Sən yardım etmirsən, qarət edirsən!
Yanvar 02
21:12
2016
Kənd təsərrüfatı riskli sahədir. Burada bitkiçilik məhsullarının istesalı bir çox faktorlardan aslıdır. Bir çox halda, istehsal prosesinin təşkili açıq səma altında, mürəkkəb şəraitdə gedir. Ona görə də məhsul istehsalının ətraf mühitdən asılılığı var. Son zamanlar baş verən iqlim dəyişikliyi və bunun nəticəsində kəskin xarakter alan təbiət hadisələri də bu sahə ilə məşğul olanların işini ağırlaşdırıb. Bölgələrdə yaz mövsümündə intensiv yağışların yağması, dolu düşməsi, yay mövsümündə havaların kəskin isti keçməsi kimi faktorlar kənd təsərrüfatında məhsulu istehsalını çətinləşdirib. Hava şəraitinin necə keçməsinin məhsuldarlığa təsiri olur. Ümumiyyətlə, ölkədə mövsümə uyğun olmayan hava şəraitinin keçməsi aqrar sahədə məhsul istehsalına çox ciddi təsir edib. Bununla yanaşı, aqrotexniki qaydalara tam əməl etməklə riskləri minimuma endirmək mümkündür. Bunun üçün kəndlilərin, fermerlərin maliyyə resurslarına ehtiyacı yaranır, bunu həyata keçirmək isə Azərbaycan reallığında bir çox səbəblərdən mümkün olmur.
Ümumiyyətlə kənd təsərrüfatında istehsalı genişləndirmək, keyfiyyətli toxuma, texnikaya, su təcizatına, üzvü və mineral gübrələrə, pestisidlərə olan ehtiyacları ödəmək üçün kapital qoyuluşuna ciddi ehtiyac yaranıb. Fermerlər uzun müddətdir ki, maliyyə cəhətdən çətinliklərlə üzləşir və elə bu səbəbdən də bizneslərini inkişaf etdirə, genişlədə bilmirlər. Fermerlərin kredit əldə etmə cəhdləri, bank tərəfindən irəli sürülən tələblərə görə boşa çıxır. Belə ki, veriləcək maliyyə resurslarını sğortalamaq üçün banklar müştərilərdən Bakı şəhərində daşınmaz əmlak və yaxud digər likvid girov qoyulmasını şərt kimi irəli sürür. Əksər fermerlər, kəndlilər bankların irəli sürdüyü şərtlər ağır olduğu üçün kredit ala bilmir. Belə halda, əkinlə məşqul olan kəndlilər maliyyə çatışmamazlığı səbəbindən keyfiyyətli toxum, müasir texnika, normaya uyğun gübrə və digər istehsal vasitələrini əldə edə bilmir və bu kimi səbəblərdən də aqrotexniki qaydalara əməl edə bilməyən fermerlər məhsuldarlığı artırmaqda, məhsulun keyfiyyətini yaxşılaşdırmaqda çətinlik çəkirlər. Ümumiyyətlə kənd təsərrüfatına investisiya qoyulmursa, o sahədən yüksək nəticə gözləməyə dəyməz.
Azərbaycanda 2015-ci ildə, "Kənd təsərrüfatı ili”ndə aqrar sahəyə verilən kredit vəsaitlərinin həcminin ciddi aşağı düşməsi əslində, paradoksdur. Qeyd etməliyəm ki, Mərkəzi Bankın açıqladığı hesabata görə 2015-ci ilin 10 ayı ərzində kənd təsərrüfatına verilən kreditlərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə xeyli az olub. 2014 cü ilin 10 ayında bu sahəyə 9,8 milyon dollar ekvivalentində kredit verildiyi halda, bu ilin müvafiq dövründə göstərici 9 faiz azalaraq, 9 milyon dollar təşkil edib.
Mərkəzi Bankın oktyabr ayının yekunlarına aid açıqladığı hesabata 2015 ci ilin oktyabr ayında isə verilən kreditlərin həcmi 685,5 min manat göstərilib, bu da 2014-cü ilin oktyabr ayı ilə müqayisədə 132,2 min manat və ya 16,3 faiz azdır.