Səlim Müslümov 13 milyondan çox rüşvət alıb, 14 milyondan çox vəsait mənimsəyib
İyul 22
22:57
2022
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dövlətə nə qədər ziyan vurduğu məlum olub.
Səlim Müslümov dəymiş ziyanın 6 974 428 manatını ödəyib. İstintaq həmin ödənilən məbləğin Maliyyə Nazirliyinin müvafiq hesabına köçürülməsi barədə qərar qəbul edib. (Bizim.Media)
Qeyd edək ki, Səlim Müslümovun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Müslümov Səlim Yanvar oğlunun Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.
Toplanılmış materiallar əsasında başlanılmış cinayət işi üzrə Səlim Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib. Həmçinin, Səlim Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.
Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsindəki cinayət işi üzrə istintaq başa çatıb. Onun barəsindəki cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Artıq iş üzrə hakim də müəyyənləşib. Səlim Müslümovun cinayət dosyesi hakim Faiq Qəniyevin icraatına verilib.
İş üzrə zərərçəkən kimi Maliyyə Nazirliyi tanınıb. Səlim Müslümov 2021-ci ilin fevralında DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. Sabiq nazirə qarşı Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham irəli sürülüb və o, təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Səlim Müslümov verilən ittihamlar arasında ən ağır maddə rüşvət alma ilə bağlıdır. Cinayət Məcəlləsinin 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər fəslinə aid olan 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi üzrə isə ən yüksək cəza kimi 7 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Cinayət qanunvericiliyinə əsasən, cinayətlərin məcmusuna görə cəza təyin edilərkən qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Səlim Müslümovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbərlik etdiyi dövrdə nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.
"Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov "Yeni Müsavat”a deyib ki, Səlim Müslümovun 5 illik nazirliyi dövründə rəhbərlik etdiyi sahədəki korrupsiya bataqlığı aradan qalxmayıb, əksinə, heç vaxt olmadığı qədər genişlənib, şaxələnib: "İddialar var ki, onun dövründə qurulmuş mexanizm əsasında büdcədən çırpışdırılan məbləğ 2-2,5 milyard manata yaxın olub. Bu iddialar bu günə qədər təkzib olunmayıb. Səlim Müslümovun 2 milyarddan artıq məbləğdə büdcə vəsaitini mənimsəməsi çox ciddi ittihamdır. Hər kəs bilir ki, hər il ünvanlı sosial yardımlara 100 milyonlarla manat vəsait ayrılırdı. Həmin yardımların ünvana çatdırılmasını yoxlamaq kifayətdir ki, oğurluqların hansı səviyyədə olması üzə çıxsın. Sosial Müdafiə Fondunun büdcəsi bir neçə milyard manat təşkil edirdi. Əlilliyi olan şəxslərin reabilitasiyasına, internatlara, ahıllar evlərinə, işsizliyə görə müavinətlərə və sair məqsədlərə yönələn vəsaitləri də bura əlavə etməliyik. Yəni Müslümovun rəhbərlik etdiyi nazirliyin sərəncamında çox böyük həcmdə dövlət vəsaiti olub. 2 milyarddan artıq büdcə vəsaitlərinin ələ keçirilməsi ittihamına ən doğru qiyməti hüquq-mühafizə orqanları verə bilər. Bir nazirin təkbaşına elə böyük məbləği mənimsəməsi istisnadır.
Təkcə Sosial Müdafiə Fondu dövlətdən hər il 1,5 milyard manat dotasiya alıb. Bu məbləğ Səlim Müslümovun nazir olduğu 5 il ərzində büdcədən ödənilib.
Ümumilikdə 7 milyard 500 milyon manat büdcə pulunun xərclənməsi üzrə sənədlərdə Səlim Müslümovun möhürü, imzası var. Bu məbləğin hansı hissəsi təyinatı üzrə xərclənib, hansı hissəsi isə özününküləşdirilib bilinmir. Səlim Müslümova verilən ittihamlarla onun əməlinə adekvat cəzalandırılacağı indiki halda real görünmür. Azərbaycanın məhkəmə-hüquq sisteminin durumu belədir ki, Səlim Müslümova çıxarılacaq hökm formal ola bilər. Bu gün məhkəmələrdə çıxarılan hökmlərə, verilən qərarlara baxanda bunu aydın şəkildə sezmək olur. Bu baxımdan Səlim Müslümovun daha yüngül cəza ilə azad edilmə şansı böyükdür. Bu gün Səlim Müslümova qarşı kəskin münasibət yoxdur. Mətbuatda Səlim Müslümov külli miqdarda mənimsəmələrdə əlinin olması iddialarına rəğmən, biz ittihamlar sırasında Cinayət Məcəlləsinin 179-cu - külli miqdarda mənimsəmə maddəsini görmədik. Bu o deməkdir ki, Səlim Müslümov yüngül cəza ilə canını qurtara biləcək”.