SON XƏBƏR

Sənətşünasdan teatr direktoruna sual: "Niyə onları teatrdan küsdürdünüz?"

Fevral 20
11:34 2019
Teatr sənəti uzun və keşməkeşli inkişaf yolu keçmişdir. Yaradıcılığın mürəkkəb proseslərində müxtəlif dövrlərdə, siniflər, partiyalar cəmiyyət üzvlərini, ictimaiyyəti, kütləni öz tərəfinə çəkmək məqsədi ilə, bədii ifadə vasitələrindən çox bacarıqla istifadə edə biliblər. Amma, bu gün məqsədim teatrın keşməkeşli inkişaf yolunu araşdırmaq yox, əməkdar mədəniyyət işçisi, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevin adından 14 fevral tarixində "Bakı-Xəbər” qəzetində çap olunmuş "Teatr və islahatlar – konseptual baxış” məqaləsinə bir sənətşünas kimi münasibət bildirməkdir.

Əvvala onu deyim ki, məqalədə yeni heç nə yoxdur və burda qaldırılan məsələlərin hamısı bir neçə ildir ki, teatr adamlarının müzakirə mövzusudur. Türkiyədə olduğu kimi Dövlət Tearlarının Genel Müdürlüyünə bənzər, fəaliyyətini tam təsərrüfat hesabı və özünü maliyyələşdirmə prinsipi əsasında quracaq Baş idarənin yaradılması, teatrdakı ştatların hamılıqla eyniləşdirilməsi, yaxud da əyalət teatrlarının mərkəzləşmiş regional şöbələrə verilməsi, Rusiyada olduğu kimi teatrların birləşdiriləcəyi, qismən özünümaliyyələşdirilməyə keçiriləcəyi və s. məsələlər hər gün teatr adamlarının müzakirə etdiyi söz-söhbətdir.

Məqalə məndə  bir sıra suallar doğurdu. Həmdə müəllif bütün teatr adamlarını müzakirəyə səslədiyinə görə bu yazını yazmaq qənaətinə gəldim.

Hamının bildiyi və həmişə düşündüyü məsələyə yenilik  donu geyindirib oxucuya təqdim edilən məqalədə, İftixar Priyev "Yetər ki, teatr sənətinin rentabelli olması üçün gərək olan mexanizmin qurulmasını biz teatr xadimləri birgə olaraq düşünüb ərsəyə gətirək”. deyir. Bu sual yaranır. Cənab "teatr xadimi” Siz 20 ildir ki, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan  Dram Teatrına rəhbərlik edirsiniz. Bu dediyiniz mexanizmi rəhbərlik etdiyiniz illər ərzində qurmaq üçün sizə kim və nə mane olurdu? Sadə həqiqətdir ki, teatrda əgər tamaşa tamaşaçını maraqlandıran, düşündürən mövzuya həsr edilib yüksək səviyyədə hazırlanırsa, tamaşaçını cəlb edəcək və teatrın məhsulu  da satılacaqdır. Bu da rentabellik...  

Kino  ilə teatrın arasındakı fərqi də bilməmiş olmazsınız. Kino- biznesdir, teatr sənətdir. Onları eyniləşdirmək böyük bir səhvdir.

Çox ürək yanğısı ilə itirilmiş tamaşaçı kütləsini qaytarmaq barədə məsləhətlər verirsiniz. Əvvala, "tamaşaçı kütləsi” ifadəsi "teatr tamaşaçıları” kimi işlənsəydi daha elitar olardı. Ən azından ona görə ki, teatr sənəti elitar sənətdir və onun tamaşaçısı da "kütlə” deyil. Əfsuslar olsun ki, teatrın tamaşaçısını itirmə prosesi, tamaşaçıya olan bu qəbuledilməz münasibətdən başlayır. 

İkincisi, heç də teatrlarımızın hamısı tamaşaçılarını itirməyib. İnsani hisslərdən, dünyagörüşünü yönləndirən, müasir insanın daxili dünyasını, mənəviyyatını zənginləşdirən tamaşalar hazırlayan teatrlarımızın salonlarına, tamaşaçılar mənəvi rahatlıq tapmaq üçün gəlirlər və zövqlərini oxşayan tamaşalara da baxırlar. Özümdən asılı olmayaraq yadıma "Məsələni hərə öz arşını ilə ölçür” atalar məsəli düşür.

Hörmətli İftixar müəllim, əgər 20 ildir rəhbərlik etdiyiniz teatr öz tamaşaçısını itiribsə, sizcə günah kimdədir? Bir teatr rəhbəri olaraq siz özünüzü günahkar saymırsınız? Saymırsınızsa onda səmimi deyilsiniz və inanın ki, bu məsələdə birinci növbədə bir direktor kimi günahkar sizsiniz.

Hamı bilir ki, teatr sənətinin barometri teatr festivallarıdır. Festivallar teatr bayramıdır. Yarış meydanıdır. Tamaşaçı rəğbəti qazanan, yüksək meyarlara cavab verən formada hazırlanmış tamaşalar teatr festivallarına dəvətlər alır. (Bu məqamda qastrollar zamanı akt zallarında oynanılan kompazisiyaları bura aid etmək lazım deyil. Festival sənət yarışmasıdır. Qastrol isə teatrın gəlir yeridir). Yoldaş direktor, soruşmaq istərdim, rəhbərlik etdiyiniz 20 il  ərzində İrəvan teatrı hansı ölkədə keçirilən teatr festivalında iştirak edib? (Bu məqamda Şəki festivalı çərçivəsində Suraxanı mədəniyyət evində, tamaşaçısız salonda oynadığınız tamaşanı da bura aid etmək lazım deyil. Niyə tamaşaçısız? Çünki, siz axı tamaşaçınızı çoxdan itirmisiniz...)

Yazının ruhu gizli mətləblərdən xəbər verir.. Bildiyimiz kimi teatr kollektiv sənətdir. O kollektiv halında da, demokratik formada idarə edilməlidir. Mən belə başa düşürəm ki, teatrlarımızın "tamaşaçı kütləsini” itirməyinin birinci səbəbi teatrı kollektivin iradəsinə deyil, məhz teatr direktorunun iradəsinə tabe etdirilməsi oldu və bu da teatr sənətimizi çətin duruma saldı. Hamımıza məlumdur ki, teatrlarda olan bədii şuralar formal xarakter daşıyır. Bir neçəsini çıxmaq şərti ilə rejissorlarımız isə "başlarının milçəyin” qoruyub, heç bir məsuliyyət hiss etmədən əmək haqqı alır, yarıtmaz, zövqsüz, tamaşaçının maraq dairəsini əhatə etməyən tamaşalar hazırlayırlar. Bu inkaredilməz faktdır. Hörmətli teatr xadimimizin məqaləsində verdiyi təkliflərdə isə, ümumiyyətlə teatrlar bir adama, prodüsserə tabe edilir. Yəni bir anın içində prodüsserə çevrilən köhnə direktor hakimi mütləq olur. "Ağanəzərəm belə gəzərəm” "psixologiyasına hakim olan direktorun əvəzinə, ondan daha pis olan "Anam mənə kor deyib, gəlib gedəni vur deyib” psixalogiyasına hakim olacaq prodüsserlər meydana atılacaqlar ki, teatrda onların bir sözünü iki eləyən olmayacaq. İndi heç olmasa baş rejissorlar hərdən nəsə edə bilirlər.

Ən maraqlı təklif, "Xərcini ödəməyən tamaşalara xərclənən vəsait növbəti ilk tamaşanın təyin olunmuş normasından əlavə qazancı hesabına çıxarılmasa, həmin xərclər hissə-hissə prodüserlərin maaşından tutulur” təklifidir. Gəlin bir anlıq fikirləşək ki, İravan teatrının prodüsseri İftixar Piriyevi seçdilər. O da Baş prodüsserin sifarişi ilə "Üç dəniz əfsanəsi” adlı tamaşa hazırladı. Təsəvvür edək ki, tamaşaya 10 min manat xərc çəkildi. Vəsait ayıran Baş prodüsser tamaşanı qəbul etmədi. (Yeri gəlmişkən doğrudan da keçən il dövlət sifarişi yolu ilə hazırlanmış həmin tamaşanı Nazirliyimizin müvafiq komissiyası qəbul etmədi. İstənilən teatra baş ucalığı gətirməyən belə bir "ilkə” də İrevan teatrı imza atdı.) Prodüsser nə qədər əmək haqqı almalıdır ki, bu vəsaiti geri qaytara bilsin? Fərz edək ki, 500 manat. Əmək haqqından tutulmaların 30 % dən çox olmasını qanunvericilik qadağan edir. Demək prodüsser hər ay 150 manat pul ödəməlidir. 10000:150=66 ay:12=5il beş ay. Hə deməli, bu yarıtmaz prodüsser hələ beş il beş ay da işləməlidir ki, borcunu qaytara bilsin. Özü də dövlətdən aldığı pulla... Və özünə toxunulmamazlıq qarantiyası qazanır. Bəla bilirsiniz hardadır? İnsanların tək hakimiyyətliliyə meyilli və onların tamah dişlərinin "Murtuzəlinin qılıncından iti” olmasında... Olmaz belə islahatdan...

Müəllif "çeşidli layihələr haqqında tam geniş teatr təbliğatına başlamaq üçün ilk növbədə "Teatr” adlı Tv kanalının yaranmasını vacib hesab edir. Əgər teatrın satmaq üçün məhsulu yararsızdırsa,   "Teatr” kanalı izləyicilərinə hansı tamaşanı çəkib göstərəcək? Kanalda baxdığı yaxşı tamaşaya isə  pul verib, bilet alıb ikinci dəfə kim baxmaq istəyəcək? Mədəniyyət kanalı olduğu halda "Teatr” televiziya kanalının yaradılmasına lüzum varmı? Və bu kanal hansı vəsaitlə yaradılacaq? Həddən artıq yüklənmiş dövlət büdcəsini yüngülləşdirmək üçün ixtisar və birləşmələrin getdiyi bir vaxtda dövlət niyə vəsait ayırmalıdır? Əgər dövlət vəsait ayırmasa, Baş prodüsser bu vəsaiti hardan alacaq? "Mədəniyyət” kanalı tamaşaçı zövqünü oxşayan teatr tamaşalarını mütəmadi olaraq çəkib göstərir. Bəzi teatrların tamaşalarını göstərmirlərsə heç "Teatr” kanalı da göstərməyəcək. Deməli, məsələ televiziya kanalında deyil, məsələ hazırlanan tamaşanın bədii keyfiyyətindədir.  

Müəllif görkəmli alim Lütfi-Zadənin "Qeyri səlis məntiq” nəzəriyyəsini Aristotelin "Binar” nəzəriyyəsindən üstün tutduğunu bildirir.  Dünyada bunun əksini fikirləşən bir adam belə yoxdur. Fikrimcə, teatrların iqtisadi vəziyyətin yaxşılaşdırmaq, tamaşaçını teatr salonlarına qaytarmaq, gəncləri irəli çəkmək, yaradıcılıq mühiti yaratmaq, festivallara dəvət almaq üçün hansı nəzəriyyənin dəstəklənməsinin heç bir əhəmiyyəti yoxdur. Düşüncəmə görə "qeyri səlis məntiq nəzəriyyəsinin”  teatrın iqtisadi dirçəlişi ilə heç bir əlaqəsi yoxdu.

Nə qədər ki, teatrlarda kütlə psixollogiyası, qeyri sağlam yaradıcı mühit, qeyri şəffaflıq hökm sürəcək, azad düşüncə olmayacaq, nə qədər ki, teatrın maliyyə xərcləri bir nəfərə-direktora həvalə olunacaq, sizin qeyd etdiyiniz ehtimallar özünü doğrultmayacaq. Bu yerdə Aristotelin bir kəlamın xarırlamalı olacam. "Öz düşüncələrində ədalətli olmaq, əməldə də ədalətli olmaq demək deyil”. Mətbuatda mələk simasında özünü təqdim etmək istəyən adamlar bilməlidirlər ki, cəmiyyətimiz hər şeyi çox gözəl bilir, hər kəsin də savad dərəcəsindən xəbərdardır.

"Bilet satışından əldə olunan gəlirlərdən aktyorların maaşlarına əlavələr verir”. Xərcləməyə nə var ki... o pulu qazanmaq çox çətindir.

İftixar Piriyev teatrlarda pulu qazanmağın yollarını da söyləyir: "Teatrlar tamaşaçıları həvəsləndirmək məqsədilə mükafatlarla təmin olunmuş uduşlu biletlərin, teatrda çalışan aktyorların və teatrla əməkdaşlıq edən sənət xadimlərinin uduşlu  portret foto-şəkillərinin, buklet və təqvimlərinin, kitab və jurnalların satışını təşkil edir”.

Elitar sənət məkanı olan teatrı "lototrona” çevirmək, maddi gəlir arxasınca gələnlərin məkanına çevirmək hansı məntiqə sığır? Bu yeni forma deyil. Bəzi "zirzəmi” və kiçik özəl Avropa teatrları bir vaxtlar tamaşaçını  cəlb etmək üçün bu formadan istifadə ediblər. Uduşlu bileti ilə nəsə qazanacağını səbirsizliklə gözləyən tamaşaçını (Əgər belələri tapılacaqsa??) teatrın bufetindən necə çıxarmaq olar? Maddi vəziyyətini yaxşılaşdırmaq üçün gələn tamaşaçını mənəvi qazanc düşündürməyəcək. O heç tamaşaya da baxmayacaq, telefonla oynayacaq. Bu aksiomadır. 2+2=4 qədər aydındır. O ki, qaldı, aktrisa və aktyorların uduşlu portret, foto şəkillərinin satışını təşkil etməyə...bura sözün qurtardığı yerdir. İnternetin, sosial şəbəkələrin tüğyan etdiyi indiki zamanda istənilən aktrisa və aktyorun şəklini bir dəqiqənin ərzində əldə etməyin mümkün olduğu bir halda, kim gəlib sizin satdığınız portret və şəkilləri alacaq? Kitab mağazalarımız isə Allaha şükür şəhərimizdə o qədərdir ki.. onlarla teatr kitab satışında rəqabətə tab gətirməz... Bunlar hamısı utopiyadır...

Teatrın iqdisadi vəziyyətinin yaxşılaşdırılması məhəbbətlə, zövqlə, tamaşaçı marağına uyğun hazırlanmış yaxşı tamaşadan keçir. İqdisadi cəhətdən inkişaf etmiş ölkəmizdə yaşayan tamaşaçı yaxşı tamaşa üçün istənilən dəyərdə olan bilet almağa qadirdir. Bir il bundan qabaq "El-Setera” teatrının rəhbəri Kalyaginin iştirakı ilə S.Vurğun adına Rus dram teatrında baş tutmuş tamaşaya biletin qiyməti 60-80 manat idi. Zalda isə boş yer yox idi. Və yaxud, istedadlı rejissor Elvin Mirzəyevin hazırladığı "Min möhtəşəm günəş” tamaşasına dəyəri 20 manat olan bilet alan tamaşaçılar mənim yadımdadır. Hara getdi o tamaşaçılar? Niyə onları itirdiniz? Niyə onları teatrdan küsdürdünüz? Kimdir günahkar? Əlbətdə ki, siz, yoldaş İftixar Piriyev. Yaradıcı, kövrək, ruhsal insanlar olan aktyorlarınızın bir direktor kimi qayğısına qalmaq əvəzinə, şəxsi ambisiyanızı hər şeydən üstün tutdunuz. Tamaşada əsas rolları oynayan aktyorları böhtanlar atıb, işdən çıxartdınız və tamaşa da bağlandı. O zaman niyə "teatr xadimi” olduğunuz yadınıza düşmədi? İndi teatr islahatından hansı haqla danışırsınız? Buna sizin mənəvi haqqınız yoxdur. Belə etməsəydiniz, tamaşa hələ də repertuarda qalardı. Tamaşaçı isə zövqlə hazırlanmış tamaşaya baxardı, siz də  iqdisadi durumunuzu qaydaya salardınız.... teatrın iqdisadi durumunu deyirəm.

İ.Piriyev təklif edir: "Teatrların baş idarəsi” qanunla qadağan olunmayan bütün kommersiya və digər işləri həyata keçirir.” Açması- yəni teatrlar çevrilib olacaq "kolxoz bazarı!” Prodüsser də olacaq "bazarkom”! Nə deyim, vallah...

Əməl istəklə üst-üstə düşməyəndə insanın şəxsi faciəsi başlayır. İnsan özü bunu hiss etmir. Qıraqdan isə hər şey çox gözəl görünür. Söz xatirinə söz demək, hamının bildiyi, teatrların dəhlizlərində dəfələrlə müzakirə edilmiş məsələni öz adına çıxıb xal qazanmaq, utanıb qızarmadan cəmiyyətə özünü "teatr xadimi” kimi sırımaq istəyənlər son zamanlar çoxalıblar. Görünür qulaqlarına səslər və sözlər çatır.  

Bəla burasındadır ki, hamı danışır. Hamı yazır. Hamı məsləhət verir. İnkişaf yollarından, islahatdan elə adamlar danışır ki, o dəqiqə hiss olunur ki, bunlar hamısı palavradır, yalandır, görüntü yaratmaq cəhdidir. Amma, əlində olan imkanlar daxilində teatr sənətinin inkişafına kömək edənlər yoxdur. İşləmək üçün bütün imkanlarınız var. Kim sizə mane olur? Heç kim... Bəs niyə işləmirsiniz? Arzularınızı yox işinizi göstərin... İtirdiyiniz tamaşaçını teatra qaytarın...

İrəvan teatrının direktoru İ.Piriyevin yazısının ruhundan belə qənaət hasil olur ki, teatrımız məhv olma ərəfəsindədir. Əgər doğrudan da belədirsə, günahkarlar cəzaların almalıdırlar. Günahkarlar isə teatrların maliyyə durumuna, demək həm də inkişafına məsul və cavabdeh olan şəxslərdir.  Teatrımızı məhvə məhkum edənlər, ondan varlanmaq üçün illər uzunu istifadə edənlər, maşınları, evləri, restoranları olan yoldaş direktorlar, heç olmasa teatrımız qarşısında ömrünüzdə bircə dəfə gələcək nəsillərin qiymətləndirə biləcəyi bir addım atın. Gedin... İmkan verin gənclər gəlsin.. təzə nəfəs, yeni düşəncə tərzi ilə bu ağır yükü çiyinlərinə götürsünlər.. Yerinizi verin onlara... Sizin itirdiyiniz tamaşaçıları siz geri qaytara bilməyəcəksiniz.. Çünki onların qədrini siz bilməmisiniz... Onları öz yararsız işlərinizlə narazı salmısınız... Nə qədər ki, əski düşüncə tərzinə malik Sizlər vəzifədəsiniz, teatr sənətimiz daha pis tənəzzülə uğrayacaq.. Siz direktordan çevrilib prodüsser olsanız belə... düşüncəniz dəyişməyəcək... Nə qədər ki, siz varsınız, iki yüz islahat keçirilsə də xeyri olmayacaq.. Teatra yazığınız gəlsin...Gedin!!!!!

Zülfiyye ELDARQIZI 
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
 
(Bakı-xeber.com)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook