SON XƏBƏR

"Sahibkarlığa Kömək Fondu adları açıqlamalıdır" - Rövşən Ağayev

İyun 08
17:44 2016
Rövşən Ağayev: «Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri də ictimaidir. Bu vəsaitləri alan subyektlərin adları açıqlanmalıdır»

"Sahibkarlığa Kömək Milli Fondu vəsait verdiyi subyektlərin adını açıqlamalıdır”. 

Arqument.Az xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev belə yazıb.

Ekspert fermerlərə verilən subsidiyalar və aztəminatlı ailələrə verilən sosial yardımlar üzrə adlı siyahıları xatırladaraq yazır ki, bu məlumatlar uzunmüddətli ictimai çəkişmə, qınaqdan sonra açıqlanıb: "Ictimai vəsaitlə həyata keçirilən heç bir layihənin dəyəri, satınalma şərtləri, ictimai vəsait hesabına verilən kreditlərin məbləği, krediti alan subyektlərin adı, ictimai vəsait hesabına verilən subsidiya və dövlət sosial yardımlarının məbləği, həmin vəsaitləri alan subyektlərin adı gizli saxlana, kommersiya sirri hesab edilə bilməz. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri də ictimaidir. Bu vəsaitləri alan subyektlərin adları açıqlanmalıdır. Layihələrin detallarını (məsələn, xərclərin strukturunu) ictimailəşdirmək tələb edilmir, bu, kommersiya sirri sayılır. Amma vəsaiti alan şəxsin (yaxud şirkətin) ismi, alınan məbləğ, yönəldilən layihənin adı və həyata keçiriləcək yer kommersiya sirri deyil. Ictimai nəzarət və monitorinq üçün bu məlumatlar çox mühümdür”.

Ekspert fondun bu ilin ilk rübü üzrə verdiyi kreditlərin strukturuna nəzər salaraq sahibkarlar arasında aparılan bölgüyə diqqət çəkib: "Verilən kreditlərin 93 faizi (36,9 milyon manat) kredit xətti açılan cəmi 2 faiz sahibkar (6 layihə) arasında bölüşdürülüb. Vəsaitlərin 7 faizi isə 98 faiz sahibkara (315 layihə) çatıb. Inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, böhranı yenməyin və dayanıqlı iqtisadi inkişafı təmin etməyin yolu kiçik və orta sahibkarlığın inkişafından keçir. Bizdə isə hökumət fondu əlindəki resursların 93 faizini iri sahibkarlara yönəldir. Bu vəziyyətə ictimai nəzarəti təmin etmək üçün sözügedən məlumatlar onlayn qaydada ictimailəşdirilməlidir”.

Transparency.az bildirir ki, Iqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun verdiyi son məlumata görə, bu il 1040-a yaxın sahibkara 56,8 milyon manat güzəştli kredit verilib (Transparency.az).
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook