SON XƏBƏR

Rüstəm Xəlilovun fəaliyyəti araşdırıla bilər - Abadlıq və yol təmiri işlərində yeyinti...

Sentyabr 26
17:10 2024
Hacıqabul rayon İcra Hakimiyyətinin sabiq başçısı Rüstəm Xəlilovun 2023-cü ildəki fəaliyyəti araşdırıla bilər. 
 
Bu barədə Qlobal.az-ın mötəbər mənbədən əldə etdiyi məlumatda deyilir.
 
Məlumata görə 2023-cü il üzrə dövlət büdcəsindən Hacıqabul rayonuna abadlıq və yolların əsaslı təmiri işləri üçün ayrılan vəsaitlər səmərəli xərclənməyib. 
 
Hacıqabul rayonunda abadlıq işlərinin formal, bəzi küçələrdə isə asfaltlama işlərinin standartlara uyğun aparılmadığı bildirilir. 
 
Belə ki, şəhərin M.Cəfərov, A.Dadaşov, Ə.Əsədov, Ə.Həşimov, R.Baladov, S.Vurğun, P.Balabəyov, M.Şahbazov, N.Ağayev, N.Şirəliyev, Ə.Nağıyev, S.Qubadov, Şirvan və A.Bakıxanov küçələrində yenilənən asfalt örtüyünün mastikasının standartlara uyğun olmadığı, eyni zamanda yol aşırımlarının da təmir edilmədiyi məlumatda vurğulanır. 
 
Qeyd edək ki, bu küçələrdə asfaltlama işlərini görən təşkilatlardan biri - "MUĞAN-KİTT ŞİRKƏTİ" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2023-cü ilin noyabr ayında dövlət büdcəsindən 392.822 manat xərclənib. 
 
2023-cü ilin avqust ayında Hacıqabul şəhərinin yollarının təmiri üçün daha bir şirkətə  - "Aztimont" ASC-yə 485.841 manat vəsait ayrılıb. 
 
Hacıqabul şəhərinin küçələrində 2023-cü il ərzində ümumilikdə doqquz yüz min manata yaxın vəsaitin xərcləndiyi yol təmiri işlərinin keyfiyyətsiz aparılmasına səbəb kimi qırmadaş hazırlıq qatlarında standartların qorunmaması, coğrafi relyefin nəzərə alınmaması, yağış sularının ötürülməsi üçün drenaj sistemlərinin düzəldilməməsi göstərilir. 
 
2023-cü ildə Hacıqabul rayonunun abadlıq işlərinə isə 142 min manat xərclənib. Dövlət büdcəsindən ayrılan bu vəsait "VİKTORY CONSTRUCTİON GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinə köçürülüb. 
 
Qeyd edək ki, Rüstəm Xəlilov 2019-cu ildə Hacıqabul rayon icra hakimiyyətinə başçı təyin olunub.
 
O, 2024-cü ilin sentyabr ayının 18-də Salyan rayon İcra Hakimiyyətinə başçı təyin edilib. 
 
Cahandar Laçınlı
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook