SON XƏBƏR

Rusiyanın Ermənistana hərbi yük daşımasının qarşısını almaq olarmı? (EKSPERT)

Noyabr 19
13:58 2020
"Bu infrastruktur Azərbaycanın iqtisadiyyatı üçün sərfəlidir. Amma onun siyasi tərəflərini də Azərbaycan mümkün qədər çalışıb balanslaşdırmaqla, öz nəzarət monitorinqini gücləndirməklə hansısa digər mətnaltı məqsədlərlə istifadəsinə şərait yaratmamalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov Rusiyanın Yevlax- Ağdam-Xocalı-Xankəndi və Horadiz-Mahmudlu-Akara-Mincivan-Culfa dəmir yol xətlərindən istifadə etməklə hərbi və mülki yüklərini Ermənistana daşınmasından və bu yolun Azərbaycan iqtsadiyyatına əhəmiyyətindən danışarkən deyib. Onun sözlərinə görə, bu dəmir yolunun bərpasında Türkiyə də maraqlıdır:

"Hərbi məqsədlərlə istifadəni deyə bilmərəm, çünki dəmir yolu vasitəsi ilə daşınacaq hər bir yük həm də Azərbaycan ərazisindən keçəcək. Hərbi məqsədlərlə istifadə təbii ki, o qədər də asan olmayacaq. Bizim ərazimizdən keçən yüklərə Azərbaycan nəzarət etməklə Ermənistana hərbi yüklərin daşınmasının qarşısını ala bilər. Məsələ ondan ibarətdir ki, əslində bu, zamanında mövcud olan bir infrastruktur olub. Həmin infrastruktur Naxçıvana, ordan da İrana yükdaşımaların həyata keçirilməsində istifadə olunub. Naxçıvanla İran arasında da dəmir yolu bərpa olunub. Hətta indiki halda istifadə olunur. Yəni, yüklərin Naxçıvan üzərindən daha qısa məsafə ilə həm İrandan, həm Türkiyədən Azərbaycana çatdırılması, eyni zamanda əksinə bir olan proses olacaq”. 

Rəşad Həsənov burada Rusiyanın maraqlarının olduğunu qeyd edib:

"Rusiya Dağlıq Qarabağda növbəti 5 ildə həmin ərazilərdə sülhməramlı funksiyasını həyata keçirəcək. Bilirik ki, burada Rusiyanın mətnaltı məqsədləri nədən ibarətdir. Mümkün qədər çalışacaq ki, həmin ərazilərdə infrastruktur təkmilləşsin, yaşayış üçün əlverişli şərait yaransın. Və dolayısı ilə həmin ərazilərdə ermənilərin daha çox məskunlaşması üçün bir situasiya formalaşsın. Bu, eyni zamanda Azərbaycanın da maraqları ilə üst-üstə düşən layihədir. Böyük ehtimalla balanslaşmalar yaranacaq. İstəlinən halda Naxçıvan son 30 ildə ciddi əziyyət çəkib. Dəmir yolunun bərpa edilməsi yüklərin qısamüddətli və az xərclə Azərbaycanın Qərb bölgələrinə daşınmasına, bisnesin sürətli inteqrasiyasına, Naxçıvan iqtisadiyyatının dirçəlməsinə, eyni zamanda tranzit daşımalarda Naxçıvanın gəlirlərinin artmasına da əhəmiyyətli təsir göstərəcək”.

Rəşad Həsənov onu da əlavə edib ki, bu xətlə həmçinin Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsinə daha əlverişli şərait yaradılır:

"350-343 km. faktiki olaraq bu yol Bakı-Tiflis-Qars yolu ilə müqayisədə məsafənin qısalmasına gətirib çıxardacaq. Bu o deməkdir ki, daşınma xərcləri azalacaq. Biznesin xərclərinin azalması son nəticədə məhsulların maya dəyərinin aşağı düşməsinə gətirib çıxarda bilər”. 

Qeyd edək ki, Yevlax-Ağdam-Xocalı-Xankəndi və Horadiz-Mahmudlu-Akara-Mincivan-Culfa dəmir yol xətləri bərpa olunacaq. Məlumata görə, Rusiya bu yoldan hərbi və mülki yüklərini Ermənistana daşımaq, eyni zamanda Şimal-Qərb nəqliyyat dəhlizini yaratmaq üçün istifadə etmək istəyir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook