SON XƏBƏR

Şagirdi döyən müəllimə prokurorluğa və nazirliyə çağırıldı

Yanvar 26
11:18 2016
Müzəffər Baxış: "Müəllim 300 manata qədər cərimə və ya 1 ilədək müddətə azadlıqdan məhrum edilə bilər”;
 
Məlahət Mürşüdlü: "Belə hallar müəllimə yaraşmayan cəza formalarıdır”
 
Bugünlərdə sosial şəbəkələrdə daha bir müəllimin şagirdi döyməklə dərs başa salması əks edilən video-görüntülər yayılıb. Videodagörünür ki, müəllim dərsini bilməyən qız uşağının başından vurur, daha sonra isə onu təhqir edir. Hadisə Xırdalan şəhərindəki 9 saylı məktəbdə baş verib. Olaya münasibət bildirən Təhsil Nazirliyi bununla bağlı araşdırma aparıldığını və araşdırmanın nəticəsinin yaxın zamanda ictimaiyyətə açıqlanacağını bildirib. Məsələdə adı keçən müəllimə isə dünən prokurorluğa və Təhsil Nazirliyinə çağırılıb. Bəs bu fakt hüququ baxımdan necə qiymətləndirilir və həmin müəllimə üçün hansı cəza nəzərdə tutula bilər?
 


Hüquqşünas Müzəffər Baxış uşağı döymənin, təhqir etmənin cinayət əməli olduğunu dedi: "Azərbaycanın konstitusiyasına və qanununa görə, heç kim heç kimi nə təhqir edə, nə də döyə bilər. Belə bir səlahiyyət heç valideynin özünə də verilmir. Amma konkret olaraq müəllim uşağı döyübsə, onun üçün həm Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində, həm də Azərbaycan Respublikasının Cinayət Məcəlləsində konkret məsuliyyət nəzərdə tutulub. Əgər döymə nəticəsində uşaq heç bir xəsarət almayıbsa, onun döyülməsi təsdiq olunursa, belə halda müəllimin əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38-1-ci maddəsi ilə tövsif olunmalıdır və həmin müəllim 500 manatdan min manata qədər cərimə və ya iki aya qədər inzibati qaydada həbs edilə bilər. Əgər müəllimin döyməsi nəticəsində uşaq yüngül xəsarət alıbsa, o zaman müəllimin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmalıdır. Belə halda müəllim 300 manata qədər cərimə və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər. Əgər uşağa az ağır xəsarət yetirilirsə, o zaman müəllimin əməli Azərbaycan Respublikasının 127.1-ci maddəsi ilə tövsif olunacaq və müəllim 2 ilədək azadlıqdan məhrumetmə cəzası ala bilər. Müəllimin uşağa yetirdiyi xəsarət ağır xəsarətlər dərəcəsinə aiddirsə, o zaman müəllimin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif oluna bilər və müəllim 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ala bilər”.
 
Hüquqşünas müəllimin şagirdi təhqir etməsinin də qanunla qadağan olduğunu və buna görə də cəza nəzərdə tutulduğunu dedi: "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Əgər təhqir kütləvi çıxışda, kütləvi əsərdə, kütləvi informasiya vasitələri ilə edilirsə, cinayət məsuliyyəti nəzərdə tutulur. Müəllim uşaqların içərisində çıxış edərək şagirdi təhqir edirsə, o zaman şagird özü, əgər yetkinlik yaşına çatmayıbsa, onun valideynləri Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 37.2-ci maddənin tələblərinə görə bu qəbildən olan cinayətlər xüsusi ittiham qaydası ilə təqib olunan cinayətlərdir. Yəni onlar məhkəməyə birbaşa müraciət etməlidirlər və müəllimin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etməlidirlər. Əgər şikayət verilmirsə, yəni əgər tərəflər barışırsa, onun icrasına xitam verilir. Amma Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128 və 127 -ci maddələrində nəzərdə tutulan əməllərdisə bunlar xüsusi ittiham qaydası ilə təqib olunan əməllərdir. Bunlara görə də 128 və 127-ci maddələrə görə, yəni yüngül və az ağır xəsarət yetirilibsə, bu ictimai xüsusi ittiham qaydası ilə təqib olunan cinayətlərdir. Əgər valideynlərin şikayəti olmasa, bu işlərə baxmayacaqlar. Yalnız burada Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.5-ci maddəsinə görə bu ictimai əhəmiyyət kəsb etdiyinə görə prokuror özü cinayət təqibinə başlaya bilər”.
 


Azad Müəllimlər Cəmiyyətinin sədri Məlahət Mürşüdlü bunların müəllimə yaraşmayan cəza metodları olduğunu bildirdi: "Müəllimin şagirdi təhqir etməsindən, döyməsindən, ümumiyyətlə, söhbət gedə bilməz. Şagirdə tətbiq edilən müxtəlif cəza formaları var. Bunlardan biri Pedaqoji Şuranın qərarı ilə bir neçə günlüyə uşağın məktəbdən uzaqlaşdırılması ola bilər. Ən çox sevdiyi dərsdən, məsələn, idman dərsindən bir neçə dərs azad edilə bilər. Töhmət, məktəb daxili qınaq verilə, xəbərdarlıq oluna bilər. Daha sonra valideynin iş yerinə yazmaqla uşaq cəzalandırıla bilər. Bunu valideyn əvvəldən bilməlidir. Sillə, şapalaq, təhqir cəza tədbiri deyil. Bunlar müəlliməyə yaraşmayan cəza formalarıdır. Bizim müəllimlər metodlarını, uşaqlara yanaşma şəkillərini dəyişməlidirlər. Bu cür davranışlar təhsil prosesində təlim zamanı demokratik, düzgün yanaşma deyil. Təhsildə müəllimlə şagirdin, valideynlə münasibətlərinin qurulmasında ifadə edilən yeni forma və üsul var. Müəllimlər yanaşmada bundan istifadə etsələr, özlərini dəyişdirsələr, sovetdən qalma prioritetlərdən əl çəksələr, bu münasibətlər, döymək, təhqir səviyyəsinə gəlib çatmaz”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook