SON XƏBƏR

RUHUN ŞAD OLSUN, BÖYÜK ZİYALI, BİZ ARTIQ ŞUŞADAYIQ!

Noyabr 17
19:50 2020
Yaxşı deyiblər ki, sevinc  də, kədər də insanı duyğulandırır. Belə anlarda insan, sanki şairləşir. El ədəbiyyatımızın bir çox inciləri—bayatılar, ağılar, sayaçı sözlər belə duyğusal insanların qəlbində misralaşıb.  Qarabağ itkisi də 30 ildən bəri xalqımızı ağrıdıb-göynətməklə çoxlarını şairə, ruh adamına döndərib. Onlardan biri də dəyərli ziyalımız Eldar Eloğlu idi. Eldar Eloğlu əslən gözəl Qarabağın tacı sayılan Şuşadan idi. Erməni işğaıçılarının Azərbaycan mədəniyyətinin bu nadir beşiyini qan çanağına, donuz oylağına çevirməsi Eldar müəllimin də könül dünyasını tar-mar etmişdi.  

Şüşa itkisinin ağrısını şeirlə ifadə etməyə çalışmış əzizimizin ən böyük arzusu beşiyinin yırğalandığı şəhərin azad edilməsi idi. Qəlbən buna inansa da, əfsuslar olsun ki, o günü görmək şairimizə nəsib olmadı. Şühbəsiz, Eldar Eloğlunun narahat ruhu nəhayət dinclik taparaq, bugünlərdə Şuşanın başı üstündə aşağıdakı misraları təntənə ılə səsləndirir. Sanki o, cəsur, müzəffər Azərbaycan Ordusunun qələbə qazandığı günü görürdü və yazdığı "Qarabağım, ağlama” şeirinin son misralarında olduğu kimi Vətən qalxdı son döyüşə, savaşa və Şuşanın işğaldan azad olunması Azərbaycanımızın qələbəsini təmin etdi. Eldar Eloğlu əmin idi ki, bizə ugursuzluq gətirən 8 rəqəmi elə 8 rəqəmi kimi də bizə xoşbəxtlik, bayram ovqatı yaşadacaq. 
 
 

Rahat yat, əziz insan! Könül dünyamızın simi olan Şuşa bizdə, biz isə Şuşadayıq! Agrılı-acılı şeirini oxuculara təqdim edirik.

QARABAĞIM, AĞLAMA

Ağrın alım, Qarabağım, ağlama, 
Göz yaşına, ayrılığa dözmürük.
Demə qaçdı arxamızca qarğama,
İllər ötür, niyə geri dönmürük?!
             
***

Ağrın alım, Qarabağım, ağlama, 
Bəlaların belimiz sındırır.
Üz döndərib umu-küsü saxlama,
Yaraların içimizi yandırır.
                 
*** 

Ağrın alım, Qarabağım, ağlama, 
Səsimizə hay verənim tapılmır.
Əsib-coşub, kükürəyib çağlama,
Millətimin bəxti donub, açılmır.
                
*** 

Ağrın alım, Qarabağım, ağlama, 
Cənnət varın nankorlara satılmaz.
Ürəkləri şan-şan edib dağlama,
Torpağımdan bircə qarış atılmaz.

***                 

Ağrın alım, Qarabağım, ağlama, 
Demə susub qeyrətimiz, oyanmaz.
Həsrət üzür, gəlirəm, döz, ağlama,
Yağı düşmən qarşımızda dayanmaz.
 
***                       

Ağrın alım, Qarabağım, ağlama, 
Vətən qalxır son döyüşə, savaşa.
Tələsirəm, səni basam bağrıma,
Canım cana, qanım qana qarışa.


EMİL NƏSİRLİ,

Tanınmış jurnalist,
Beynəlxalq Elmlər Akademiyasının Fəxri Akademiki




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook