Səfirliklər səhv düşəndə...
Noyabr 22
07:15
2015
Türkiyədə etiraz aksiyasına çıxan nümayişçilər İstanbuldakı Rusiya və Hollandiya konsulluqlarını səhv salıblar. Nəticədə onlar Rusiya konsulluğu əvəzinə Hollandiya konsulluğunun binasını yumurta atəşinə tutublar.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə məlumatı öz Twitter səhifəsində Niderlandın Türkiyədəki baş konsulu Robert Şuddebum paylaşıb.
"Qəzəbli türklərin bizim konsulluğu qonşuluğumuzdakı Rusiya konsulluğu ilə səhv salması halları tez-tez baş verir. Bu gün də belə oldu. Türklər rusların əvəzinə bizi yumurta atəşinə tutdu” - deyə R.Şuddebum noyabrın 21-də öz Twitter səhifəsində yazıb.
Rusiyanın Ankaradakı səfirliyinin mətbuat katibi İqor Mityakov fakta münasibət bildirərkən holland həmkarlarından üzr istəyib: "Mitinqçilər həmin gün Rusiya konsulluğunun da qarşısına gəlmişdi. Amma təəssüf ki, hollandların da bəxti gətirmədi”.
Bu cür problemin yaranmasına səbəb Rusiya və Niderland konsulluqlarının İstanbulda eyni küçədə yerləşməsidir. Digər səbəb isə Rusiya və Niderland bayraqlarının oxşarlığıdır. Bu iki dövlətin bayraqlarındakı yeganə fərq rənglərin ardıcıllığındadır.
İstanbuldakı aksiyaya gəlincə isə türk fəallar Rusiya aviasiyasının Suriyanın şimalında yaşayan türkmənlərin yaşayış məntəqələrini bombalamasına etiraz ediblər.



