SON XƏBƏR

Şəhid anasından Məcnun Məmmədova çağırış

Aprel 18
10:51 2023
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri cənab Məcnun Məmmədova

Tovuz rayonu, Vahidli kənd sakini, Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı tərəfindən Müraciət


Hörmətli Məcnun müəllim!

Yeni təyin olunduğunuz vəzifə münasibətilə Sizi təbrik edirəm və inanıram ki, Sizin elmi potensialınız və təcrübəniz ölkəmizin kənd təsərrüfatının inkişafına çox böyük təkan verəcəkdir. Ümid edirəmki, Siz cənab prezidentimizin etimadını doğrultmaqla ölkədə ərzaq bolluğunun yaradılmasına yardımçı olacaqsınız. Rəhbərlik edəcəyiniz bu sahənin inkişafında Sizə uğurlar arzulayıram.

Hörmətli cənab nazir!

Yazıb nəzərinizə çatdırıram ki, Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi Nazirlər Kabinetinin 1994-cü il, 15 yanvar tarixli, 10 saylı qərarını tam əsassız sayır, Şəhid və Qarabağ veteranı ailəsinin haqqını tapdalayır. Belə ki, öz təhsil, təcrübəvə biliyi ilə seçilən, hətta Kənd Təsərrüfatı nazirliyinin əməkdaşlarına dərs keçən oğlum Həsənov Naməddin Tofiq oğlunu qəsdən, qanunsuz olaraq işdən azad edib, özləri də hazırda meydan sulayırlar.

Qeyd edim ki, ailə tərkibimiz altı nəfərdən ibarət olmaqla, ailədə üç azyaşlı uşaq və daimi müalicəyə ehtiyacı olan Şəhid və Qarabağ veteranı anası var. Artıq kommunal xərcləri ödəyə bilmirik, çünki ailədə işləyən tək oğlum Həsənov Naməddin idi, onu da 19 aydır ki, qanunsuz olaraq işdən azad edib, yerinə isə yetərincə təcrübəsi olmayan, vətən müharibəsində iştirak etməyən bir şəxsi təyin ediblər.

Qanunsuzluqların və özbaşınalıqların tuğyan etdiyi Aqrar Xidmətlər Agentliyində bizi eşidən yoxdur. Aqrar Xidmətlər Agentliyi nəinki mütəxəssisin, Şəhid və Qarabağ veteranı ailəsinin tələbini, hətta cənab prezidentin və Baş nazirin qərarlarını belə əhəmiyyətsiz hesab edir.

Ona görə Sizdən xahiş edirəm ki, Nazirlər Kabinetinin qərarını əldə rəhbər tutaraq oğlum Həsənov Naməddin Tofiq oğlunun yenidən öz vəzifəsinə bərpa olunmasında bizə yardımçı olasınız.

Çünki bunu bizdən hüquqi dövlətimiz, onun ali qanunları və cənab İlham Əliyevin apardığı uğurlu siyasət tələb edir.
                                                       
Həsənova Ceyran Məhəmməd qızı.
 
Tovuz rayonu, Vahidli kəndi.
 
Şəhid və Qarabağ veteranı anası.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook