SON XƏBƏR

Silahını öz başına sıxan Müxalifət, yaxud Media necə “satqın” çıxdı?

Avqust 15
10:01 2016
1993-cü ildən tənqidçi media müxalifətin qoşalüləsi, "vinçester”i, "kalaşnikov”u olub. Müxalifətin ən zəif illərində belə media onu ayaqüstə saxlayıb, gücünü birəbeş artıq göstərib, ciddi qüvvə kimi təqdim edib, mitinqlərində iştirakçı sayını on dəfə artırıb, (rəqib önündə rüsvay olmasınlar deyə) hətta oxucunu inandırıb ki hakimiyyətin dəyişməsinə lap az zaman qalıb.
 
Demokratik düşərgənin ən güclü silahı elə sözünə və fədakarlığına güvəndiyi vicdanlı jurnalistlər ordusu idi. Müxalifətçilərdən heç də az məşəqqət çəkməyən, bütün məhrumiyyətlərə duruş gətirən, ac-susuz, ailəsinin dolanışığını düşünmədən böyük ideyalar arxasınca qaçaraq təhlükə içərisində, gərgin və stress dolu həyat yaşayan tənqidçi medianın aldığı qiymət də göz qabağındadır – "isinmədik istisinə, kor olduq tüstüsünə”…
 
23 ildə mətbuatın öz ayaqları üstündə tab gətirərək repressiv hakimiyyətin şiddətli təzyiqlərinə dözməsinə, ölüm-dirim savaşından, qanlı döyüşlərdən çıxmasına baxmayaraq, döyülüb, təqib olunmasına rəğmən "beş barmağını bal edib müxalifətin ağzına soxsa” yenə də qədir-qiyməti olmayacaq. Necə deyərlər, prinsipial və döyüşkən mətbuat heç vaxt prinsiplərə sadiq olmayan, ayrı-ayrı illərdə, seçkidən-seçkiyə ziq-zaqlar etmiş, spekulyasiyalarla özünə haqq qazandırmış, insanların ümidlərini hər seçkidə dəfn etmiş, 3-5 mandata görə bir-birinə xəyanət etmiş müxalifətin qurbanına çevrildi.
 
Media da günahkardır: bilə-bilə ki iki barışmaz, "mehriban düşmən” olan İsa Qəmbər və Əli Kərimlinin birliyi SSRİ ilə ABŞ-ın barışmasından daha nonsens idi. Müxalifətin oduna yanan jurnalistlər bu gün böyük təhlükələrdən, həbslərdən, işgəncələrdən özünü qorumaq üçün incə manevr edən kimi təftiş olunur, məqaləsinin başlığına belə müdaxilə edilir, tənqidi yazılarında İlham Əliyevin adını çəkməyən yazara vətən xaini, satqın damğası vurulur.
 
Niyə? Hansı arqumentlə, hansı meyarla? Və ən əsası hansı mənəvi haqla? Məgər müxalifət üçün canını verən, meydanlara polis dəyənəyinin altında indildəyən və üç-beş qəpik-quruş aldığı qonorarla nəşriyyatın yeməkxanasında sosiska-çörək tapıb yediyinə sevinən jurnalistlərə nə zaman müxalifət dəstək olub? Jurnalistlər müxalifətə inanaraq fədakarlıq etdiyi zamanlarda hansı mənəvi haqla mandat bazarlığı etmək kimi əlahiddə missiyanı özlərində görmüşdülər? Bu mandatdan qazandıqlarına görə medianın gücü artıbmı? Müxalifətə görə mitinqlərdə döyülən jurnalistlər, qəzetlərin çap və yayımında təzyiqlə üzləşən media nümayəndələri, redaksiyaları bağlanan baş redaktorlar indi həmin müxalifət tərəfindən söyülür, aşağılanır, hakimiyyətə satılmaqda ittiham edilir.
 
Heç bir jurnalistin həbsinə görə mitinq təşkil etməyən, onların uğrunda fədakarlıq göstərməyən, zindanlarda çürüyən yazarların ailəsinin maddi durumu ilə maraqlanmayan, yalnız sosial şəbəkələrdə status yazmaqla kifayətlənən siyasətçilər indi əzablı yollar keçmiş yazarları düşmən elan edir. Bizə o da azdır. Əslində, medianın işi birtərəfli olmaqdır. İstər iqtidar, istərsə müxalifətin düşərgəsində baş verən hadisələri işıqlandırmaqdır. Ancaq vicdanlı jurnalistlər hakimiyyətin ədalətsiz siyasətinə etiraz olaraq əynindəki nimdaşı çıxarıb, kəfəni geyinib, media vəsiqəsinin arxasında gizlənməyib, müxalifətlə çiyin-çiyinə dayanıb, liderləri aşağılayan adamların cavabını verib, eyni səngərdə eyni hədəfə vurub.
 
Müxalifətin prinsipsizliyini tənqid edəndə isə özünü demokratik düşərgə hesab edənlərin tənqidə dözümsüzlüyü ortalığa çıxıb. İllərlə köşə yazılarında topa tutulan Siyavuş Novruzov, Mübariz Qurbanlı, Zahid Oruc, Fəzail Ağamalı və başqaları tənqid olunublar, ən sərt sözlər onlara ünvanlanıb. Ancaq bircə kərə İsa Qəmbər, Əli Kərimli, Lalə Şövkət, Arif Hacılı barəsində tənqid yazanlar linç edilir, iqtidarın jurnalisti adlanır, sosial şəbəkələrdə edam edilir. Budurmu demokrat olmaq? Budurmu tənqidə dözüm?
 
Əgər iqtidara gəlsəydi Əli Kərimlinin və ya Arif Hacılının mediaya münasibəti indi hakimiyyətdən nə ilə seçilərdi? Müxalifətin mitinqlərində, meydanlarında yanında olan jurnalistlər o zaman qəhrəman idi, indi Milli Şuranın, Müsavatın yanlışını görüb tənqid edən kimi sifarişçi hesab olunur. Elə son olaraq Rauf Arifoğlunun Arif Hacılı haqda dedikləri 23 illik mətbuat-müxalifət münasibətlərinin leytomitividir. Arif Hacılı ona sual ünvanlayan "Bizim yol” qəzetinin redaktoru Elçin Rüstəmlini də eyni şəkildə acılayır. E.Rüstəmli cəbhəçi kimi mübarizə apardığı zaman və redaktoru olduğu qəzet bir zamanlar rəşadət göstərdiyində A.Hacılı belə danışmırdı. İndi ona Müsavatın qurultayı haqda verdiyi haqlı suallara cavabında A.Hacılı qəzeti və redaktoru hakimiyyətə işləməkdə ittiham edir. Əvvəla, jurnaistin işi sual vermək və cavab almaqdır, hətta sualı verən AzTV-nin əməkdaşı olsa belə… Amma Müsavatın yeni başqanı suallara cavab verməzdən əvvəl jurnalistin hansı düşərgədə aid olmasına münasibət bildirir. Demokratik düşərgənin təmsilçisinə baxın!!!
 
Tənqid bütün dövrlərdə, bütün ölkələrdə sevilməyib. Xüsusilə də siyasətçilər, dövləti idarə edən məmur kontingenti tənqidə qarşı həssas və dözümsüzdür. Avtoritar ölkələrdə isə tənqid edənlə tənqid olunan arasında münasibətlər az qala düşmənçilik həddinə qədər yüksəlir. Təəssüf ki, Azərbaycan da avtoritar ölkələr siyahısındadır. Ona görə də illərdir media-siyasət arasında tənqidə, təftişə görə gərginlik hökm sürür.
 
İqtidar öz tənqidçilərini əsasən "düşmən dəyirmanına su tökən antimilli ünsür” adlandırır, müxalifət isə bu kateqoriya insanlara "iqtidarın agenti”, "hakimiyyətin gizli tapşırıqlarını yerinə yetirən şpion” damğası vurur.
 
Bu mənada bizim iş çox çətindir. Belə ki, iqtidarı tənqid tənqid edən sayt və qəzetlər ən yaxşı halda məhkəməyə verilib, bir neçə min manat cərimələnir.
 
İdeya-siyasi baxımdan özümüzə yaxın, doğma bildiyimiz müxalifət tənqidə hakimiyyətdəkilər qədər dözümsüz yanaşır. Hətta Feysbuk statusunda bir cümləni adama bağışlamır hörmətli müxalifət liderləri.
 
İsa Qəmbərə qarşı bir sətir yazmağı sınaqdan keçirin və necə hücuma məruz qalacağınıza şahid olun. Əli Kərimli barəsində iki sətir yazmaq isə ölüm fərmanıdır. Cəbhəçi "taliban”çılar yazarı az qala erməni ilə qohum çıxarsın.
 
İqbal Ağazadə isə hikkəli siyasətçidir. Çünki onu müxalifət saymayan jurnalist gözünün düşmənidir. Onun üzünə deyilən çılpaq həqiqətləri fəlsəfə ilə izah etməyə çalışaraq vəziyyətdən çıxmaq əsas işidir. Rəsul Quliyev onların içərisində ən bərbad kadrdır.
 
1993-cü ildən tənqidçi media müxalifətin qoşalüləsi, "vinçester”i, "kalaşnikov”u olub. Müxalifətin ən zəif illərində belə media onu ayaqüstə saxlayıb, gücünü birəbeş artıq göstərib, ciddi qüvvə kimi təqdim edib, mitinqlərində iştirakçı sayını on dəfə artırıb (rəqib önündə rüsvay olmasınlar deyə), hətta oxucunu inandırıb ki hakimiyyətin dəyişməsinə lap az zaman qalıb. Amma, əmması göz qabağında – müxalifət mətbuatı, yəni qoşalüləsini öz başına sıxıb. Bu, intihardır…
 
(Aslan Nasir, Cumhuriyyet.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook