Rusiyanın ABŞ-a göndərdiyi tibbi ləvazimatlarla bağlı qalmaqal – Sanksiya qoyulan zavodda istehsal olunub
Aprel 04
09:42
2020
Rusiyanın gündəlik RBC biznes qəzetinin cümə günü verdiyi məlumata görə, yeni koronavirus xəstələrini müalicə etmək üçün Rusiyanın ABŞ-a göndərdiyi ventilyator cihazları ABŞ-ın sanksiyaları altında olan Rusiya şirkəti tərəfindən istehsal edilib.
Ventilyatorları daşıyan rus hərbi təyyarəsi çərşənbə günü Nyu-Yorka enib. Bu, ABŞ prezidenti Trampla Rusiya prezidenti Vladimir Putinin telefon danışığından sonraya təsadüf edib.
Rusiya dövlət televiziyası təyyarənin boşaldılmasının görüntülərini yayımlayıb. Nümayiş etdirilən videoda Moskvanın 1500 km şərqində, Çelyabinsk şəhərindəki Ural Alət Mühəndisliyi Zavodu (UPZ) tərəfindən istehsal olunan "Aventa-M" süni nəfəs cihazlarının qutularını görmək olub.
Ural Alət Mühəndisliyi Zavodu (UPZ) Rusiya dövlət konqlomeratı olan "Rostek”in Radio-Elektron Texnologiyaları (KRET) holdinqinin bir hissəsidir. KRET 2014-cü ilin iyul ayından bəri ABŞ-ın sanksiyaları altındadır və sanksiyalara əsasən heç bir ABŞ şirkəti və ya vətəndaşı bu şirkətlə iş görə bilməz. ABŞ Dövlət Departamenti çərşənbə günü verdiyi açıqlamasında ABŞ-ın Rusiyadan tibbi yardım almağa razılıq verdiyini bildirsə də, hansısa şirkət və sanksiyalarla bağlı heç bir söz deməyib.
"Keçmişdə də olduğu kimi, böhran zamanı hər iki ölkə bir-birlərinə humanitar yardım göstərir və şübhəsiz ki, gələcəkdə də bunu edəcək. Hamımızın həyatını təhdid edən ortaq bir düşməni aradan qaldırmaq üçün birlikdə işləməyin vaxtıdır", deyə, Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus bildirib.
Birləşmiş Ştatların Vaşinqtondakı rəsmiləri cümə günü bu barədə şərh verməyib. ABŞ-ın Moskvadakı səfirliyi isə Ortaqusun söylədiklərinə əlavə etməli bir şey olmadığını deyib.
Xatirladaq ki, ABŞ Rusiyaya 2014-cü ildə Krımı ilhaq etdiyinə və Ukraynanın şərqindəki rusiyapərəst separatçılara dəstək verdiyinə görə sanksiyalar tətbiq etməyə başlayıb.