SON XƏBƏR

"Səfərov qardaşları məhkəmə sədrinə deyirdilər ki, şirkət Ramiz Mehdiyevindir“- MƏHKƏMƏ İŞİ

Aprel 03
20:08 2021
Bakıda tikinti şirkətinin şəhid ailəsinin torpaq sahəsini zəbt etməsi barədə məlumat vermişdik. Şirkətin deputat və nazir müavini olan məmur qardaşlara məxsus olduğu bildirilir. Bu məlumatı dərc etdikdən sonra nazir müavinin əməlləri barədə redaksiyamıza maraqlı məlumatlar daxil olub.

Əvvəlcə şəhid ailəsinin başına gətirilən oyunu bir daha xatırladaq:

İllərdir davam edən məhkəmə çəkişmələrinə baxmayaraq, vətəndaş Yasin Rzayev pozulan hüquqlarını bərpa edə bilmir.

Rzayev Elxan Qəzənfər oğlu 1993- cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Səbail Rayon İcra Hakimiyyəti başçısının 28 iyul 1994-cü il tarixli sərəncamı ilə Səbail rayon Badamdar qəsəbəsində Tofiq Məmmədov küçəsi ilə Əziz Nəzərov küçəsinin kəsişməsində yerləşən torpaq sahəsi şəhidin ailə üzvlərinə verilib.

Şəhidin qardaşı Yasin Rzayev deyir ki, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ 27 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş çıxarışla qeydə alınıb.

Onlara məxsus torpaq sahəsi 2018-ci ildə zəbt edilib.

"Özünü pilot layihələrin icraçısı adlandıran "MVVL VERUS Praedium” MTK tərəfindən mənim razılığım və icazəm olmadan torpaq zəbt edilib. Dəfələrlə MTK-dan mənə məxsus torpaq sahəsindən çıxmağı tələb etsəm də heç bir nəticəsi yoxdur. Deyirlər ki, pilot layihəni icra edirik. Pilot layihələrin icrası zamanı icraçı tərəfindən mülkiyyətçinin əmlakının dəyəri tam həcmdə ödənilməlidir. Şirkətin qanunsuz əməlləri barədə hüquq mühafizə orqanlarına, məhkəmələrə şikayət etmişəm",- deyə vətəndaş bildirir.

Yasin Rzayev deyir ki, "MVVL VERUS Praedium” MTK-nın təsisçisi Mirzəyev Namiq Eyvaz oğlu göstərilir.

Vətəndaş qeyd edir ki, şirkət iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və onun Milli Məclisin deputatı olan qardaşı Nizami Səfərova məxsusdur.

Yasin Rzayev pozulan hüquqlarını bərpa etmək üçün Səbail Rayon Məhkəməsinə müraciət edib. 400 min manat maddi, 50 min manat isə mənəvi ziyan tələb edib.

İşin daha maraqlı tərəfi isə budur ki, vətəndaşla şirkət arasında çəkişmə davam edən ərəfədə Aydın Ağasiyev adlı şəxs həmin torpaq sahəsinin sahibi kimi qələmə verilib. Bu günə qədər həmin torpaq sahəsi üzrə heç bir iddia və tələbi olmadığı halda Aydın Ağasiyev tikinti başlayan ərəfədə torpağın sahibi olduğunu deyib.

Aydın Ağasiyev məhkəməyə müraciət edərək Yasin Rzayevə məxsus torpaq sahəsinə verilən çıxarışın ləğv edilməsi istəyib. Bu mübahisə başlayan ərəfədə tikinti şirkəti ərazini zəbt edib və öz fəaliyyətinə başlayıb.

Aydın Ağasiyevin müraciəti ilə Bakı İnzibati Məhkəməsi Yasin Rzayevə məxsus çıxarışın ləğv edilməsi ilə bağlı qətnamə qəbul edib.

Yasin Rzayev vəkili İntiqam Hacıyev vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsi müraciət edib. Məhkəmə bu qətnaməni qanunsuz hesab edərək ləğv edib. Ali Məhkəmə də qərarı qüvvədə saxlayıb, Yasin Rzayevin çıxarışı qanuni hesab edilib.

İndi isə Yasin Rzayev Aydın Ağasiyevin ona məxsus torpaq sahəsinə görə əldə etdiyi sənədlərin qanunsuz olması və bu əsasla ləğv edilməsi üçün məhkəməyə üz tutub. Hazırda bu iş üzrə məhkəmə çəkişməsi davam edir.

Qeyd edək ki, Yasin Rzayevin vəkili İntiqam Hacıyevin sorğusuna əsasən Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyindən bildirilib ki, Aydın Ağasiyevə məxsus olduğu deyilən torpaq sahəsi üçün qəsəbə nümayəndəliyi tərəfindən yerləşmə cizgisi tərtib edilməyib.

Nümayəndəlikdən o da bildirilib ki, torpaq sahəsi icra hakimiyyəti tərəfindən şəhid qardaşı Yasin Rzayevə ayrılıb.

Bu məlumatları dərc etdikdən sonra redaksiyamıza maraqlı məlumat daxil olub. Məlumatı verən mənbə isə Bakı İnzibati Məhkəməsinin hakimlərindən biridir.

Hakim bildirir ki, Səfərov qardaşları bu günə qədər müxtəlif yollarla məhkəməyə təsirlərini göstəriblər.
"Səfərov qardaşlarının Bakı İnzibati Məhkəməsinin sədri Araz Hüseynovla yaxın münasibətləri var. Səfərov qardaşları əvvəlki sədrin vaxtında da məhkəməyə təzyiq edə bilirdi. Həmişə də adı çəkilən "MVVL VERUS Praedium” MTK-nın Ramiz Mehdiyevin kurasiyasında olduğunu deyirdilər. Bununla da məhkəmə təzyiq altında saxlanılırdı.

Şirkətin Ramiz Mehdiyevə məxsus olub-olmadığını deyə bilmərəm, amma Səfərov qardaşları məhz bu adla sədrə müraciət edirdilər. Məhkəmədə bu şirkətin əleyhinə demək olar ki, qərar çıxarılmayıb".

Mənbə: Musavat.com
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook