Ruben Vardanyanın məhkəməsi sabah davam etdiriləcək
Fevral 09
10:49
2026
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi məhkəmənin növbəti iclasının vaxtı məlum olub.
Qeyd edək ki, məhkəmə prosesi dekabrın 30-da qeyri-müəyyən müddətədək təxirə salınıb. Buna səbəb həmin cinayət işi üzrə hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət məhkəmə heyətinin (ehtiyat hakim Günel Səmədova) digər iş (15 nəfər Ermənistan vətəndaşının barəsində cinayət işi) üzrə məhkəmə iclasında müşavirəyə getməsi göstərilib.
Beləliklə, R.Vardanyanın barəsində cinayət işi üzrə növbəti məhkəmə iclası məhkəmə heyəti müşavirədən qayıdandan sonra keçiriləcək.
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası fevralın 5-də davam etdirilib.
Ötən il yanvar ayının 17-də başlamış və bir ildən çoxdur davam edən məhkəmə prosesində təqsirləndirilən şəxslərin barəsində yekun məhkəmə qərarı (hökm) elan edilib.



