Sabunçu sakinləri icra başçısından narazıdırlar: “Adambaşına 200-300 manat pul yığın” - VİDEO
Avqust 21
21:15
2017
Sabunçu rayon, Bakıxanov qəsəbəsi, Anaşkin küçəsi 7-9 ünvanında yaşayan sakinlər kommunal problemlərdən əziyyət çəkir. Məhəllənin əsas problemlərindən biri yol infrastrukturunun bərbad durumda olmasıdır.
Qlobal.az
Musavat.com-n müxbiri adıçəkilən ərazidə olub, sakinlərin gileyini dinləyib. Narazı sakinlər qəsəbənin abadlığı üçün ayrılan vəsaitin düzgün xərclənmədiyini, bu səbəbdən də məhəllənin baxımsız durumda qaldığını bildirdilər. Çəkiliş zamanı da evlərin zirzəmisinin rütubət içində olduğunun şahidi olduq. Divarların vurulan üzlüklər qopub-tökülür. Evlərin əksəriyyəti kürsüsüz olduğundan yağış və kanalizasiya suları otaqlara qədər çıxır. Məhəllə sakinləri problemlə bağlı dəfələrlə Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini bildirsələr də, müraciətlərinə baxan olmayıb. Yalnız 2013-cü ildə İcra Hakimiyyətindən məktuba müsbət cavab gəlsə də, hər hansı bir iş görülməyib. Asfaltlanma işləri pərakəndə aparılıb. Ara küçələrin bəzilərinə asfalt örtüyü çəkilsə də, bu məhəllə diqqətlərdən kənarda qalıb. Yağış yağan zaman məhəllədə dərin göl əmələ gətirir. Kanalizasiya xətləri dolur, sel suları evlərin zirzəmilərinə və həyətlərə dolur. Sakinlər öz vəsaitləri hesabına müvəqqəti olsa da, su motorları alıb, yaranan göl sularını çəkirlər.
Həmin ərazidə yaşayan hüquq müdafiəçisi Elşən Həsənov problemlə bağlı musavat.com-a danışıb. O, məhəllənin problemlərini sadalayıb və icra nümayəndələrinin vətəndaşlara yalan vədlər verərək aldatdıqlarını bildirib: "Bakıxanov ərazisində yerləşən bu məhəllə ən köhnə məhəllələrdən biridir. Bu məhəlləyə yalnız Sovet vaxtında işıq dirəkləri qoyulub, bir az əl gəzdirilib. Gördüyünüz kimi hələ də şalbanlar qalır. Elə o zamanda da bura baxımsız durumdadır. Küçəyə su, kanalizasiya və işıq xətlərini öz zəhmətimiz və vəsaitimiz hesabına çəkdirmişik. 2012-ci ildə ölkə başçısı Sabunçu ərazisinə gəlmişdi və rayonun abadlaşdırılması ilə bağlı sərəncam verdi. Həmin ərəfədə də Adil Vəliyev yeni icra başçısı gəldi. Kifayət qədər Sabunçu rayonuna vəsait ayrıldı. Lakin bu vəsaitdən bizim məhəllə kənarda qaldı, bir qəpik də xeyir görmədik. Hava limanı yolu, Pirşağı, Nardarana kimi bütün yollar düzəldilib, bizim məhəllənin yolundan başqa...
Baxmayaraq ki, icra hakimiyyətinə 40-a yaxın ailənin şikayəti olub, bir nəticə verməyib. Yollar bərbad durumda olduğundan uşaqlar nəqliyyatın intensiv hərəkət etdiyi yolda oynamağa məcbur qalırlar. Bu yollar isə təhlükəlidir və tez-tez qəzalar baş verir. Az miqdarda yağış yağanda sel suları evlərə dolur. Kanalizasiya xətləri olduğundan göl dizə qədər çıxır. Məhəllədə işıq yox idi. Xətt çəkib, lampa qoyduq ki, ətraf işıqlı olsun. İşıq idarəsindən gəlib, xətti ləğv etdilər. Adil Vəliyev mənə qəbula qadağa qoyub. Polis əməkdaşlarına tapşırıb ki, Elşən Həsənovu qətiyyən qəbul eləmə. Məni anladıq, bəs sakinləri niyə qəbul etmir?
İki öncə "Yeni Müsavat” qəzeti Zabrat qəsəbəsinin bir sıra problemləri ilə bağlı çəkiliş etdi. Orada piyadaların keçid problemi var idi. Nəhayət keçid də tikildi, Bakıxanovun heykəli də bərpa olundu. Bu işlərini alqışlayırıq, sağ olsunlar. Ancaq bu məhəllənin də problemi ilə maraqlansınlar. Lazım olan tədbirləri görsünlər. Mən utanıram hər dəfə xırda şeylərdən ötrü prezidentə müraciət eləməkdən, Prezident Adminstrasiyasına şikayət bildirməkdən. Belə olmaz ki...Ancaq icra hakimiyyətləri camaatı o yerə çatdırıblar ki, hər xırda şeylərdən ötrü yuxarı instansiyalara müraciət edirlər. İcra başçıları elə etməlidirlər ki, vətəndaşlar bu həddə çatmasın. Məhəllənin problemləri ilə bağlı 2013-cü ildə sakinlərlə imza toplayıb, Sabunçu Rayon İcra Hakimiyyətinə göndərdik. Həmin ilin sentyabr ayında məktuba cavab gəldi ki, sizin problemləriniz həll ediləcək. Lakin dörd ilə yaxındır ki, məhəlləyə nə icra hakimiyyəti, nə də MİS nümayəndəsi gəlməyib. Yalan vəd verib, başımızı belə aldatdılar”."Adambaşına 200-300 manat pul yığın”
Məhəllə sakinləri bildirdi ki, asfaltlanma işləri aparmaq üçün icra nümayəndələri onlara adambaşına 200-300 manatdan pul yığmağı təklif edib: "Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri dedilər ki, ya "Xətai” metrostansiyası yaxınlığındakı asfalt zavoduna, ya da Zabratdakı zavoda gedin. Bildirdilər ki, adambaşına 200-300 manatdan pul yığın, asfalt zavodu ilə danışın işinizi görün. Biz bunu da etdik. Asfalt zavodunda bizə dedilər ki, 2-3 ton asfaltla iş düzəlmir, buraya 30 ton lazımdır. Sakinlərdən bu qədər vəsaiti toplamaq mümkünsüz idi. Hesabladılar ki, ən azı 7-8 min manat vəsait lazımdır. İcra nümayəndələri bizi bu cür yola verdilər”.
Məsələyə aydınlıq gətirmək üçün Sabunçu Rayon İcra hakimiyyəti ilə əlaqə saxladıq. Özünü təqdim etməyən icra nümayəndəsi Sabunçu qəsəbəsində Anaşkin küçəsinin olmadığını bildirdi: "Bakıxanov qəsəbəsində, "Anaşkin” adlı küçə yoxdur. Sizi də tanımıram. Sağ olun”.