Rövnəq Abdullayev Misirin baş naziri ilə görüşüb
Noyabr 10
15:40
2015
Misir Ərəb Respublikasında səfərdə olan SOCAR prezidenti Rövnəq Abdullayev Qahirədə ölkənin Baş naziri İsmayıl Şərif ilə görüş keçirib.
Qlobalinfo.az APA-ya istinadən xəbər verir ki, görüşdə Misirin EGPC (Egyptian General Petroleum Corporation) şirkətinin rəhbəri Mohammad el Masri və Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiri Şahin Abdullayev iştirak ediblər. Rövnəq Abdullayev SOCAR-ın Misirə xam neft təchizatı və EGPC şirkəti ilə mövcud əməkdaşlıq əlaqələrindən danışıb, SOCAR-ın Azərbaycanda və xaricdə həyata keçirdiyi layihələr barəsində məlumat verib. SOCAR prezidenti Misirdə əməkdaşlıq imkanları olduğu təqdirdə bu ölkədəki layihələrdə iştirak etməyə maraq göstərildiyini də ifadə edib.
Misir Ərəb Respublikasının baş naziri İsmayıl Şərif SOCAR-ın Misirdəki fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib, SOCAR ilə EGPC arasındakı əməkdaşlıq əlaqələrinin mövcud səviyyəsinin məmnunluq doğurduğunu söyləyib. Misirin neft-qaz sənayesində investisiya imkanlarının geniş olduğunu qeyd edən İ. Şərif SOCAR-ı bu imkanları dəyərləndirməyə dəvət edib və Misir dövlətinin SOCAR-ın bu ölkədəki işgüzar fəaliyyətini dəstəkləməyə hazır olduğunu vurğulayıb.