SON XƏBƏR

Salyanda Əli bəy Hüseynzadəyə həsr olunmuş “İstiqlal aşiqi” adlı dəyirmi masa keçirilib

May 28
07:35 2018
Salyan rayon Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində Azərbaycan ədəbi, ictimai fikrinin görkəmli nümayəndəsi Əli bəy Hüseynzadəyə həsr olunmuş "İstiqlal aşiqi” adlı dəyirmi masa keçirilmişdir.

May ayının 25-də Əlibəy Hüseynzadə adına Salyan rayon Tarix Diyarşünaslıq Muzeyində Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin,  Azərbaycan Milli Kitabxanasının və Salyan rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində Azərbaycan ədəbi, ictimai fikrinin görkəmli nümayəndəsi Əli bəy Hüseynzadəyə həsr olunmuş "İstiqlal aşiqi” adlı dəyirmi masa keçirilmişdir.
     
Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin üzvü Nizami Cəfərov, Milli Məclisin deputatları Əliağa Hüseynov və Fəzail Ağamalı, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Azərbaycan İstiqlal Muzeyinin Elmi-kütləvi İşlər şöbəsinin müdiri Sədi Mirseyibli, "Ədəbiyyat” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Azər Turan və professor Rahim Hüseynov iştirak etmişdir. 
     
Tədbir iştirakçıları ilk öncə ictimai fikrin görkəmli nümayəndəsi, alim, yazıçı, publisist Əli bəy Hüseynzadənin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Sonra onlar rayon Dövlət Rəsm Qalereyasının gənc rəssamlarının sərgisi, həmçinin Əli bəy Hüseynzadə və Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları haqqında kitab sərgisi, eləcə də Əli bəy Hüseynzadənin Türkiyədən gətirilərək Azərbaycan İstiqlal Muzeyinə hədiyyə olunmuş şəxsi əşyalarının foto-sərgisi ilə tanış olmuşlar.
   
Tədbir Dövlət himninin ifa olunması ilə başlanılmışdır. Tədbiri giriş sözü ilə açan Salyan rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə tutduğu önəmli mövqeyindən danışmışdır. O vurğulamışdır ki, ölkəmiz XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra Azərbaycanın müasir bir dövlət kimi inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
   
Azərbaycan Milli kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə müstəsna əhəmiyyətindən danışmışdır. Natiq bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti gələcək müstəqil Azərbaycanın qurulması üçün bünövrə rolunu oynadı.
   
Mədəniyyət naziri Əbülfəs Qarayev müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması yolunda keçilən çətin, eləcə də şərəfli yoldan danışmışdır. O vurğulamışdır ki, Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Ölkəmiz 1991-ci ildə müstəqilliyinə qovuşaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz inkişaf yolunu seçdi. Bu yolda Ümummilli Lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi. Nazir Əli bəy Hüseynzadənin ölkəmizin fikir tarixində önəmli şəxsiyyətlərdən biri olduğunu vurğulayaraq qeyd etdi ki, Əli bəy Hüseynzadəyə məxsus əşyalar, sənədlər bir neçə il öncə qızının qərarı ilə Azərbaycana gətirilmişdir. Həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Əli bəyin qızı "Dostluq ordeni” ilə təltif edilmişdir.
   
Milli Məclisin deputatları Fəzail Ağamalı, Əliağa Hüseynov, professor Rahim Hüseynov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarmağa, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə nümayiş etdirdiyini vurğuladılar.
   
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov çıxışında Şərqin böyük elm xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin böyük ideoloqu Əli bəy Hüseynzadənin türkləşmə, islamlaşma, müasirləşmə kimi ideoloji triadanın müəllifi olduğunu vurğulamışdır. O, Əli bəy Hüseynzadənin nəinki Azərbaycanda, həmçinin bütün türk dünyasında tanındığını, onun irsinin bütün türkdilli ölkələrdə həvəslə öyrənildiyini xüsusilə vurğulayaraq bütöv türk dünyasının ideoloqu səviyyəsinə yüksəldiyini bildirmişdir.
   
"Ədəbiyyat” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Azər Turan Əli bəy Hüseynzadənin həyat və yaradıcılığından, mübarizə yolundan geniş danışmışdır.
   
Tədbirdə nazir Əbülfəs Qarayev Əlibəy Hüseynzadənin çəkdiyi rəsm əsərini Əlibəy Hüseynzadə adına Salyan rayon Tarix Diyarşünaslıq Muzeyinə verilməsi üçün Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmova təqdim etmişdir.Sonda Əli Bəy Hüseynzadəyə məxsus əşyaların və sənədlərin Türkiyədən Azərbaycana gətirilərək Azərbaycan İstiqlal muzeyinə verilməsində xüsusi xidmətlərinə görə mədəniyyət naziri Əbülfəs Qarayevə və Əli Bəy Hüseynzadə irsinin öyrənilməsinə və onun əsərlərinin nəşrinə verdiyi dəstəyə görə professor Rahim Hüseynova "Əli Bəy Hüseynzadə adına mükafat” təqdim olunmuşdur.

Qlobal.Az
 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook