“RoyalBank”da 8,5 milyon manatlıq mənimsəmə olub - RƏSMİ
May 18
14:37
2020
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsinə müvafiq olaraq ölkə iqtisadiyyatının uğurlu inkişafının, qeyri-neft sektorunun davamlı və rəqabət qabiliyyətliliyinin, kiçik və orta biznesin stimullaşdırılmasının təmin edilməsi üçün dövlət büdcəsindən sahibkarlara güzəştli kreditlər verilməkdədir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, ləğv edilmiş "RoyalBank” ASC-nin Müşahidə şurasının sədri Əli Cam və onun oğlu, bankın kredit departamentinin direktoru, İdarə heyətinin sədr müavini və baş direktor vəzifələrində işləmiş Fuad Cam tərəfindən vətəndaşların adlarına saxta kredit müqavilələri rəsmiləşdirilməklə pul vəsaitlərinin talanması və digər xüsusatlar üzrə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq tamamlanıb.
Bundan başqa, Əli və Fuad Camın qanunsuz rəsmiləşdirdikləri iri məbləğli kreditlər üzrə ümumilikdə 7,3 milyon manat məbləğində pul vəsaitini Hindistan, Fransa və digər ölkələr olmaqla, cəmi 19 ölkədə yerləşən bank hesablarına və şirkətlərə köçürüb həqiqi mənbəyini gizlətməklə leqallaşdırmalarına şübhələr üçün əsaslar müəyyən edilmişdir.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Fuad Cam 24 iyun 2019-cu ildə Azərbaycan ərazisinə qayıdarkən tutulmuş, Əli Cam isə 6 iyul 2019-cu il tarixdə ölkəmizə ekstradisiya olunmuşdur. Həmin şəxslərə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 313 (vəzifə saxtakarlığı), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham elan edilib.



