Rəsul Quliyev: “Tansu Çillər Azərbaycanda dövlət çevrilişi planlaşdırmışdı”
Dekabr 30
11:36
2015
"İran Azərbaycanın bir batalyonuna din üzərində qurulan təlimlər keçmək istəyirdi”
1995-ci il mart hadisələrindən 20 ildən çox vaxt ötsə də, həmin olaylarla bağlı qaranlıq məqamlar olduğundan müzakirələr də bitib-tükənmir. Xüsusilə də sözügüedən hadisələr zamanı "OMON”un komandiri olmuş, daxili işlər nazirinin o zamanki müavini Rövşən Cavadovun ölümünə dair müxtəlif söz-söhbətlər səsləndirilir. Sosial şəbəkələrdəki eks-hərbçiləri birləşdirən bəzi qruplarda bu mövzu üstündən 20 il keçəndən sonra da müzakirə olunur.
Bu müzakirələrdə isə "Mart hadisələri” zamanı Azərbaycan iqtidarının rəhbərlərindən biri olmuş, parlamentin eks-spikeri Rəsul Quliyev Rövşən Cavadovun ölümündə həmişə əsas günahkarlardan sayılır. Modern.az "Mart hadisələri”nin növbəti ildönümü olmasa da, bir daha bu mövzuya qayıdaraq, eks-spiker Rəsul Quliyevə bəzi suallar ünvanlayıb.
Onunla müsahibəni təqdim edirik.
- Əslində bu barədə bir neçə dəfə danışmısınız. Başqa bir məqama toxunmaq istəyirik. Bəzi çevrələr belə bir iddia irəli sürürlər ki, OMON-un keçmiş komandiri Rövşən Cavadovun öldürülməsində sizinlə Gəncənin keçmiş polis rəisi Natiq Əfəndiyevin birgə rolu olub. Biz bu iddialarla bağlı yeni informasiyalar almaq üçün sizə müraciət etdik...
- Mən artıq bir neçə dəfə 1995-ci ilin mart hadisələrinin gedişini danışmışam, əgər yenidən o məsələyə qayıdırsınızsa, bir daha izah edə bilərəm. Mart hadisələrinin yaranma səbəbləri, başlaması və final səhnəsinin ardıcıllıqla, saatbasaat necə inkişaf etdiyini mənim qədər dəqiqi bilən yoxdur. Bir çoxları, məsələn, güc nazirləri ancaq özlərinə aid olan epizodları bilə bilərlər, hər şeyi yox.
Mart hadisələri 1994-cü ilin sentyabrında imzalanan "Əsrin müqaviləsi”ndən narazı qalan Rusiyanın və Türkiyənin təşkil etdiyi dövlət çevrilişi cəhdləri idi.
- Siz yəqin ki, mart hadisələrindən qabaq, 1994-cü ilin oktyabr ayında Rövşən Cavadovun qardaşı Mahir Cavadov və onun dəstəsinin baş prokuror Əli Ömərovu girov götürməsi məsələsinə toxunmaq istəyirsiniz...
- Oktyabr hadisələri Rusiyanın əli ilə hazırlanmışdı. Rövşən Cavadov və onun komandasını isə türklər kənarlaşdırdı, çünki nəticədə rusların udacağından qorxdular.
1995-ci ildə isə Rövşən Cavadovun dövlət çevrilişi cəhdi birbaşa Türkiyənin o vaxtkı baş naziri Tansu Çillər və onun ətrafına toplaşan bir sıra korrupsiyaçı adamlar tərəfindən idarə edilirdi. Biz heç vaxt qarşıdurmanı qan tökməklə bitirmək istəmirdik.
Ona görə də bir neçə dəfə onun yanına elçilər göndərib silahı yerə qoymaq, qaldırdıqları məsələlərin müzakirə yolu ilə həllini təklif etdik. Ancaq başda Tansu Çillər olmaqla Cavadov qardaşları qələbə çalacaqlarına şübhə etmirdilər. Buna görə də təkliflərin hamısını rədd etdilər. Heç vaxt kiminsə Rövşən Cavadovu və ya bir başqasını qətlə yetirmək niyyəti olmayıb.
Həqiqətən Rövşən Cavadov təsadüfən onun arteriyasına dəyən güllənin verdiyi qanaxmadan keçinib.
- Mən bayaq Natiq Əfəndiyevin də adını çəkdim, amma cavabınızda onunla bağlı heç nə demədiniz. Səbəbi nədir?
- Natiq Əfəndiyevə gəldikdə, o, heç bir hərbi əməliyyatda iştirak etməyib. Ümumiyyətlə, bir çoxları kimi evində oturub, hadisələrin nə ilə qurtaracağını gözləyirdi. Ona görə "döyüşlərdə Naxçıvan batalyonu, yaxud Rövşən Cavadovun həlak edilməsində Natiq Əfəndiyev iştirak edib” kimi versiyalar mütləq yalandır.
- Siz özünüz Tansu Çillərlə görüşürdünüz?
- Tansu Çillər Azərbaycanda səfərdə olanda, əlbəttə, görüşmüşdüm, hər halda bir neçə dəfə müəyyən təntənələr və ya konfranslarda – həm Türkiyədə, həm də Azərbaycanda görüşmüşdüm. Diqqəti cəlb edən Türkiyə liderlərinin bir-birilərinə açıq nifrət etməkləri idi və o gözdən qaçmırdı. Məsələn, Çillərin prezident Süleyman Dəmirəldən zəhləsi gedirdi.
- Bu barədə az-çox məlumatımız var. Hətta onların arasında Azərbaycan məsələsinə görə də ciddi fikir ayrılığı yaranmışdı. İndi belə bir sual verək: Tansu Çillərlə görüşlərdə nədən söhbət edirdiniz?
- Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı və əsasən hərbi yardım məsələləri ətrafında söhbətlər edirdik.
- Bəs Azərbaycanda dövlət çevrilişi etmək planlarını quran Tansu Çilləri bu fikrindən, daşındırmaq üçün səy göstərmirdiniz?
- Tansu Çillərin bu işə rəhbərlik etməsindən ancaq 14 mart 1995-ci ildə xəbər tuta bilmişdik. Ona görə də artıq onunla bu barədə söhbət aparmaq mənasını itirmişdi. O, artıq Cavadovların qələbəsinə inanırdı və bu məsələni müzakirə etmək istəmirdi.
- Sizə elə gəlmir ki, Rövşən Cavadov Mahir Cavadova görə özünü proseslərin episentrinə gətirdi? Çünki 1994-cü ilin oktyabr hadisələrində Mahir Cavadov baş prokuror Əli Ömərovu girov götürmüşdü, mart hadisələri isə bayaq özünüzün dediyi kimi, bu həlqənin davamı idi...
- Rövşən Cavadov çox sadəlövh, bir qədər də fantaziyalarla yaşayan adam idi. Qardaşı Mahir Cavadov isə sözün əsl mənasında tam neqativ düşüncəli, özündənrazı birisi idi. O, Rövşən Cavadova kifayət qədər təsir göstərə bilirdi. Rövşən Cavadovun atdığı səhv addımların bəlkə də 80 faizinin müəllifi qardaşı idi. O, qardaşını Azərbaycan xalqının xilaskarı olduğuna inandıra bilmişdi. Ancaq əslində aşağı intellektuallı bu insanların özlərinin xilaskar olmaq şansları yox idi.
- İndi o vaxt siyasi proseslərin mərkəzində dayanan bəzi fiqurlar belə bir rəy formalaşdırmağa çalışırlar ki, 1994-1995-ci illərdə Rusiya, Türkiyə kəşfiyyatı Azərbaycanda iş aparırdılar. Bunu sorğulamaq niyyətində deyilik, amma o zamanlar İranın da Azərbaycanda maraqları var idi. Ona görə də sual yaranır: Bu qarşıdurmalar həm də İranla bağlı ola bilərdimi?
- İranın neft kontraktına qoşulmaq şansı sıfıra bərabər idi. Qərb şirkətlərinin birinci şərti bu idi ki, İranın bu müqavilədə iştirakı yolverilməzdir. Ona görə də İran hökumət dəyişməklə müqavilədə pay almaq şansının olmadığını bildiyindən bu prosesdə iştirak etmirdi. Ancaq başqa sahələrdə, məsələn hərbi sahədə əməkdaşlıq etmək istəyirdi.
- Bu hərbi əməkdaşlıq Rövşən Cavadova təsir etmək gücündə ola bilərdimi?
- Bunun Rövşən Cavadovla heç bir əlaqəsi yox idi. Türkiyə hərbçiləri bir neçə batalyonun hazırlanmasında Azərbaycana kömək edirdi. İran da heç olmazsa bir batalyona təlim keçmək istəyirdi, ancaq bu əməkdaşlıq uzun çəkmədi, çünki onların təlimi din üzərində qurulmuşdu.
- İddiaların birində Rövşən Cavadovun ağ bayraq qaldırandan sonra öldürüldüyü bildirilir. Qardaşı Mahir Cavadov da müsahibələrinin birində bu barədə danışıb. Düzdür, o deyib ki, qardaşı ağ bayrağı təslim olmaq üçün yox, danışıqlara getmək üçün qaldırıb. Hər halda, nəticədə ağ bayraq qaldırıbsa, onun öldürülməsi əlavə suallar yaradır. O anda Rövşən Cavadovun vurulması əmrini kim vermişdi?
- Rövşən Cavadov səhərə yaxın tam məğlub olduğunu anlayandan sonra Türkiyənin Azərbaycandakı səfiri Altan Karamanoğluna zəng edib. O, sülh yaratmaq üçün onlarla hökumət arasında vasitəçi olmağı xahiş edib. Karamanoğlu ona ağ bayraq qaldırmağı tapşırmışdı. Ancaq təəssüf ki, ağ bayraq qaldırmağına baxmayaraq onun adamları atəşi kəsməmişdilər. Cavadov əks tərəfin atəşi saxlayacağına inanaraq, fürsətdən istifadə edib döyüş zonasından yaxınları ilə qaçacağı planını qurmuşdu.
Elə buna görə də atışma səngiyən kimi o təpədən-dırnağa qədər silahlanan kiçik komandası ilə qaranlıqda qəfildən əsgərlərin qarşısında peyda olanda təbii ki, əsgərlər atəş açmışdı. Onlar qaçmaq istəyənlərin içərisində Rövşən Cvadovun olmağından və onu yaraladıqlarından belə, xəbər tutmamışdılar. Ona görə də "qəsdən onu öldürüblər” kimi rəvayətlərin fundamenti yoxdur. Rövşən Cavadovun həlak olmasının yeganə səbəbkarları onu bu işə təhrik edənlər və özüdür.