Səməd Vurğun yad olundu- AYB-də
Mart 30
15:50
2016
Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan” klubunda Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, AYB-nin sədri, Xalq Yazıçısı Anar Səməd Vurğunun bənzərsiz poeziyasından söhbət açıb. Vurğulayıb ki, bu il böyük şairin anadan olmasından 110, dünyasını dəyişməsindən isə 60 il vaxt ötür. Onun Azərbaycan şeirində özünəməxsus yeri olduğunu söyləyən natiq şairin ədəbiyyat tarixində qalması üçün təkcə "Azərbaycan” şeirinin kifayət etdiyini bildirib.
Tədbirdə AMEA-nın müxbir üzvi Nizami Cəfərov, Xalq şairləri Fikrət Qoca, Nəriman Həsənzadə və başqaları S.Vurğunun Azərbaycan ədəbiyyatında, elmində, ictimai-siyasi həyatında böyük rolu olduğunu söyləyiblər. Şairin yaradıcılığını Azərbaycan və dünya ədəbiyyatı tarixində gizli bir xəzinə adlandıran natiqlər vurğulayıblar ki, hələ çox-çox sonralar da tədqiqatçılar onun açılmayan poetik fikirlərini şərh edəcəklər.
Tədbirdə böyük şairin poeziyasından nümunələr və ona həsr olunmuş şeirlər səsləndirilib.
Sonda şairin ev-muzeyinin direktoru Nüşabə Vəkilova böyük şairin xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Qlobal.az