ŞİRKƏTİ TALAYIB, ŞANTAJA KEÇDİLƏR... - Yaxud, generala atılan böhtanın iziylə...
İyun 20
15:24
2022
Bir neçə gün əvvəl Yusif Əzizov adlı biri xaricdə Azərbaycan hakimiyyətinin və dövlətinin əleyhinə fəaliyyəti ilə tanınan Tural Sadıqlının "Azad Söz” adlı internet kanalında Dövlət Miqrasiya Xidmətinin rəis müavini Vəli Nağıyev haqqında müxtəlif iddialar səsləndirib.
Mənimsəmə, dələduzluq əməllərində ittiham edilən bir qrup şəxsin Dövlət Miqrasiya Xidmətinin rəis müavini ilə bağlı kifayət qədər ciddi ittihamlarla çıxış etməsini nəzərə alaraq, iddialarının nə qədər doğru olduğunu araşdırmağa qərar verdik.
İlk növbədə qeyd edək ki, əvəllər iş adamı kimi tanınan Vəli Nağıyev hələ bir neçə il əvvəl mətbuata açıqlamasında dövlət içinə keçdikdən sonra heç bir biznes fəaliyyəti ilə məşğul olmadığını bəyan edib. Dövlət Miqrasiya Xidmətinin rəis müavini təyin olunana qədər isə bir gün də olsun nə büdcə təşkilatına, nə də hansısa bir xidmət qurumuna rəhbərlik etməyib.
Təkcə bu faktlar ona qarşı ittihamların böhtan olduğunu göstərməyə kifayət edir. Ancaq oxucular üçün daha aydın olsun deyə, iddiaların nədən ibarət olduğuna diqqət edək.
O, iddiasında göstərib ki, oğlu çalışdığı işdən azad olunan zaman üzərində qalmış malları təhvil-təslim edib. Hətta ictimaiyyəti buna inandırmaq üçün saxta aktı da efirdə nümayiş etdirib.
Ancaq araşdırmamız zamanı bəlli olub ki, o, böhtan danışır. Efirdə nümayiş etdirdiyi həmin akt şirkətin hazırki direktoru Şirvan Əhmədov tərəfindən qəbul edilməyib.
Həmin videoya diqqət yetirəndə aktda hər hansı bir möhürün olmadığı da açıq görünür.
Onu da vurğulayaq ki, adıçəkilən şəxslər sonradan yazılı izahatlarında əməllərini etiraf ediblər. Onlara könüllü şəkildə oğurladıqlarını qaytarmaq tələb olunub. Onlar vəd versələr də, sonradan müxtəlif bəhanələrlə oğurladıqlarını qaytarmaq istəməyib.
Bu mənimsəmə və dələduzluq əməli ilə bağlı Əlişükür Vahabzadə özü yazılı izahatında etiraf edib ki, həmin gübrələr mənimsənilib. Burada şirkətin sabiq rəhbəri Xaliq Məmmədovun xüsusi rolu var.
Xaliq Məmmədov
Bu maxinasiyalar vaxtilə bu işlərə rəhbərlik edən Xaliq Məmmədovun təşkilatçılığı ilə baş verib və bu işdə ona Azər Abdurəhmanov da köməklik göstərib.
Araşdırmamız zamanı satılmış mallardan əldə olunan vəsaitlərin şirkətin hesabına deyil, məhz Əlişükürün atası Yusifin şəxsi bank hesabına köçürüldüyü üzə çıxıb.
Bununla bağlı E-manat vasitəsi ilə həyata keçirilən köçürülmənin qəbzlərinin bəzilərini təqdim edirik.
Göründüyü kimi, vəsaitlər Yusif Əzizovun hesabına köçürülüb və onun tərəfindən mənimsənilib.
Qeyd edək ki, şirkətdəki talama ilə bağlı şirkətin hazırki rəhbəri Şirvan Əhmədov prokurluğa ərizə ilə müraciət edib. Adıçəkilən şəxslər prokurorluqdakı ifadələrində də oğurluq etdiklərini etiraf edib.
Görünür, qanuni məsuliyyətə cəlb olunacaqlarını düşünən Xaliq Məmmədov və dəstəsi bu yolu seçib.
Azərbaycanda vətəndaşların üz tutmalı olduğu kifayət qədər orqan və media quruluşları olduğu halda dövlətə, hökumətə düşmən çevrilən bir şəxsin vasitəsilə şantaja keçiblər.
Təvəkgül Məmmədov
Belə bir mötəbər qurumda çalışan şəxsin ölkəyə, dövlətə düşmən olan bir kanalla əməkdaşlığı da xüsusi araşdırma mövzusudur. Buna da yaxın günlərdə qayıdacağıq.
Sonda bu oğurluq faktı ilə bağlı şirkətin rəhbəri Şirvan Əhmədovun Prokurluq orqanına yazdığı şikayətin də bir nüsxəsini təqdim edirik: "Sizə müraciət etməyimizin səbəbi şirkətimizin məruz qaldığı xüsusilə külli miqdarda mənimsəmə faktıdır. Belə ki, şirkətimizin İmişli rayonu üzrə nümayəndəsi Vahabzadə Əlişükür Yusif oğlu və onunla əlbir olmuş Qəbələ rayon sakini Aslanov Vüsal Elşad oğlu bir qrup şəxs halında birləşərək, etibar olunmuş xüsusilə külli miqdarda əmlakı mənimsəyərək ziyan vurmuşlar.
"Sara Qrup” QSC Azərbaycan Respublikasının qanunları ilə fəaliyyət göstərən şirkət olaraq fəaliyyət profili kənd təsərrüfatı üçün zəruri olan gübrələrin idxalı və satışıdır. Bu məqsədlə ölkəmizə idxal olunan yüksək keyfiyyətli gübrə məhsulları daha sonra Bakı şəhərində yerləşən mərkəzi anbarlardan Respublikamızın regionlarına rayonlar üzrə satış nümayəndələri vasitəsilə yayılır, sonra isə rayon satış nümayəndələri tərəfindən yerli fermer təsərrüfatlarına, istixanlara və s. satılaraq əldə olunan vəsait mərkəzi hesaba köçürülür.
Vahabzadə Əlişükür Yusif oğlu adlı vətəndaş 2020-ci ilin sentyabr ayından şirkətimizdə İmişli rayonu üzrə satış nümayəndəsi vəzifəsində çalışır. 2020-ci ilin noyabr ayından etibarən tanışı Aslanov Vüsal Elşad oğlu ilə əlbir olaraq onun vasitəsilə Qəbələ rayonunda Yenikənd anbarı təşkil etmiş və təhvil aldığı gübrənin bir hissəsini ora göndərmişdir.
Beləliklə, 2020-2021-ci illər ərzində Əlişükür Vahabzadə müxtəlif növ (bax qoşma 1) 1618 ton 910 kq gübrə məhsulunu təhvil alaraq öz fəaliyyət dairəsinə aid olan İmişliyə deyil, faktiki Qəbələ (Yenikənd) anbarına göndərmiş, 439 ton 758 kq gübrə məhsullarının dəyərini, yəni şirkətimizə məxsus 630.769 (alti yüz otuz min yeddi yüz altmış doqquz) manat vəsaiti Aslanov Vüsal Elşad oğlu ilə mənimsəmişlər.
2022-ci ilin mart-aprel aylarında həmin anbarlarda keçirilən yoxlama zamanı 439 ton 758 kq miqdarında məhsulun çatışmadığı müəyyən olunmuş və həmin şəxslər yazdıqları izahatlarda çəkisi 630 ton 769 kq, dəyəri 630.769 manat olan məhsulu sataraq mənimsədiklərini etiraf etmişlər.
Beləliklə, İmişli rayon satış nümayəndəsi Vahabzadə Əlişükür Yusif oğlu Aslanov Vüsal Elşad oğlu ilə bir qrup şəxs halında "Sara Qrup” QSC-yə 630.769 manat ziyan vurmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4.-cü maddəsində tövsif olunmuş əməli törətmiş, bununla da şirkətimizin mənafeyinə xüsusilə külli miqdarda ziyan vurmuşlar.
Qeyd olunanları nəzərə alaraq, həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməklə, şirkətimizə vurulmuş xüsusilə külli miqdarda ziyanın ödənilməsini Sizdən xahiş edirik”.
Qlobal.az