Səngərdə xidmət edən əsgərin birinci qrup əlil olan həyat yoldaşından Prezident İlham Əliyevə ŞİKAYƏT- FOTOLAR
Sentyabr 10
16:10
2016
İmişli Rayonu, Mirzə Sadıqcan küçəsi, ev 14-də yaşayan birinci qrup əlil Səbinə Talıbzadənin acınacaqlı məişət şəraitinə İmişli RİH-i heç bir köməklik göstərmək istəmir.
Bu barədə Qlobal.az-a Səbinə Talıbzadə ailəsinin sosial vəziyyətinin ağırlığı barədə ünvanladığı şikayət məktubunda yazır.
Himayəsində 6 aylıq körpəsinin, həyat yoldaşının isə Tərtər rayon istiqamətində hərbi xidmətdə olduğunu deyən Səbinə xanım şikayət məktubunda daha sonra yazır: "İmkansız ailəyik, birinci qrup əliləm. Həyat yoldaşım Tərtər rayonunda ön cəbhədə xidmət edir. İmişlidə atam, anam və 6 aylıq körpəmlə birgə yaşayıram. Yaşadığımız ev kərpiç ev olduğu üçün İmişlidə baş verən zəlzələdən sonra qəzalı vəziyyətə düşüb. Demək olar ki, bu ev hər an uça bilər. Gecələri azca külək əsən kimi qorxumuzdan yata bilmirik. Dəfələrlə min-bir əzab əziyyətlə İmişli rayon icra hakimiyyətinə dərdimi söyləmək üçün getmişəm. Son dəfə İmişli RİH-nin başçısının birinci müavini Səfa Ağayev məni qəbul etdi. Adımı, ünvanı qeyd edib gəlib problemlə maraqlanacaqlarını desələr də hələ gələn olmayıb".
Şikayətçi xanım daha sonra məktubunda üzünü ölkə rəhbərliyinə tutaraq yazır:
"Möhtərəm cənab Prezident! Hörmətli Mehriban xanım. Siz bizim ümid yerimizsiniz. Mən daha İmişli RİH-nin problemlərimi həll edəcəyinə inanmıram. Xahiş edirəm bizim aiələyə kömək edin. Biz bu qışı bu evdə keçirə bilmərik. Xahiş edirəm həyat yoldaşımın səngərdə hərbi xidmətdə olduğunu, özümün birinici qrup əlil olduğumu və nəhayət himayəmdə 6 aylıq körpə uşaq olduğunu nəzərə alıb yaşadığımız kiçik daxmanın təmir olunmasına köməklik edəsiniz. Sizə daim duaçı olacağıq."
Məsələ ilə bağlı İmişli RİH-nin 0212466002 nömrəli telefonuna zəng etsək də bizi cavablandıran olmadı.
Mövzunu diqqətimizdə saxlayacağıq.
Qlobal.az














