Şəmşad Ağa: "Orfoqrafiya qaydalarının tez-tez dəyişdirilməsi yaxşı hal deyil"
Yanvar 12
19:51
2018
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu orfoqrafiya lüğətində dəyişiklik etmək istəyir. Bununla bağlı 69 maddədən ibarət orfoqrafiya qaydaları hazırlanıb. Qaydalar Orfoqrafiya Komissiyasının iclasında müzakirə edildikdən sonra təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək.
İndi gəlin dəyişikliklərə baxaq:
Dilçilik İnstitutunun açıqlamasında qeyd olunur ki, bundan sonra lüğətdə süni sözlər yer almayacaq. Öncə soruşmaq lazımdır ki, sözün süni və ya təbii olduğunu necə müəyyənləşdirirsiniz? Görünür, indiyə qədər özləri süni fəaliyyətlə məşğul olublar və birdən yadlarına düşüb ki, bəs dildəki sözlər qrammatik qaydalara uyğun yazılmalıdır. Götürək ərəb dilindən keçən "əsgər" sözünü. Son qaydaya görə indiyə qədər "əsgər" kimi yazılan bu sözün mənbə dildəki yazılışı əsas götürülüb və "əskər" yazılacaq.
Niyə mənbə dildəki yazılışı? Ciddi yanlışdır. İltisaqi dilin öz, flektiv dilin öz qaydaları var. Azərbaycan dilinin fonetik prinsipinə görə sözü necə tələffüz ediriksə, dilimizdə də o şəkildə işlətməli və yazmalıyıq. Necə ki rusların "vedro" sözünü "vedrə" kimi qəbul edib yazırıq. Bu sözlərə əsginas-əskinas, İsgəndər-İskəndər, işgəncə-işkəncə kimi sözləri də daxil ediblər. İndi başa düşüblər ki, bəs bu sözlər dilimizdə məhz tələffüzlərinə əsasən indiyədək "g" hərfi ilə yazılıb. Yəni mənbə dildə yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçib.
Əslində, orfoqrafiya qaydalarının tez-tez dəyişməsi yaxşı hal deyil, dildə xaotik vəziyyət yaradır. Götürək, alqı-satqı sözünü. Sovet dövründəki "Orfoqrafiya lüğət"lərindən 2013-cü ilə qədər olan bütün nəşrlərdə bu söz "alğı-satqı" kimi yazılıb. 2013-cü ildə, yəni bundan əvvəlki nəşrdə "alqı-satqı" kimi yazıldı və mübahisəyə səbəb oldu. Düzdür, Azərbaycan dilinin qrammatikasının tələbinə görə bu söz "alğı-satqı" yazılmalıdır. Əksər dilçilərin də fikrincə, sözdə cingiltili samitlərdən sonra -gi, -ğı, -gü, -ğu, kar samitlərdən sonra isə -ki, -qı, -kü, -qu şəkilçilərinin artırılması qrammatik qaydaların tələbidir. Ona görə də burada sözün kökündə (al) l cingiltili samit olduğu üçün "alğı-satqı" olmalıdır.
Deməli, nəzəriyyəyə əsaslansaq, sözün "alqı-satqı" kimi yazılması qrammatik normanın pozulmasıdır. Bu həm də fonetik normanın pozulması hesab oluna bilər. Amma mən bu sözün "alqı-satqı" kimi yazılmasının tərəfdarıyam və 2013-cü ildə nəşr olunan lüğətdəki qaydanı doğru hesab edirəm. Bəzi dilçilərin fikrincə, burada prinsip "cingiltilidən sonra cingilti samitlə başlayan səs gəlməlidir" deyil, əsas nəzəri prinsip səsuyuşması prinsipidir. Yəni samitlərin təsnifində (dərin təsnifində) "ğ" və "g" samitləri "q" və "k" samitlərinə nisbətən daha səsli (yəni sait xüsusiyyətli) səslərdir. Ona görə də əgər cingiltilidən sonra cingiltili samitlə başlayan səs gəlməlidir prinsipi əsas götürülsə, o zaman "al-qı" sözündə də "q" cingitilidir və tələb pozulmur. Deməli, tələb bu deyil.
Bəs niyə bu sözün "alqı-satqı" kimi yazılmasının tərəfdarıyam?
Bu barədə bir dəfə yazmışam, yenə də deyirəm ki, burada bir neçə məqama diqqət yetirmək lazımdır:
- Əvvəla, bu söz "alqı-satqı" şəklində daha ümumişləkdir. Eyni zamanda "alğı" şəkildə tələffüzü və yazılışı dildə ağırlıq yaradır. Nəzərə alsaq ki, fonetik norma həm də sözlərin asan tələffüzünə və yazılışına əsaslanır, onda bu versiya daha doğrudur. Yəni "çalğı" sözü "çalqı", "yarğı" - "yarqı", "pusqu" - "pusğu" kimi necə ağırlıq yaradırsa, "alqı" da "alğı" kimi eyni ağırlığı yaradır.
- İkincisi, yuxarıda qeyd etdiyimiz sözlərin heç biri mürəkkəb söz kimi işlədilmir. Ona görə də "alqı-satqı" sözündə ikinci tərəfin - "satqı" - tələbilə bu sözün "alqı" kimi yazılışı da normaldır.
- Üçüncüsü, dildəki istisnaları bu sözə də aid etməklə, sözün "alqı-satqı" kimi yazılışını doğru hesab etmək olar.
O ki qaldı digər sözlərə, onlarla bağlı yeni qaydaları normal qəbul etmək olar, əgər bir ildən sonra yenidən dəyişməsələr. Məsələn, qoşa "y" ilə yazılan sözlərin bir "y" ilə yazılmasının tərəfdarıyam: ədəbiyat, maliyə və s.
Amma bu sözlər bakalavr və magistr imtahanlarında tərkibinə görə təhlilə salınacaqsa, quruluşuna görə necə götürüləcək: sadə, yoxsa düzəltmə?
Düzəltmə söz götürüləcəksə, axı şəkilçi ərəb dilindən daxil olan "iyyat"dır və cəmlik bildirir...Layihədə həmçinin səmavi kitabların adları - Allah, Rəbb, Tanrı, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Qurani-kərim, Tövrat, Zəbur və s., planet adları, mifonimlər - Ay, Günəş, Ülkər; Afrodita, Herakl, Zevs və s. böyük hərflə verilir.
Guya Herakl nə vaxt kiçik yazılırdı ki? Və ya Ay və Günəş planet adı olaraq həmişə böyük yazılıb da.
Onsuz da əvvəlki lüğətlərdə "Allah" sözü böyük yazılırdı. İndi " Rəb" və "Tanrı" sözlərini böyük yazılarsa, problem yoxdur. Amma hansı kontekstdə işləməsi məsələsi var: bir var ad kimi, yəni Allah sözünə sinonim kimi, bir də var ümumi mənada... Bunlar mütləq fərqləndirilməlidir.
Dini kitabların adlarında dəyişikliklər isə hansı zərurətdən doğub, anlamıram. Məncə, gələn dəfə orfoqrafiya lüğəti belə başlamalıdır: "Bismillahir-rəhmanir-rəhim".))
Mürəkkəb adların yazılışında da hər dəfə gərəksiz dəyişiklik edilir. Təklif olunur ki, tərkibində şöbə, lisey, gimnaziya, vəqf, məktəb sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılsın. Məsələn, Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi və s.Bu gün dilin lüğət fonduna daxil olan və artıq əksəriyyəti ümumişlək sayılan yeni sözlərin - neologizmlərin yazılışı ilə bağlı xaotik vəziyyət var. Xeyli söz var ki, hətta lüğətə salınmayıb. Yaxşı olardı ki, dilçi alimlərimiz, Dilçilik İnstitutu həmin sözlərlə bağlı operativ qaydada reaksiya versin və və işləsinlər. Yoxsa 40 il dildə mövcud olan sözləri "çevir tatı, vur tatı" prinsipi ilə tez-tez dəyişib çaşqınlıq yaratmağın ziyandan başqa "faydası" yoxdur...
Qeyd: Yazı müəllifin feysbuk səhifəsində əldə edilib.
Qlobal.az