“SİMA İmza” tətbiqinin yüklənmə sayı 3 milyonu ötdü
Yanvar 22
14:44
2025
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki "AzInTelecom” MMC-nin yaratdığı "SİMA İmza” mobil tətbiqinin yüklənmə sayı 3 milyonu ötüb. Son beş ayda tətbiqin endirilməsi 1 milyondan çox artaraq bu göstəriciyə çatıb.
"SİMA İmza” tətbiqi yaradılandan sonra vətəndaşların və qurumların elektron imza əldə etməsi üçün xidmət mərkəzlərindən asılılığa son qoyulub. İnternetə çıxış olan istənilən yerdə, istənilən vaxt smartfon vasitəsilə yeni nəsil rəqəmsal imzanın əldə olunması mümkündür. Bunun üçün sadəcə "SİMA İmza” tətbiqini smartfona yükləyib qeydiyyatdan keçmək kifayətdir. Tətbiq vətəndaşlar üçün ödənişsizdir.
SİMA rəqəmsal imza ölkənin rəqəmsal transformasiyasını sürətləndirir, dövlət-özəl tərəfdaşlığı çərçivəsində həm vətəndaş məmnuniyyətinin yüksəldilməsinə, həm də şəxslərin rəqəmsal hökumət konseptindəki rolunun aktivləşməsinə təkan verir. Belə ki, rəqəmsal imzanın imkanları vaxta və xərcə qənaət imkanı yaradır. Fiziki müraciətlərin qəbulu üçün əlavə işçi və kağız sənədlər saxlamağa ehtiyac qalmır. Uzun və yorucu növbə prosesləri aradan qalxır.