SON XƏBƏR

Şeir oğrusu danışdı

Yanvar 29
21:04 2016
"Mən ustad ruhu qarşısında Məmməd Araz və Nüsrət Kəsəmənlidən üzr istəyəcəm”.
 
Bunu AzNews.az-a açıqlamasında Pünhanə Əliyeva "Mən varam” adlı kitabının ətrafında baş verən qalmaqala münasibətində deyib. Onun sözlərinə görə, sözügedən kitabda səhvlərin olduğunu bilib: "Səhvdir, səhvin cəzasını da çəkəcəyik. Daha bu ittihamlar nəyə lazım? Niyə insanlar narahatdır? Hərə ağlına gələni deyir. Hələ Məmməd Arazın ailəsindən kimsə mənə bununla bağlı heç nə deməyib. Rəşad Kəsəmənli ilə də üz-üzə gəlməmişik. Bu kimin səhvidir, nə məqsədlə edilib, mən bilmirəm”.
 
P.Əliyeva vurğulayıb ki, "Mən varam” adlı kitabda baş verənlərlə bağlı araşdırma aparıb: "Vəkil də tutmuşdum, dünəndən artıq hamısını geri çağırdım. Qarşı tərəf mətbuat konfransı keçirəcəyini deyib və məni də dəvət edəcəklər. Təbii ki, orada mən öz sözümü deyəcəm”.
 
"Siz doğrudanmı Nüsrət Kəsəmənlinin və Məmməd Arazın şeirlərini adınıza çıxmısınız” sualına şairənin cavabı belə oldu: "Deyirər ki, doğrudan da hər iki şairin şeirləri mənim kitabımda gedib. Kitab ortalıqdadır. İmza mənimdir. Kitabıma məsuliyyətsiz yanaşmışam, redaktora etibar edib inanmışam. Sadəcə, diqqətsizlik olub. Kitabın redaktoru, mətbəəsi var, amma hamı günahı məndə görür”.
 
Qeyd edək ki, Pünhanə Əliyeva Azərbaycanın görkəmli şairləri Məmməd Araz və Nüsrət Kəsəmənlinin şeirlərini öz adına çıxıb. Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli isə bununla bağlı lazımı tədbirlərin görüləcəyini açıqlayıb.
 
P.Əliyeva isə mətbuata açıqlamasında M.Araz və N.Kəsəmənlinin şeirlərini kitaba redaktor Nəcibə İlkin tərəfindən daxil edildiyini bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook