SON XƏBƏR

Sabahdan Suriyada atəşkəs rejimi başlayır

Fevral 26
15:16 2016
Ərzaq qıtlığının olduğu şəhərlərə humanitar yardım göndərilir Suriya ilə bağlı atəşkəs reîjimi sabahdan tətbiq olunmağa başlayacaq.
 
Artıq ölkənin ayrı-ayrı şəhərlərinə humanitar yardımların çatdırılmasına başlanılıb. Lakin bu istiqamətdə də müəyyən çətinliklərin olduğu bildirilir. BBC-nin məlumatına görə, Deyr-əz-Zor şəhərinə BMT humanitar yardımının çatdırılmasında problemlər yaranıb.
 
BMT Ümumdünya Ərzaq proqramının rəsmisi Jan Eqeland bildirib ki, təyyarədən atılmış 21 ərzaq qutusundan 4-ü zədələnib, 7 qutu heç kimin nəzarət etmədiyi əraziyə düşüb, daha 10 qutu barədə məlumat yoxdur. Paraşütü açılmayan bir neçə ərzaq qutusu isə böyük sürətlə yerə dəyərək məhv olub. Eqelandın sözlərinə görə, BMT hazırda humanitar yardımın çatdırılması logistikasının hazırlanması üzərində işləyir. Təşkilat bir daha şəhərə havadan humanitar yardım etmək niyyətindədir.
 
Ümumdünya Ərzaq Proqramı təşkilatının mütəxəssisləri bundan əvvəl humanitar yüklərin Suriyaya hava yolu ilə çatdırılmasını istisna edirdilər. Bunu hava məkanından istifadə etmək üçün icazə almağın mümkün olmaması və yerdə işlərin təşkil edilməsinin mürəkkəbliyi ilə izah edirdilər.
 
Britaniya hökuməti də xəbərdarlıq etmişdi ki, yüklərin havadan atılması çox risklidir və yalnız bütün vasitələr tükəndikdən sonra son vasitə kimi nəzərdən keçirilə bilər. Lakin BMT-nin fövqəladə yardımlar üzrə əlaqələndiricisi Jan Eqeland ötən həftə bəyan etdi ki, bu strategiya Deyr əz-Zor şəhərinin ac qalan sakinlərini ərzaqla təmin etməyin yeganə yoludur. BMT-nin məlumatına görə, 480 minə qədər suriyalı mühasirə altında olan ərazilərdə qalmaqdadır. Ümumilikdə isə Suriyanın çətinliklə gedilə bilən bölgələrində təxminən 4 milyon insan yaşayır.
 
Xatırladaq ki, bir neçə gün əvvəl Suriyada atəşkəsin elan edilməsinə dair razılıq əldə olunub. Atəşkəslə bağlı Rusiya və ABŞ arasında saziş layihəsi imzalanıb. Suriya hökuməti və əsas müxalif qruplar ABŞ-Rusiya sülh planını qəbul edib və şənbə günündən atəşkəsə əməl olunmasına razılıq verib. Hökumətin bildirdiyinə görə, plana uyğun olaraq döyüşlər dayandırılacaq. Lakin müxalifət bildirib ki, atəşkəsi yalnız dinc sakinlərə qarşı mühasirə və hücumların dayandırılması şərtilə qəbul edir.
 
O da qeyd olunub ki, razılıq Suriyadakı iki böyük cihadçı qruplaşmaya – IŞID-ə və "Əl-Qaidə”nin bir qolu olan "Ən-Nüsra Cəbhəsi”nə aid edilməyəcək. Birləşmiş Ştatlar bəyan edib ki, Suriyada atəşkəs rejiminə dair sazişin pozulacağı təqdirdə Rusiyaya qarşı iqtisadi sanksiyalar sərtləşəcək.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook