Sahib Alıyev ona qarşı təxribat törədildiyini deyir
Fevral 04
00:59
2020
Tərtərdən deputatlığa namizəd olan Sahib Alıyev ona qarşı təxribatçı hərəkətlər törədənləri ifşa edib. "Mən susduqca hansı mənəviyyatın, savadın, ağlın və psixologiyanın daşıyıcıları olduqları etdikləri hərəkətdən aydın sezilən bəzi namizədlər həddini aşır, seçicilərin əksəriyyətinin mənə olan rəğbətini və on illik fəaliyyətimlə bağlı heç bir əsaslı irad tuta bilməyəcəklərini görüb, şantaja, böhtana, təxribata əl atırlar”,- deyə o, feysbuk profilində yazıb.
Sahib Alıyev bildirib ki, artıq neçənci dəfədir, deputatlığa namizədlər Pənah Məmmədov, Ruxi Hüseynov, Şəhriyar Məmmədov, Ziya Mahmudov keçirdiyi görüşlərə vəkillərini, eyni zamanda, öyrədilmiş adamları göndərərək, kampaniya aparmağına mane olurlar: "Sonda adlarını çəkdiyim 3 nəfər hətta özləri də seçicilərlə görüşümə gəlib təxribat törətməyə cəhd ediblər ki, bu da etikadan uzaq olmaqla yanaşı, həm də kobud qanun pozuntusudur. Ziya Mahmudov 5-6 dəfədir bu cür yumşaq desək, həddini aşan hərəkətlərə yol verir. O, hər dəfə savadına və xarakterinə uyğun şəkildə müəyyən ittihamlar səsləndirir, səbrlə dinlənilib təmkinlə cavabı verildikdən sonra həmin videonun ancaq özü danışan hissəsini paylaşaraq, nəlbəkidə fırtına yaratmağa cəhd edir. Məsələn soruşur ki, niyə sən aprel döyüşlərində Tərtərdə olmamısan, amma filankəs olub. Mən deyəndə ki, böhtan atırsan, döyüş gedən günlər Tərtərdəydim və 100 metrliyimdə də mərmi partlayıb, həmin videonun cavab hissəsini kəsib, sual hissəsini yayır. Halbuki, mənim aprel döyüşləri zamanı burada olduğumu milyonlarla adam bilir, çünki cəbhədən birbaşa İTV-nin efirinə gedərək, Anar Yusifoğlunun verilişində Tərtərdə nələr baş verdiyini anlatmışam”.
Sahib Alıyev şəhid oğlu olan həmin şəxsin atasının ruhu qarşısında baş əydiyini deyərək, təəssüflə bildirib ki, onun özü hər vəchlə Tərtərdə seçki prosesinin gedişini pozmağa çalışan bəzi mafiozların əlində alətə çevirilib.
Deputatlığa namizəd bildirib ki, Tərtərdə Mədəniyyət Mərkəzində gənclərlə keçirdiyi görüşə gələnlərin də məqsədi bu idi: "O görüşdə sözü gedən şəxs yenə çılğınlıq edərək qarışıqlıq salmaq istədi, mən onu axıradək səbrlə dinləyib cavabını verdikdən sonra isə əlimi sıxıb getdi. Düşündüm, yəqin, səhvini anladı. Həm də anladı ki, qarşısındakını heç cür şantaj etmək mümkün deyil. Və mənim Tərtər camaatı qarşısında üzüm ağ, alınım açıqdır. Onlara ləyaqətlə xidmət etmişəm, əgər yenidən deputat seçəcəklərsə, indən sonra da o cür ləyaqətlə xidmət etməyə hazıram.
Bir sıra hallarda başında duranlarn xaricdəki bəlli çevrə və strukturlara xidmət edən o sayt və səhifələrin canfəşanlığına gəldikdə isə burada məqsəd birincisi, Azərbaycanda keçirilən parlament seçkisinin demokratikliyini şübhə altında qoymaqdır. Bunun ardından isə Dağlıq Qarabağdakı uydurma rejimin keçirilməsi planlaşdırılan qanunsuz seçkisinin "demokratikliyi”ndən dəm vurulacaq. Bunun nəyə görə lazım olduğu isə hər kəsə aydındır.



