qurumda peşəkar bir işçini şəxsi intriqaya qurban verərək onun xəstə və yoxsul ailəsini ölümə məhkum etmək cinayət deyilmi?                                         
 
İndi isə efir məkanından istifadə edərək Hamlet Hüseynovun korrupsiya tərkibli əmək fəaliyyəti barədə tutarlı arqumentlər səsləndirmək istərdim.Belə ki, mən Əli Bayramlı "DRES”-də işlədiyim zaman H.Hüseynov oranın həmkarlar ittifaqının sədri işləyirdi. Elə o vaxtdan mümkün korrupsiya üsullarıyla dövlət vəsaitini mənimsəmə hallarına yol verir, həmkarlar ittifaqına yığılan pulu mənimsəyirdi.Eləcə də Azərsu MMC-nin sədri Ramil Sadıqov tərəfindən məhkum olunmaq üzrəydi. Buna səbəb: idarənin balansında olan 400 mm diametrli boruları sataraq mənimsəməsi faktı idi. Lakin H.Hüseynov şəhər icra başçısının müavini Şəfahət Əsgərovun köməkliyi ilə məsuliyyətdən yaxa qurtarmağa müvəffəq oldu.                                                                                                                                                                                           
Hər bir dövlət məmuru vəzifə borcunu şərəflə yerinə yetirməli və dövlətə xəyanət etməməli olduğu halda, H. Hüseynov bütün dövrlərdə, eləcə də Sukanal İdarəsinə müdir təyin olunandan sonra belə öz çirkin niyyətindən əl çəkməyərək bu tezisin əksinə getmişdir.                                                                                                                                                             
Səsləndirilən məlumatlara görə, 7000 manat pul verərək oğlu Nurlan Hüseynovu hərbi xidmətdən belə yayındıraraq ona "Lexus” JEEP  markalı avtomaşın alan şəxs dövlətinə necə sadiq ola bilər? Digər bir fakt H. Hüseynovun idarədə işçilərdən 1500 manat pul alaraq öz işindən digər işə keçurməsidir. Hətta orta məktəb təhsilli şəxsin qurumda energetik vəzifəsində işləməsi belə, yuxarıda sadalanan korrupsiya və rüşvətin bəhrəsidir. O cümlədən Bədən Tərbiyəsi Kollecinin məzunu  hazırki dövrədək idarədə 11-ci dərəcəli mühəndis işləməsi, Ukraynada statusu bəlli olmayan İnstitutun qiyabi tələbəsinin 12-ci dərəcəli mühəndisin regionala keçməsi qanunazidd əməllər deyilmi? Ali təhsilli mühəndisin qeyri-qanuni işdən çıxarılması, qeyri-sfera təhsilli və orta təhsilli birinin energetik işləməsi nə dərəcədə düzgündür?
 
 
Hamlet Hüseynov

Təbii ki, bütün bunlar H.Hüseynovun korrupsiya və  rüşvətə olan bağlılığından irəli gəlir.                                                     
 
Növbəti fakt olaraq bildirim ki, əldə olunan məlumata görə H.Hüseynov bu yaxınlaradək 4 saylı Şirvan regional su-kanal idarəsində vakant ştat olan mexanik  ştatına işçi götürərək ondan 3500 manat rüşvət almasıdır. O cümlədən anbardardan 1500 manat və qurumda qrup rəhbəri vəzifəsində işləyən Şöhrət adlı şəxsdən 1500 manat pul alaraq onların işində dəyişiklik etdi və həmin şəxslər hazırki dövrədək idarədə işləyirlər.                                                                                         
H. Hüseynovun təyin etdiyi "Tarif Şurası”-nın qiymətləri belədir: İşçi qurum daxilində işləmişsə və onun əmək haqqı 400 təşkil edirsə ondan 1500, quruma yeni işçi qismində gəlirsə bu zaman onlardan 3500-4000 manat alınır. Vaxtilə AXC fəallarından biri olan, hazırda YAP sıralarında dövlətçilikdən qisas alan Hamlet Hüseynovun korrupsiya sıyahısına onlarla belə faktlar əlavə etmək olar. Bu hansı qanunvericilikdə yazılıb ki, dövlətə mümkün üsullarla xəyanət edən şəxs vəzifə başında olsun?  Digər hüquqpozuntu faktı, bu günlərdə keçirilən müqəddəs Qurban bayramı ilə əlaqədardır. Belə ki, Qurban bayramı münasibətilə  avqust ayına olan ödəmələrin maliyyələşdirilməsi başa çatmasına baxmayaraq, Şirvan regional su-kanal idarəsinin işçilərinə əmək haqqlar verilmədi. Çünki rəhbərlik, idarənin adının dəyişdirilməsiylə bağlı bütün məzuniyyət, işdənçıxarma müavinətləri və digər ödənişlərini aldıqları üçün, sıravi işçilər əmək haqqlarını almaqdan məhrum oldular.İdarədə əmək hüquqları normaları kobud şəkildə pozulur, belə ki, idarə regionala quruma keçid dövründə, başda H. Hüseynov olmaqla bəzi şəxslər pereraşotlarını alıblar, qalan işçilər isə bugünədək pullarını almayıblar və baş verən ayrı-seçkilikdən olduqca narahatdırlar.                                                                                                                               
Mənim atam Qədir Seyfiyev Böyük Vətən müharibəsi illərində cəbhədə vuruşub, müharibə əlili olub. Müqəddəs amal və gələcək günlərimizin xoşbəxtliyi naminə sağlamlığını itirib. Məgər O bununçunmu döyüşüb ki, onun ailəsi hansısa rüşvətxor məmurun əlində oyuncağa çevrilərək ac-yalavac halda dilənçiliyə məhkum edilsin? Bu boyda harınlıq və özbaşınalıq olmaz! Axı bu böyük ədalətsizlikdir və bunun qarşısı dərhal alınmalıdır. Hamlet Hüseynov buna görə məsuliyyətə cəlb edilməli və barəsində radikal tədbirlər görülməlidir.                                                                                 
 
Artıq mən ailəmin üzünə baxa bilmirəm. Kommunal borclar yığılıb, ödəyə bilmirəm. Çörək almağa belə pulum yoxdur, övladlarımın üzünə baxa bilmirəm. Bu yaxınlarda əziz  Qurban bayramı oldu, təəssüflər olsun ki, bizim ailə imkansızlıq ubatından bayrama qatılmaqdan məhrum olduq.Artıq bu səbəbdən intihar həddinə çatmışam,özümə qəsd etmək istəyirəm. Çünki, vəziyyətim çox pisdir və baş verən olaylar səbəbindən nevroz olmuşam.                                                     
Hörmətli redaksiya!                                                                                                                                                       
 
Sonda üzümü ölkə mətbuatına tutaraq hər zaman haqqı-nahaqqdan ayıraraq ədaləti dəyərləndirməyi bacaran mətbuatımızdan məsələni ictimailəşdirməyi xahiş edir və efir məkanından bəhrələnərək ölkənin hüquq-mühafizə orqanlarından baş verənlərdə əsas günahkar olan Hamlet Hüseynovun məsuliyyətə cəlb edilməsini  xahiş edirəm. Sadə vətəndaşlara yuxarıdan aşağı baxaraq onların taleyi ilə oynayan məmurlar  barəsində radikal tədbirlər görülməlidir.                                                                                                                                                                                                   
Hörmətlə hüquqları tapdanmış vətəndaş: İbadət Seyfiyev".
 
Qeyd: Yuxarıda səsləndirilən iddialarla bağlı aidiyyatı qurumlar və Hamlet Hüseynov da münasibət bildirə bilər.
 
Qlobal.az
 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook