SON XƏBƏR

Serbiyada Azərbaycan dilinin tədrisinə başlanıldı

Oktyabr 31
00:38 2019
Oktyabrın 18-dən Serbiyanın aparıcı elm-təhsil ocaqlarından biri olan Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyət Mərkəzində Azərbaycan dilinin tədrisinə başlanılıb.

Azərbaycan Dillər Universitetindən (ADU)  verilən məlumata görə, seçmə fənn kimi tədris olunan Azərbaycan dili dərsində 25-dən çox iştirakçı arasında yalnız universitet tələbələri deyil, həmçinin Azərbaycan dilinə maraq göstərən digər millətdən olan (Çin, Yaponiya və s.) tələbələr də iştirak edir.

Dərslər mərkəzin rəhbəri, Novi Sad İncəsənət Universitetinin professoru Zərifə Əlizadə və Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik ixtisası üzrə doktorantı Günel Babanlı tərəfindən aparılır.

Belqrad Universitetində Azərbaycan dili fənnini tədris edən mütəxəssislər ADU-nun Azərbaycanşünaslıq Elmi-tədqiqat laboratoriyasında Universitetin dilçi alimləri tərəfindən təlimatlandırılıb, proqram və dərsliklərlə təhciz olunublar. Dərs proqramına əsasən, tələbələrə yalnız qrammatik qaydaların öyrədilməsi ilə kifayətlənməyib, həmçinin, onlarla gündəlik həyatın müxtəlif sahələrində rast gəlinən mövzularda müzakirələrin aparılması nəzərdə tutulub. Bundan başqa Belqrad Universitetinin professoru, türkoloq alim Ema Milkoviç iki universitet arasında mövcud olan imkanları tələbələrin diqqətinə çatdırıb.

Belqrad Universitetində "Azərbaycan dili və mədəniyyəti mərkəzi” ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdullanın təşəbbüsü və Azərbaycanın Serbiyadakı səfirliyinin birbaşa dəstəyi ilə 2018-ci il aprelin 26-da filologiya fakültəsində fəaliyyətə başlayıb. Mayın 21-də isə güzgü effekti olaraq ADU-da "Serb dili və mədəniyyəti mərkəzi” Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç tərəfindən açılıb, 2018-2019-cu tədris ilindən isə ADU-nun Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin tələbələri Serb dilini xarici dil kimi öyrənməyə başlayıblar.

Qeyd edək ki, oktyabrın 26-da Xalq yazıçısı Çingiz Abdullayevin 60 illik yubileyi münasibətilə onun yaradıcılığına həsr olunan simpozium və serb dilinə tərcümə olunaraq nəşr edilmiş "İngilis bulvarı” adlı kitabının təqdimat mərasimi də məhz Belqrad Universitetinin Azərbaycan dili və mədəniyyəti mərkəzində baş tutub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook