SON XƏBƏR

Sahibkarların işi asanlaşacaq

Mart 10
20:29 2016
Tranzit Yükdaşımalar üzrə koordinasiya şurası yeni elektron portalın ilkin versiyasını istifadəyə verib.
 
Qlobal.az anspress-ə istinadən bildirir ki, artıq sahibkarlar və yükdaşıma şirkətləri bu saytdan istifadə edərək yükü necə göndərmək və neçə günə çatacağı barədə ilkin məlumatları əldə edə bilərlər. Eyni zamanda portalda məhsulların tonuna görə tariflərini öyrənmək və buna uyğun xərcləri hesablamaq da mümkündür. Gələcəkdə bu sayta yükdaşımalarda yaxından iştirak edən qonşu ölkələrin qoşulması da təklif olunur.
 
İqtisadiyyat nazirinin müavini Sahil Babayevin sözlərinə görə, 2016-cı ilin son iki ayında Azərbaycandan yük avtomobilləri ilə 1500-dən çox yük daşınıb. Bu da ötən ilin analojı dövrü ilə müqayisədə 8 faiz çoxdur. Gələcəkdə tranzit yükdaşımalara dair vahid tarifin müəyyən olunmasından sonra daşımaların daha da artacağı gözlənilir.
 
Artıq Gürcüstanla vahid tarif tətbiq etmək barədə ilkin razılıq əldə olunub. Həmçinin Azərbaycanın tranzit imkanlarından daha geniş və səmərəli istifadə edilməsi, tranzit yüklərin daşınması sahəsində vahid, çevik və şəffaf tarif siyasətinin həyata keçirilməsi, sərhədkeçmə prosedurların sadələşdirilməsi, bu sahədə fəaliyyət göstərən dövlət qurumları arasında əlaqələndirmə işlərinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası prezidentinin 21 oktyabr 2015-ci il tarixli Fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradıldığı bildirilib.
 
Koordinasiya Şurası tərəfindən "Tranzit yükdaşıma xidmətləri ilə bağlı tariflərin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi üzrə Qaydalar"ın layihəsi hazırlanmış və hökumətə təqdim edilmişdir. Daşımalar üzrə vahid prinsip və şərtləri müəyyənləşdirən bu qaydalar dəhliz boyu şəffaflığı və əlverişli daşıma imkanlarını təmin edəcəkdir.
 
"Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası prezidentinin 2015-ci il 21 oktyabr tarixli fərmanına uyğun olaraq, ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yükdaşımalarla bağlı müvafiq məlumatları, prosedurları və s. məsələləri özündə əks etdirən Koordinasiya Şurasının elektron portalı (www.transit.az) yaradılıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook