Sabiq hakimin dələduzluq işi – Pullar nazir müavinindədir
İyul 30
09:50
2021
İki nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən sabiq hakimin cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilir.
AzToday.az Musavat.com-a istinadla xəbər verir ki, uzun müddət Bakı Apelyasiya Məhkəməsinin və son olaraq Suraxanı rayon Məhkəməsinin hakimi olmuş Lətif Ədil oğlu Nəbiyev külli miqdarda dələduzluqda ittiham edilir.
Cinayət işi üzrə iki nəfər zərərçəkən şəxs qismində tanınıb.
L.Nəbiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) və 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə; Özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə) maddələri ilə ittiham edilir.
Sonuncu prosesdə Lətif Nəbiyevin qayınının oğlu Nizami Vəliyev məhkəmədə ifadə verib. O, Lətif Nəbiyevin xeyrinə ifadə vermək istəyən zaman yalan danışdığı üzə çıxıb. Prokuror şahidə doğru ifadə verməli olduğunu xatırladıb. Əks halda cinayət məsuliyyətinə cəlb ediləcəyi ilə bağlı xəbərdarlıq edib.
Zərərçəkmiş Azad Rəhimov bildirib ki, məhkəmədə Lətif Nəbiyevin qonşusu Tahir adlı şəxs də dindirilib: "Lətif Nəbiyevə 2000-ci ildə 13 min 400 dollar pul vermişdim. Guya Əhmədlidə mənə 7 sot torpaq almışdı. İndi orada özünə villa tikib. Sonra mənə 4 sot torpaq verdi. İstintaqda deyirdi ki, elə mənə 4 sot torpaq alıb. Amma məhkəmədə məlum oldu ki, 7 sot olub. Lətif indi deyir ki, guya mənim qalan 3 sotumu Tahir zəbt edib. Tahir isə deyir ki, Lətif özü zəbt edib. Bu epizodda da Lətifin yalan dediyi məlum olur”.
Geridə qalan məhkəmə iclasında Xətai Rayon Məhkəməsinin hakimi İsgəndər Qasımov da ifadə verib. Zərərçəkmiş Rüstəm Abdullayev bildirib ki, İsgəndər Qasımov ifadəsində Lətif Nəbiyevin ona borcu olduğunu təsdiq edib.
Bundan sonra Lətif Nəbiyev zərərçəkmiş Rüstəm Abdullayevə zərərin qarşılığında müəyyən avadanlıqlar təklif edib. Amma Rüstəm Abdullayev razılaşmayıb və pulunu tələb edib.
Məhkəmə araşdırması davam edir.
Qeyd edək ki, ötən məhkəmə iclaslarında L.Nəbiyev pulları indiki nazir müavinlərindən birinə verdiyini deyib.
Daha əvvəl günahını etiraf etməyən və özünü qətiyyən təqsirli bilməyən L.Nəbiyev həmin iclasda Azad İbrahimovdan alınan 250 min dollara yaxın pulu Rabitə və yüksək texnologiyalar nazirinin I müavin Əli Abdullayevə verdiyini deyib.
L.Nəbiyev qeyd edib ki, pulu verən zaman Əli Abdullayev Əmlak Məsələləri Dövlət Komitəsində çalışırmış.
Bildirək ki, L.Nəbiyev zərərçəkmiş Azad İbrahimovla qohumdur. L.Nəbiyev bu günə qədər iddia edir ki, Azad Ibrahimovdan pul almayıb.
Amma sonuncu məhkəmədə 75 min dolları sürücüsü vasitəsi ilə aldığını, qalan məbləğdən də xəbərinin olduğunu deyib. Bildirib ki, pulların hamısı o zaman yaxın münasibəti olduğu Əli Abdullayevə çatdırılıb.
L.Nəbiyev ondan tələb edilən pulların Əli Abdullayevdə olduğunu söyləyib.
Qeyd edək ki, 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə L.Nəbiyevin statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilməklə səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.
Açılan cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri olan Azad İbrahimova 247 min 500 dollar Rüstəm Abdullayevə isə 59 min 700 dollar zərər dəydiyi müəyyən edilib.
Lətif Nəbiyev Rüstəm Abdullayevdən iş qurmaq adı ilə pul alıb.
Digər zərərçəkmiş Azad İbrahimovla qohum olan Lətif Nəbiyev ondan 247 min 500 dolları Bakıda dəniz kənarında torpaq almaq məqsədi ilə alıb.
"Mən Türkiyədə olanda pul göndərdim ki, torpaq alsın. Buzovnada, Bilgəhdə dəniz kənarında torpaq alacaqdı. Lətif Nəbiyev qardaşımın bacanağıdır. Dəfələrlə onun özü ilə danışmışıq. Amma istintaqda deyir ki, guya pulu ona yox, rəhmətlik qardaşım Abbasa göndərmişəm. Amma yalan deyir. Aramızda telefon danışıqları var. Lətif mənə deyirdi ki, narahat olma”, – deyə Azad İbrahimov açıqlamasında bildirib.
Azad İbrahimov söyləyir ki, Lətif Nəbiyev ondan pul alanda Bakı Apelyasiya Məhkəməsində hakim olub. Daha sonra isə Suraxanı Rayon Məhkəməsinə hakim təyin olunub.
"Mənə deyirdi ki, həm də Şuşa şəhər Məhkəməsinin sədridir. Mən 2018-ci ildə şikayət etdim. 2020-ci ilin noyabr ayında isə cianyət işi açıldı”- deyə A.İbrahimov söyləyib.