SON XƏBƏR

Rəsul Quliyevin bağı Hacı Qalibdən rəsmən alındı

Oktyabr 01
08:54 2021
Eks-spikerin bağışladığı torpaq sahəsi Ağasif Şakiroğluna təhvil verildi

Sabunçu Rayon Məhkəməsində hakim Nilufər Cəfərlinin sədrliyi ilə Hacı Qalib Salahzadənin Ağasif Şakiroğluna qarşı iddiası üzrə məhkəmə prosesi yekunlaşıb. Hacı Qalib Salahzadə illərdir ki, Bilgəh qəsəbəsinin ayrı-ayrı ünvanlarında yerləşən bağ torpaq sahələrinin ona, ailə üzvlərinə məxsus olduğunu iddia edib məhkəmə davaları açır. Bir çox hallarda torpaq sahələrində digər vətəndaşlara məxsus evlər, tikililər olduğu halda həmin torpaq sahələrinin ona məxsus olduğunda israr edir. Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğluna eks-spiker Rəsul Quliyev tərəfindən bağışlanmış torpaq sahəsi üzrə də vəziyyət fərqli deyil.

Hacı Qalib Salahzadə iddia edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zağulba şosesi 2, 3 və 9 ünvanlarında yerləşən 72 sot torpaq sahəsi onundur. Ağasif Şakiroğlunun əlində isə həmin ünvanlara dair dövlət qurumlarından verilmiş və qüvvədə olan torpağın ona məxsus olmasını təsdiq edən şəhadətnamə var. 72 sot torpaq sahəsi üzərində 2 villa və digər tikililər, çoxillik ağaclar var. Hacı Qalib Salahzadə isə dövlət qurumlarından verilmiş sənədlərə əhəmiyyət vermir, Ağasif Şakiroğlu tərəfindən əmlak hüquqlarının pozulduğunu iddia edir. Pozulmuş hüquqlarının bərpa olunmasını, ərazidə şəxsi evlərinin olmasını iddia etməklə Sabunçu Rayon Məhkəməsinə müraciət edib və istifadəyə yaradılmış maneənin aradan qaldırılmasını istəyib.

Məhkəmə araşdırması zamanı aydın olub ki, həmin bağ sahəsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin 2010-cu ildə çıxardığı qərar var və həmin qərarda göstərilir ki, bağ torpaq sahəsi Hacı Qalib Salahzadənin deyil və o, ərazidən çıxmalıdır. Lakin həmin qərar 2021-ci ilin iyununa qədər icra olunmayıb.

Hacı Qalib Salahzadənin hazırki iddiası üzrə çıxarılan, elektron məhkəmə portalında  yer alan qətnamədən oxuyuruq: "İş materiallarında olan 29 iyun 2021-ci il tarixli aktdan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-879/2010 saylı, 17.03.2010-cu il tarixli icra sənədi üzrə borclu Salahzadə Qalib Aslan oğlu 29.06.2021-ci il tarixdə, saat 18:30 radələrində mübahisəli bağ sahəsinin açarlarını şöbəyə göndərmiş, mobil telefon əlaqəsi saxlayaraq bağ sahəsini könüllü təhvil verdiyini bildirmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə bağ sahəsinə gedilmiş, borclunun təqdim etdiyi açarlarla bağ sahəsinə daxil olunmuşdur. Bağ sahəsində yerləşən yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, evin tam boşaldılmadığı müəyyən edildikdən sonra borclu Qalib Salahzadə ilə əlaqə saxlanılmış, o, boşaldılmamış əmlakın uzun müddət istifadə olunmadığını və bəzilərinin yararsız olduğunu bildirmişdir”.

Göründüyü kimi, Hacı Qalib Salahzadə bağ torpaq sahəsini könüllü boşaldıb və açarlarını icraçılara verib. Bundan sonra bağ torpaq sahəsi Sabunçu Rayon İcra Şöbəsinin icraçıları tərəfindən Ağasif Şakiroğluna təhvil verilib. Sonuncu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Sabunçu Rayon Mühafizə İdarəsi ilə müqavilə bağlamaqla Bilgəh qəsəbəsi, Zaqulba şossesi 2, 3 və 9 ünvanlarında yerləşən "1926″, ”1927″, "1928″, ”1929″, "1931″ saylı bağ sahələrinin Xəzər rayon Mühafizə İdarəsi tərəfindən mühafizə olunmasını təmin edib. Sabunçu Rayon Məhkəməsində iddia üzrə araşdırma aparılarkən iş materiallarına əlavə edilmiş sənədlər sırasında Bilgəh qəsəbəsi, Zağulba şosesi 2, 3 və 9 ünvanlarında qeyd edilən ərazilər mülkiyyət hüquqi əsasında Qalib Aslan oğlu Salahzadəyə məxsus olması aşkar edilməyib. Məhkəmə belə qənaətə gəlib ki, Hacı Qalib Salahzadə və yaxınları – Xatirə Allahşükür qızı Salahzadə, Zenfira Hacıbala qızı Salahzadə və Kübra Mirəbdül Hüseyn qızı Camalova hüquqlarının pozulduğunu iddia etsələr də, məhkəməyə müraciət etməyə əsas verən hər hansı bir hüquqları yoxdur. Məhkəmənin təklifinə baxmayaraq, sözügedən hüququn təsdiqinə dair hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməyiblər.

Belə olan halda məhkəmə hesab edib ki, iddiaçı Qalib Aslan oğlu Salahzadə, Xatirə Allahşükür qızı Salahzadə, Zenfira Hacıbala qızı Salahzadə və Kübra Mirəbdül Hüseyn qızı Camalova adından məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbi təmin edilə bilməz.

Buna görə də iddiaçı Hacı Qalib Salahzadənin cavabdeh Ağasif Şakiroğluna qarşı mübahisə predmeti barədə müstəqil tələbi irəli sürməyən üçüncü şəxs Bakı şəhər Sabunçu Rayon İcra Şöbəsi cəlb edilməklə "maneənin aradan qaldırılması və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməyib.

Məsələ ilə bağlı cavabdeh Ağasif Şakiroğlunun mövqeyini öyrəndik. GAP sədri bildirdi ki, məhkəmə qətnaməsinin müzakirəsinin tərəfdarı deyil: "Biz bu məsələnin mətbuatda müzakirə edilməsini doğru hesab etmirik. Qayda var, qanun var. Azərbaycan hüquqi dövlətdir. Kimin haqlı, kimin haqsız olduğuna məhkəmə qərar verir. Məhkəmə qərarını da müzakirə etməyi doğru hesab etmirik. Məhkəmə qərarları müzakirə yox, icra edilə bilər yalnız. Bizim üçün bu mövzu bitib”.

musavat.com


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook