Samir Şərifov: " ... vəziyyət kifayət qədər normaldır"
Mart 12
04:36
2020
Dünya bazarında neftin qiymətinin aşağı düşməsi, şübhəsiz, Azərbaycanın da gəlirlərinin azalmasına gətirib çıxarır.
APA xəbər verir ki, bu sözləri Maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirədə səsləndirib.
Nazir bildirib ki, cari il üçün təsdiq olunmuş dövlət büdcəsinə nəzər salındıqda büdcə gəlirlərinin əsas mənbəyinin vergi daxilolmaları, Dövlət Neft Şirkətinin və neft hasilatının pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən şirkətlərin vergi ödənişlərinin olduğunu görmək olar: "Dövlət Neft Şirkətinin gəlirlərinin formalaşmasında böyük hissəni daxili bazarda yaranan gəlirlər təşkil edir. Buna görə də neftin qiymətinin aşağı düşməsi buna təsir etmir. Neft hasilatının pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən şirkətlərin vergi ödənişlərinə gəlincə isə, əlbəttə ki, neftin qiyməti endiyinə görə, müvafiq olaraq onların vergi ödənişləri azala bilər. Lakin burada da vəziyyət kifayət qədər normaldır. Çünki bu gəlirlərin azalması dövlət büdcəsində proqnozlaşdırılan gəlirlərin 1-1,3 faizi səviyyəsindədir", - deyə Samir Şərifov vurğulayıb.



